Mingəçevirdə
sahibkarlığın inkişafı üçün
böyük potensial var
"...Bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır".
İlham ƏLİYEV
Mingəçevir ölkənin böyük iqtisadi potensiala malik iri sənaye şəhərlərindəndir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Mingəçevirə aid bəndlərin uğurla icra edilməsi bu nur şəhərinin simasında əsaslı dəyişikliklər etmiş, burada yaşayanların həyat səviyyəsini daha da yaxşılaşdırmışdır. İri infrastruktur layihələrinin həyata keçirilməsi şəhərin su, təbii qaz, elektrik enerjisi təchizatında illərdən bəri yığılıb qalan problemləri aradan qaldırmış, sakinlərin məişət qayğılarını müqayisəedilməz dərəcədə yüngülləşdirmişdir.
Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev demişdir: "Əlbəttə, həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Çünki bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Ancaq hesab edirəm ki, yaxşıdır. Əgər belə olmasaydı, biz keçən il xaricdən doqquz milyard dollar sərmayəni qəbul etməzdik. Sahibkarlığın qarşısında duran əngəllər də növbəti illərdə aradan qaldırılmalıdır".
Mingəçevirdə sahibkarlığın inkişafı ilə bağlı ötən illər ərzində təqdirəlayiq işlər görülmüşdür. Dövlət proqramında bütün sahələri əhatə edən tədbirlərin icrası nəticəsində təkcə 2012-ci ildə Mingəçevirdə onlarla yeni istehsal sahələri yaranmış və ya fəaliyyəti bərpa edilmiş, ticarət və digər xidmət sahələrinin əhatəsi genişlənmiş, səviyyəsi yüksəlmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir ki, keçən il 1038 iş yeri açılmışdır. İş yerlərinin 121-i yeni yaradılmış müəssisələrin, 294-ü fəaliyyətini bərpa etmiş istehsal sahələrinin payına düşür.
Görülmüş işlərin təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi sahibkarlığın inkişafı Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin bu gün də əsas istiqaməti olaraq qalmaqdadır. Sahibkarlar sinfinin formalaşması üçün dövlətin hərtərəfli dəstək verməsi və lazımi kömək göstərməsi yerlərdə razılıqla qarşılanır, özəl sektorun inkişafı yolunda yeni imkanlar açır. Bu qayğının nəticəsidir ki, sadələşdirilmiş qeydiyyat prosedurlarından istifadə edən yerli sahibkarların sırası artmaqda davam edir. Ötən il ərzində şəhər sahibkarlarının sırasına 618 fiziki, 32 hüquqi şəxs qoşulmuşdur. Təkcə bir il ərzində sənayenin qeyri-dövlət sektorunda çalışan işçilərin sayı 15 faiz artmış, sahə üzrə 17 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Şəhərdə sahibkarlığa dəstək məqsədilə 11 bank filialı, 3 kredit təşkilatı fəaliyyət göstərir. Keçən il yerli iş adamlarına 24 milyon manat kredit verilmişdir. Son 10 ildə isə şəhər üzrə verilən, bütövlükdə sahibkarlığın inkişafına yönələn kreditlərin həcmi 101 milyon manatı ötüb keçmişdir.
