Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən «Azərbaycan günləri» kolmarlılarda böyük maraq doğurmuşdur

 

Azərbaycanı uzaq Fransada tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və  ölkəmizin  Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində bu ölkədə keçirilən "Azərbaycan günləri" ilə bağlı növbəti tədbir Alzas regionunun Kolmar şəhərində reallaşmışdır.

Tədbir ölkəmizin tarixini və mədəni dəyərlərini əks etdirən sərginin açılışı ilə başlamışdır. Şəhər merinin müavini Marianna Şelkova Azərbaycanın yalnız yeraltı təbii sərvətləri ilə deyil, eyni zamanda, zəngin  tarixi və mədəni irsi ilə də Qafqazın mirvarisi olduğunu diqqətə çatdırmışdır.

SSRİ-nin süqutundan sonra Azərbaycanın çətin bir dövr yaşamasına baxmayaraq, ölkədə aparılan islahatlar sayəsində  qısa bir müddətdə iqtisadiyyatının sürətli inkişaf yoluna çıxdığını xatırladan merin müavini Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin qədim "İpək yolu" üzərində yerləşməsi sayəsində  mühüm strateji  əhəmiyyət daşıdığını vurğulamışdır.

M.Şelkova xalqların bir-birinə yaxınlaşmasında, dostluq əlaqələrinin yaranmasında mədəniyyətin misilsiz rol oynadığını qeyd etmişdir.

Şəhər rəsmilərini,  qonaqları və sərgi iştirakçılarını  salamlayan  ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın qədim  tarixini,  zəngin mədəniyyətini Fransanın region və əyalətlərində daha yaxından tanıtmaq məqsədi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinin Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini  və bu layihənin 2012-ci ilin sonlarından başlayaraq həyata keçirildiyini xatırlatmışdır. Layihəyə əsasən, "Azərbaycan günləri"nin Kolmardan bir qədər əvvəl Alzas regionunun daha iki şəhərində - Müluz və Strasburqda da keçirildiyini bildirmişdir.

Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkanda yerləşdiyinə diqqət cəlb edən səfir paytaxt Bakı şəhərinin dünyada neft mərkəzi kimi tanınmasına baxmayaraq, ölkəmizin milli və tarixi mədəni dəyərlərinin də yeraltı sərvətləri kimi zəngin olduğunu demiş, sərgidə nümayiş olunan eksponatların kolmarlılarda respublikamızı kəşf etmək istiqamətində xüsusi əhəmiyyət daşıyacağına əmin olduğunu bildirmişdir.

Alzas Regional Şurası prezidentinin birinci müavini, senator  Andre Reşard çıxışında bir qrup senator həmkarları ilə Azərbaycana səfərini və bu səfərdən aldığı yüksək təəssüratı xatırlatmış, ölkəmizin gənc müstəqil dövlət olmasına baxmayaraq  nəinki neft sərvəti, habelə zəngin mədəni dəyərləri ilə artıq dünyada tanındığını, ölkəmizdə turizmin inkişafının fransızların bu ölkə ilə yaxından tanış olmalarına imkan yaratdığını bildirmişdir. O, xalqların bir-birini yaxından tanımaq istiqamətində  səy göstərilməsinin vacibliyini vurğulamışdır.

Bakı, Şəki, Gəncə və Qəbələdə adət və ənənələr  arasında müxtəliflik olduğu kimi, Alzas bölgəsinin də Fransanın digər bölgələrindən fərqləndirən özünəməxsus xüsusiyyətlərindən danışan  senator xalqlar arasında bəşəri  ideyalara xidmət edən əlaqələrin, xüsusilə Azərbaycan ilə Fransa arasında dostluq telləri ilə yanaşı, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu diqqətə çatdırmışdır.

Fransada işsizlik probleminə toxunan senator xarici, o cümlədən Azərbaycan  investorlarının ölkəsinə, habelə Alzas bölgəsinə sərmayə yatırmaları üçün  münbit şəraitin olduğunu və bunun tərəfdaşlığın, ölkələr arasında əlaqələrin, xüsusilə xalqların mədəni  münasibətlərinin inkişafında mühüm rol oynayacağını  qeyd etmişdir.

Sonda A.Reşard yerli mətbuat nümayəndələrini Azərbaycanla bağlı tədbiri geniş işıqlandırmağa çağırmışdır.

