Torpaq üzərində tarix yazılır
"Azərbaycan Respublikasi regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın başa çatmasına az qalır. Ölkəmizin hər yerində bu mühüm tərəqqi və quruculuq proqramının icrası üçün böyük işlər görülür. Bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə dövlət proqramı icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ətraflı danışılmışdır. Bəs dövlət proqramı Göygöl rayonunda necə icra olunur?
Bu rayon, dağların qoynunda səfalı bölgədə yerləşir. Görülən hər təzə iş, həyata keçirilən hər tədbir sanki onun hüsnünə yeni sığal çəkir. Dövlət proqramında rayon həyatının hər sahəsini əks etdirən çox dəyərli işlər nəzərdə tutulmuşdu. Hamısı da uğurla yerinə yetirilir.
Heç şübhəsiz ki, iqtisadiyyatın inkişafı ön plandadır. Bu barədə ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunarkən ətraflı danışılmışdır. İstər icra hakimiyyətinin başçısı Arif Seyidovun hesabat məruzəsində, istərsə də ayrı-ayrı çıxışlarda iqtisadiyyatın yüksəlişi, abadlıq-quruculuq sahəsində görülən işlər barədə və Nazirlər Kabinetinin toplantısındakı çıxışlarda dövlət başçısının irəli sürdüyü tövsiyə və tapşırıqlar haqqında geniş məlumat verildi. Qeyd olundu ki, il ərzində 143 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2008-ci ildə olduğundan təqribən üç dəfə çoxdur. Dövlət proqramının icrası ilə əlaqədar son doqquz il ərzində irili-xırdalı yüzlərlə müəssisə istifadəyə verilib, 7400 iş yeri açılıb. Rayonda il ərzində 1.6 milyon manatlıq məişət xidməti göstərilib, pullu xidmətlərin miqdarı 12 milyon manata çatıb.
Bir vaxtlar Göygöl rayonu üzümçülüyün və şərabçılığın məskəni kimi tanınırdı. Ötən əsrin doxsanıncı illərində üzüm bağları məhv edildi, şərabçılığın kökü kəsildi. İndi bu sahəyə münasibət bambaşqadır. Dövlət proqramında kənd təsərrüfatının digər sahələri ilə yanaşı, üzümçülüyün və şərabçılığın bərpa edilməsi bir vəzifə kimi irəli sürülmüşdür. Tapşırıq uğurla yerinə yetirilir. Hazırda rayon üzrə üzüm bağlarının sahəsi min hektara çatır və şərab zavodu yeni texnologiya ilə bərpa olunaraq ahəngdar fəaliyyət göstərir.
Dövlət proqramında sosial problemlərin həllinə, ilk öncə elektrik şəbəkəsinin və qaz təchizatı sisteminin yenidən qurulmasının vacibliyinə xüsusi diqqət yetirildi. İndi işıq və qaz xətləri ən ucqar kəndləri belə bürüyüb. 35/10 kilovatlıq Göygöl iki yarımstansiyası yenidən qurulub. Toğanalı kəndi ərazisində 35/10 kilovatlıq yarımstansiya tikilib.
Günün tələblərinə uyğun olaraq rayonda yol təsərrüfatına xüsusi fikir verilir. Çaykənddən keçən Kürəkçay üzərindəki körpü bərpa edilib, Zurnabad-Tülallar, Köşkü, Topalhəsənli, Lüləli yolları sahmana salınıb. Mollacəlili avtomobil yolu əsaslı surətdə təmir olunub, Hacıkənd yolunun xeyli hissəsi genişləndirilib, Bakı-Qazax magistralının Göygöl ərazisindən keçən 36 kilometrlik hissəsinin tikintisi davam edir.
Dövlət proqramının tələbinə uyğun olaraq son illərdə 16 kənddə, o cümlədən Quşqarada, Qızılcada və Firuzabadda yeni yaraşıqlı məktəb binaları inşa olunub. Beş məktəbdə əlavə sinif otaqları tikilib, 19 məktəb binası, dörd uşaq bağçası əsaslı təmir edilib.
Zurnabad Göygöl rayonunun ən iri, ən qədim kəndlərindən biridir. Səfalı bir guşədə, Gəncə çayının sahilində yerləşir. Böyük kənddir. Min nəfərdən çox əhalisi var. Milli üslubda salınmış kəndin özü, ilk öncə isə XII əsrin yadigarı olan Zurnabad abidəsi keçən keçmişlərdən xəbər verir. 1928-ci ildə burada "Zurqes" elektrik stansiyası tikilmişdi. O vaxtı adı dillərdə gəzən "Zurqes" ətraf bölgələri işıqla, elektrik enerjisi ilə təmin edirdi. Kənd məktəbinin də yaşı çox idi. Lakin uzun illər baxımsızlıq üzündən yararsız hala düşmüşdü. Ona görə də qəza vəziyyətindəki məktəb binalarının yenidən qurulması barədə ölkə rəhbəri İlham Əliyevin sərəncamı ilə Zurnabad kəndi üçün də hər şəraiti olan məktəb binası inşa olunub. Müasir üslubda istilik sistemi qurulub. İşıqlı-yaraşıqlı on yeddi otağı var. Kitabxana, kompüter mərkəzi, kimya və fizika laboratoriyaları, idman zalı, müasir avadanlıqla təchiz olunub.
