Küveytdə Azərbaycan mədəniyyəti günləri davam edir

 

Küveytdə Azərbaycan mədəniyyəti günləri davam edir. Fevralın 20-də Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mədəniyyət günləri çərçivəsində Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha ilə görüşmüşdür.

Azərbaycanın Küveytdəki səfirliyindən və Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, qonaqları salamlayan baş katib ölkəmizin zəngin və çoxəsrlik mədəniyyətə malik olduğunu söyləmişdir. O,  Azərbaycanın böyük nümayəndə heyəti ilə Küveytdə mədəniyyət günləri keçirməsini dost ölkələrimiz arasında münasibətlərə yeni töhfələr verəcəyini bildirmişdir. O, bu tədbirlərin Küveytin milli bayramı günlərinə təsadüf etməsini isə xoş hadisə adlandırmışdır.

Nazir müavini Ədalət Vəliyev təşkil olunan mədəni tədbirlərin xalqlarımızı daha da yaxınlaşdıracağına əminliyini bildirərək dost ölkənin incəsənət ustalarını ölkəmizdə keçirilən tədbirlərdə iştiraka dəvət etmişdir.

Görüşdə Küveytdə musiqi təhsilinin inkişafına köməklik göstərilməsi, azərbaycanlı mütəxəssislərin bu işə cəlb olunması, uşaqlardan ibarət simfonik orkestrin yaradılmasına yardım etmək və digər mövzularda müzakirələr aparılmışdır.

Nazir müavini Ədalət Vəliyev Küveyt parlamentinin insan hüquqları üzrə komissiyasının sədri, parlamentin xarici ölkələrlə dostluq qrupları üzrə sədr müavini, Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Mübarək Əl-Nəcədə ilə görüşmüşdür.

Azərbaycan mədəniyyətinə böyük məhəbbət bəslədiyini deyən deputat M. Əl-Nəcədə iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin sürətlə inkişafı üçün Küveyt parlamenti çərçivəsində də əlindən gələni edəcəyini bildirmişdir.

Fevralın 20-də Əl-Küveyt şəhərinin Dövlət Milli Muzeyinin konsert salonunda Azərbaycan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi keçirilmişdir.

Təntənəli mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, füsunkar təbiəti və geniş turizm imkanları, Şərq və Qərb nümunələrini özündə təcəssüm etdirən memarlıq abidələri, ölkəmizdə son illər ərzində keçirilən beynəlxalq mədəniyyət tədbirləri haqqında ətraflı məlumat vermişdir. O, ölkələrimizin birgə əməkdaşlıq komissiyasının bu il fevralın 14-də keçirilmiş ikinci iclasında tərəflər arasında imzalanan "Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in iki dost dövlətin mövcud mədəni əlaqələrinin sürətli inkişafına və genişləndirilməsinə böyük töhfə verəcəyini bildirmişdir.

Daha sonra Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında  Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Fikrət Əmirov və Vasif Adıgözəlovun əsərlərindən ibarət konsert proqramı çoxsaylı tamaşaçıların diqqətinə təqdim olunmuşdur.

Tamaşaçıların arasında Küveyt Dövlətinin informasiya naziri Şeyx Salman Əl-Hamad Əs-Sabah, gənclərlə üzrə dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabah, parlamentin insan hüquqları komissiyasının sədri və parlamentin xarici ölkələrlə dostluq qrupları üzrə sədr müavini Mübarək Saleh Əl-Nəcədə, Mədəniyyət və Ədəbiyyat Ali Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha, "Küveyt-Azərbaycan" Ticarət Müəssisəsinin fəxri prezidenti Şeyx Talal Əl-Əli Əl-Abdullah Əl-Jaber Əl-Sabah, ölkədə akkreditə olunan 20-dən çox xarici dövlətin səfirləri və diplomatları, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, ali təhsil ocaqlarının rektorları və kütləvi informasiya vasitələrinin nümayəndələri olmuşlar.

Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun mahir dirijorluq ustalığı, Dövlət Simfonik Orkestrinin səlist ifa tərzi, solistlər Azər Rzazadə, Səbinə Ərəbli və Babək Niftəliyevin güclü səsləri, istedadı və dünya səviyyəli zəngin musiqimizin milli üslubda ifa bacarıqları Küveyt musiqisevərlərin böyük rəğbətini qazanmışdır.

Azərbaycan musiqiçilərinin ifaları alqışlanmış, konsert salonunda "bravo" sədaları bütün proqram ərzində susmamışdır. Xüsusi qeyd etmək lazımdır ki, konsert salonunda bütün yerlərin dolu olduğu üçün 50 nəfərdən artıq tamaşaçı bir saatlıq proqramı ayaq üstü seyr etmişlər.

Küveyt Dövlətində Azərbaycan mədəniyyəti günləri fevral ayının 23-dək davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 22 fevral.- S.6.