Dövlət proqramına uyğun olaraq şəhərin ən iri sənaye müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasında mövcud 8 enerji bloku əsaslı şəkildə yenidən qurulmuş, onların hər birinin gücü orta hesabla 70-90 meqavat artırılmışdır. Hər birinin tutumu 20 min kubmetr olan 6 ədəd ehtiyat mazut çənlərinin tikintisi başa çatdırılmışdır. Müəssisədə il ərzində 8,1 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 29 faiz çoxdur.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov söhbət zamanı dedi:
- Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırlanıb həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının uğurlu icrası ölkənin bütün bölgələrində olduğu kimi, Mingəçevirdə də diqqət çəkən böyük yeniliklərə səbəb olmuşdur. "Ölkənin gələcək inkişafı sahibkarlığın uğurlu inkişafından asılı olacaqdır" - deyən dövlət başçısının bu sahədə həyata keçirdiyi müdrik və uzaqgörən siyasət Mingəçevirdə də öz bəhrələrini verməkdədir. Mingəçevirdə sahibkarlığın inkişafı ilə bağlı genişmiqyaslı və məqsədyönlü tədbirlər görülmüş, fərəhli nəticələr qazanılmışdır. Amma görüləsi işlər, həllini gözləyən problemlər də çoxdur. "Azneftmaş", "Mingəçevir izolit", "Mingəçevir maşınqayırma zavodu" açıq səhmdar cəmiyyətləri, "İnterenerji" və "Kür" elektron avadanlıqları məhdud məsuliyyətli müəssisələr məhsuldar və sabit iş rejimləri ilə şəhərin özəl sənaye həyatında mühüm rol oynayırlar. Mingəçevirin böyük sənaye potensialı var. Ancaq təəssüf ki, bu potensialdan hələ də tam gücü ilə istifadə olunmur. Bunun obyektiv səbəbləri var. Bir vaxtlar minlərlə şəhər sakininin işlədiyi "Texniki-Rezin", "Reqenerat", "Şüşə lifi", "Mingəçevir Toxucu" açıq səhmdar cəmiyyətləri uzun illərdir ki, fəaliyyətsizdir. Özəlləşməyə verilmiş bu müəssisələrin fəaliyyəti tam gücü ilə bərpa edilərsə, şəhərdə təxminən 5 minə yaxın yeni iş yeri açılar. Bu mövzuda İqtisadi İnkişaf Nazirliyi ilə danışıqlar aparılıb. Sahibkarların biznes maraqlarını artırmaq üçün özəlləşdirmə şərtlərini yeniləşdirmək, yaxud başqa zəruri tədbirlər görmək lazımdır. Adı çəkilən müəssisələrin fəaliyyətini bərpa edə bilsək, bu, şəhərin sosial-iqtisadi həyatında yaxşıya doğru çox böyük dəyişikliyə səbəb olar.
Bu günlər nur şəhərində tikinti-abadlıq, quruculuq işləri zərbəçi ahənglə davam etdirilir. Dövlət başçısının sərəncamı ilə ayrılmış vəsait nəzərdə tutulan abadlıq işlərinə yönəldilir. Şəhər sakinlərini narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə Mingəçevirin inkişafına hesablanan davamlı dövlət qayğısı əhalidə minnətdarlıq hissi doğurur, adamlarda yüksək əhval-ruhiyyə yaradır. Regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramına uyğun olaraq ötən il 140 min kvadratmetr sahəyə asfalt örtük salınmış, 8,4 kilometr uzunluğunda səki daşları düzülmüşdür. "Sahil" parkı yenidən qurulmuş, yeni bayraq meydanı inşa edilmiş, müxtəlif prospekt və küçələrə çox sayda yeni işıq dirəkləri quraşdırılmış, park və xiyabanlara 200-dən çox oturacaq qoyulmuş, 2 mindən çox bəzək ağacı və gül kolları əkilmişdir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhər rəhbərliyinin fəaliyyətinin mərkəzində insan amili dayanır. Şəhər icra hakimiyyətinə hər hansı problemlə əlaqədar üz tutan vətəndaşın razı qalması üçün zəruri tədbirlər görülür. Şəhər icra hakimiyyətində vətəndaşlar həftənin bütün günlərində qəbul edilirlər. İcra başçısı ötən il ərzində fərdi qaydada 970 nəfəri qəbul etmişdir. İl ərzində keçirilən 34 səyyar qəbulda isə 3957 nəfər iştirak etmişdir. Müraciətlərin böyük əksəriyyəti dam örtüklərinin təmiri, məhəllələrdə abadlıq işlərinin görülməsi, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi, su və kanalizasiya xətlərinin yenidən qurulması, istilik sisteminin bərpası, məcburi köçkünlər üçün tikilən binalardan mənzil veriliməsi və s. məsələlərlə bağlıdır. Böyük qismi təmin olunan müraciətlərin hər biri cavablandırılmışdır. Müraciəti obyektiv səbəblərdən təmin olunmayan vətəndaşlar da həssas münasibət, qayğı və diqqət qarşılığında narazı qalmamışlar.
Lazım QULİYEV,
Azərbaycan.-2013.- 22 fevral.- S.3.