Dövlət proqramının ən önəmli tələblərindən biri də şəhərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlıdır. Bu mühüm iş həmişə ön plandadır. Göygölün mərkəzində kanalizasiya xəttin çəkilişi davam edir. Kürək çaydan 25 kilometr magistral su kəməri çəkilişi başa çatdıqda şəhərin içməli su məsələsi tamamilə həll olunacaqdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı"nda meliorasiya və suvarma proqramlarının yerinə yetirilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədilə dövlət büdcəsindən vəsaitin ayrılması, kənd təsərrüfatının intensiv inkişaf etdirilməsi, məhsuldarlığın artırılması ilə yanaşı, əkin sahələrinin genişləndirilməsi və torpağın hər qarışından səmərəli istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi bir vəzifə kimi irəli sürülmüşdü.
Bu mühüm tədbirlərin uğurla yerinə yetirilməsi üçün Gəncə çayındakı baş hidroqurğuda və Ərəbli kanalında geniş miqyaslı təmir-bərpa işləri görülmüşdür. Ərəbli və Xan arxlarında 450 metr məsafə betonlaşdırılmışdır. İnvestisiya vəsaitləri hesabına Göygöl şəhərində və Bəhrəmbəy kəndində subartezian quyuları bərpa olunmuş, Topalhəsənli kəndində nasos stansiyası əsaslı təmir edilmişdir. Ərəbli kanalı altında yerləşən əkin sahələrinin suvarılması üçün 4 kilometr uzunluğunda yeni arx çəkilmişdir. Bundan əlavə, qapalı boru şəbəkəsinin 6 kilometr hissəsində təmir-bərpa işləri aparılmış, illər boyu yararsız hala düşmüş kanal və arxlar lildən təmizlənmişdir. Müxtəlif səbəblər üzündən istifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində də xeyli işlər görülmüşdür.
Gəncəbasar bölgəsində suvarma sistemi yeni mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırığı ilə Şəmkir dəryaçası da inşa edilir. Layihəyə uyğun olaraq Göygöl rayonuna da kanal çəkilir. Bunun sayəsində azı 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılacaqdır.
Rayonda sosial problemlər uğurla həll olunur. Dörd hektarlıq sahədə 180 çarpayılıq xəstəxana binası inşa olunub. Burada əsas korpusla yanaşı poliklinika, inzibati bina, uşaq - qadın məsləhətxanası, infeksion, patalojianatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir. Xəstəxana ən müasir avadanlıqla təchiz olunub. Xəstələrin müayinəsi və müalicəsi üçün hər şərait yaradılıb. Burada ətraf rayonlardan gələnlərə də müasir səviyyədə tibbi xidmət göstərilir.
Rabitə xidmətini günün tələbləri səviyyəsinə
qaldırmaq üçün dövlət
proqramına uyğun olaraq
bir sıra yaşayış məntəqələrində,
eləcə də Aşıqlı və Şəhriyar kəndlərində
elektron tipli telefon stansiyaları istifadəyə verilib. Yeni Qızılca kəndində
mövcud olan elektron ATS-in tutumu xeyli artırılıb. Yeni Qızılca, Bəhrəmbəy,
Haçaqaya və Sərkərli kəndlərinin
elektron tipli telefonlaşdırılması işinə
hazırlıq gedir.
İqtisadiyyat yüksəldikcə gəlir,
qazanc da artır. Yeni küçələr, yaşayış məhəllələri
salınır. Təzə sahələrdə
kommunal-məişət problemləri
həll edilir. Ötən il rayonda 58 milyon manat kapitala investisiya qoyulub. Bu hesaba iri həcmli abadlıq-quruculuq
işləri aparılır,
ictimai binalar, sosial obyektlər, fərdi evlər tikilir. Rayon mərkəzindən
Hacıkənd səmtinə
qalxan yolun hər iki tərəfində
müasir görkəmli
obyektlər cərgələnir.
Müharibə əlilləri
və şəhid ailələri üçün
36 mənzilli yaşayış
evi, milli təhlükəsizlik nazirliyinin
rayon şöbəsi üçün
inzibati bina, Olimpiya idman kompleksi, Heydər Əliyev mərkəzi tikilir, gənclər sarayı ucaldılır. Həmin obyektlərin yerləşdiyi
geniş sahədə
istirahət parkının
yaradılmasına başlanılıb.
Ən baxımlı sahədə,
əfsanəvi Göygöl-Hacıkənd
yaylağının yolu
üstündə, hündür
təpənin başında
isə bayraq meydanı yaradılır,
yanında da möhtəşəm dövlət
gerbi, istiqlal-azadlıq
muzeyi. Bu, bölgədə ən maraqlı, ən məzmunlu komplekslərdən
biri olacaqdır.
Bu yerlərə səfəri
zamanı görülən
işlərlə tanış
olan dövlət başçısı İlham
Əliyev demişdir:
"Bütövlükdə Göygöl rayonunun inkişafı son illər
uğurla gedir, yaxşı işlər görülür.
Müəssisələr tikilir, şəhər
abadlaşır. Rayonda quruculuq
işləri aparılır.
Parklar salınır, insanların
yaşaması, istirahəti,
işləməsi üçün
bütün şərait
var".
Toplantıda Milli Məclisin
deputatı Rövşən
Rzayev və Prezident Adminstrasiyasının
məsul işçisi
Rüfət Əliyev
çıxış etmişlər.
Əhməd İSAYEV,
Azərbaycan.-2013.- 22 fevral.- S.3.