Azərbaycan və ingilis
dillərində hazırlanmış yeni kitablarda
qaçqın və məcburi
köçkünlər haqqında geniş məlumatlar yer
almışdır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış "Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)" kitabı nəfis tərtibatla Azərbaycan və ingilis dillərində çap edilmişdir.
AzərTAc xəbər verir ki, kitabdakı bölmələrdə Azərbaycan ərazilərinin işğal tarixi, qaçqınlar və məcburi köçkünlər probleminin yaratdığı humanitar çətinliklər, onların müvəqqəti məskunlaşma yerləri, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Qaçqınkomun, beynəlxalq donorların qaçqınlara və məcburi köçkünlərə qayğısından geniş söhbət açılır.
Kitabda, həmçinin Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin işğalı nəticəsində Azərbaycanda yaranmış bir milyona yaxın qaçqın və məcburi köçkünlərə olan müntəzəm dövlət qayğısı nəticəsində, onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər, mövcud ehtiyaclar və s. barədə də məlumatlar əks olunmuşdur.
İki min nüsxə tirajla buraxılmış kitab, həmçinin "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən Türkiyədə eyni tirajla nəşr olunaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.
BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in Minsk Konfransının qətnamələrinin yer aldığı kitabın aidiyyəti dövlət orqanlarına, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatlara paylanılması nəzərdə tutulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ölkəmizdə və xaricdə müntəzəm olaraq beynəlxalq tədbirlər təşkil olunur. Bu tədbirlərin iştirakçılarına paylanmaq üçün nəzərdə tutulan yeni nəşr Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, nəticələri barədə dəyərli mənbədir.
Qeyd edək ki, təkcə 2004-2012-ci illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatların nümayəndələri ilə 500-dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkədə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 250-dən çox səfəri təşkil edilmişdir.
Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi tərəfindən bu nəşrlərdən
əlavə Dağlıq Qarabağ münaqişəsi nəticəsində
öz yurdlarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərin
sosial vəziyyətinə həsr olunmuş 52 dəqiqəlik
"Vətən həsrəti və sönməyən
ümidlər" filmi çəkilmiş, dövlət
başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti
dövründə görülmüş tədbirləri əhatə
edən 10 dəqiqəlik film, həmçinin 7 dildə 10 dəqiqəlik
qısametrajlı film hazırlanmış, komitənin 2 dildə
vebsaytı istifadəyə verilmişdir.
Azərbaycan.-2013.- 22 fevral.- S.5.