Fevralın 24-dək davam edəcək sərgidə xalqımızın tarixini, mədəni dəyərlərini əks etdirən eksponatlar nümayiş olunur.

Şəhərin bələdiyyə teatrında təşkil olunan Azərbaycanın caz musiqisindən ibarət konserti açıq elan edən şəhərin meri Jilber Meyer  Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərinin kolmarlılarda xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirmişdir. O, ölkəmizin tarixini, mədəni dəyərlərinin zənginliyini diqqətə çatdırmış, sərgidə nümayiş etdirilən eksponatların - qadın geyimlərinin, xalça və xurcunların, musiqi alətlərinin Azərbaycanın qədim tarixə malik ölkə kimi xarakterizə etdiyini vurğulamışdır.

SSRİ-nin süqutundan sonra müstəqillik qazanan gənc ölkəmizin modernləşdiyini vurğulayan mer qısa müddətdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir çox ölkələr üçün əsl nümunə olduğunu,  muğam musiqisinin UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi  şedevr əsərlər siyahısına daxil edildiyini bildirmişdir.

Keçən ilin oktyabrında  Fransa ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə Parisdə möhtəşəm tədbir keçirildiyini xatırladan mer Fransanın Azərbaycanın müstəqilliyin tanıyan ikinci ölkə olduğunu, bir neçə fransız şirkətinin ölkəmizdə fəaliyyət göstərdiyini vurğulamış, bu axşam iki xalqı birləşdirən hadisənin Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümid bəslədiyini bildirmişdir.

Səfir Elçin Əmirbəyov konsertin kolmarlıların qiyabi olaraq ölkəmizin zəngin musiqili dünyasına səyahət etməsinə imkan verəcəyinə əminliyini ifadə etmiş, Fransanın  ölkəmiz üçün mühüm  tərəfdaş olduğunu qeyd etmişdir. Caz musiqisinin Azərbaycanın zəngin mədəni ənənələrindən xəbər verdiyini xatırladan E.Əmirbəyov caz-muğamın tanınmış azərbaycanlı  cazmenler Vaqif Mustafazadənin  və Rafiq Babayevin adları ilə bağlı olduğunu, klassik cazla ənənəvi  muğam musiqisinin improvizə edildiyini diqqətə çatdırmış, beynəlxalq caz musiqisi festivallarında müvəffəqiyyətlə çıxış edən gənc azərbaycanlıların Bakı Caz Məktəbinin yetirmələri olduğunu və hazırda ölkəmizdə bu musiqinin inkişaf etdiyini vurğulamışdır.

Konsertdə gənc incəsənət ustalarının ifasında xalq mahnıları ilə bərabər Avropa caz ustalarının əsərləri də ifa edilmişdir. Gənc ifaçıların çıxışı tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanmışdır.

Kolmarlı Kristian Maysterman  şəhərdə keçirilən "Azərbaycan günləri" ilə bağlı AzərTAc-a müsahibəsində demişdir: "Sərgi ilə tanışlıq  məndə ölkənizin qədim tarixi və zəngin mədəniyyəti barədə böyük maraq oyatdı. Qədim xalçalara və onlara vurulan zərif ilmələrə heyran olmamaq mümkün deyildir. Saxsı qablar, misgərlik sənət nümunələri xalqınızın öz tarixini  və zəngin mədəni dəyərlərini əsrlər boyu necə qoruyub saxlamasından, eyni zamanda onları bu gün də inkişaf etdirməsindən xəbər verir.

Konsertə gəldikdə isə, onu deyə bilərəm ki, gənc pianoçunun ifa tərzi məni heyrətləndirdi. Doğrudan da virtuoz ifaçı idi. Digər tərəfdən isə konsert mənə bir  qədər türk musiqisini xatırlatdı. Mən az-çox türk musiqisinə bələdəm. Hər iki xalqın musiqisi  arasında müəyyən oxşarlıq hiss etdim. Bu oxşarlıq musiqi ritmlərində və xalq mahnılarının ifasında özünü biruzə verdi. Sonda onu qeyd etmək istəyirəm ki, mən zəngin tarixi və mədəniyyəti olan bir ölkəni özüm üçün kəşf etdim".

 

 

 Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Kolmar

 

Azərbaycan.-2013.- 22 fevral.- S.7.