Deputatlar Türkiyə Prezidenti Abdullah
Gülün Serj Sarkisyana təbrik
məktubuna narahatlıqlarını ifadə etdilər
Dünən
Milli Məclisin növbəti plenar iclası keçirildi.
Deputatlar Xocalı soyqırımının qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra
iclas öz işinə başladı. Gündəliyə
müzakirə olunması üçün 17 məsələ
daxil edilmişdi. Bu məsələlər isə Azərbaycan
Respublikasının bəzi dövlətlərlə
imzaladığı sazişlərin təsdiqlənməsi və bəzi qanunlara əlavə və
dəyişikliklərdən ibarət idi.
Cari
məsələlərin müzakirəsində isə əsas
mövzu Türkiyə Prezidenti Abdullah Gülün
saxtakarlıqla yenidən Ermənistanın prezidenti seçilən
Serj Sarkisyanı təbrik etməsi məsələsi oldu.
İlk çıxış edən Yeni Azərbaycan
Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı
bildirdi ki, Türkiyə Prezidenti Abdullah Gülün
saxtakarlıqla yenidən Ermənistanın prezidenti seçilən
Serj Sarkisyanı ilk təbrik etməsi çox təəssüfedici
hal oldu: "Bizim gözəl bir misalımız var: uman yerdən
küsərlər. Əgər bu hərəkəti Rusiya tərəfi
etmiş olsaydı, onları başa düşmək
olardı. Çünki Ermənistan Rusiyanın forpostudur.
Ancaq qardaş ölkənin prezidentinin belə addım
atması heç düzgün deyildi. Bu, hamını
çox təəccübləndirdi".
Həmkarı
ilə həmrəy olduğunu bildirən deputat Fərəc
Quliyev isə dedi ki, Türk Hava Yollarına məxsus təyyarələrdə
erməni millətçiliyini təbliğ edən
"Aqos" qəzeti paylanılır. Bununla şirkət
Xocalı soyqırımının əks-təbliğatını
aparır.
Deputatlar
Qüdrət Həsənquliyev və Zahid Oruc da həmkarlarının
fikirlərini dəstəklədilər. Bildirildi ki, Avropa
Birliyinin Ermənistandakı seçkilərdən dərhal
sonra beynəlxalq təşkilatların müsbət mövqe
bildirməsi və seçkilərin yaxşı
keçirildiyini deməsi siyasi riyakarlıqdan başqa bir
şey deyil.
Deputat
Flora Qasımova Xocalı soyqırımı ilə
bağlı görülən tədbirlərdən
danışdı. O, Azərbaycan hökumətinin
atdığı addımların, Xocalı
soyqırımı ilə bağlı apardığı
işlərin səmərəli olduğunu və artıq bir
neçə dövlətin bu soyqırımı
tanıdığını diqqətə
çatdırdı. Deputat Elman Məmmədov da Abdullah
Gülün təbrikinə münasibət bildirdi. Onun fikrincə,
Abdullah Gül bütün Türkiyə demək deyil: "Azərbaycanın
arxasında bir dövlət var ki, o da Türkiyədir. Ona
görə Türkiyəyə qarşı bu cür
kampaniyanın aparılması düzgün deyil".
Deputat
İqbal Ağazadə isə bildirdi ki, Türkiyə Cənubi
Qafqazda mövqelərini möhkəmlətmək istədiyi
zamanda bəzi qüvvələr xüsusi tapşırıq əsasında
qardaş ölkənin əleyhinə kampaniya aparırlar. Odur
ki, çıxış edərkən bu məsələni nəzərə
almaq lazımdır. Qüdrət Həsənquliyev isə
deputat həmkarının diqqətinə çatdırdı
ki, Türkiyə Prezidentinin məlum addımını pisləyən
parlament üzvləri Türkiyəyə qarşı
çıxmır və çıxmazlar da. Çünki
Türkiyə Azərbaycanla qardaş ölkədir. Ancaq bu
ölkə rəhbərliyinin tələsərək Serj
Sarkisyanı təbrik etməsi təəssüf hissi
doğurur. Yeni Azərbaycan Partiyasının icra katibinin
müavini, deputat Siyavuş Novruzov isə dedi ki, Ermənistanla
Azərbaycan arasında münaqişə başlayan kimi ilk
olaraq sərhədi bağlayan Türkiyə dövləti
olub. Deputat əlavə etdi:
"Bizdə seçki keçiriləndə ATƏT-in
pusquda duran müşahidəçiləri 8 ay burada monitorinq
aparırlar. Gah seçkiyə iki ay qalmış bəyanat
verirlər, gah seçki öncəsi vəziyyətin
monitorinqini açıqlayırlar, gah seçki günü bəyanat
verirlər, gah da seçkidən iki ay sonra... Amma bunların
Ermənistanda seçki prosesi ilə bağlı bir bəyanatı
da yoxdur. Namizədlərin mediada çıxış etməsinin
monitorinqini aparmadılar. Hətta bir namizədə sui-qəsd
oldu. Bəs niyə bu halları görmürlər?
Milli
Məclisin Sədri Oqtay Əsədov bu məsələyə
öz mövqeyini belə açıqladı: "Qardaş
Türkiyə Prezidentinin bu addımı bizi incitdi,
ağrıtdı, ancaq bunun üzərinə çox getmək
lazım deyil. Ermənistana nə qədər nəzakət
göstərilsə, bundan istifadə edirlər. Onlar az qala məsələ
qaldırsınlar ki, Abdullah Gülün təbriki Türkiyənin
guya ermənilərdən üzr istəməsinə bir mesajdır.
Hesab edirəm ki, bu məsələyə tamam başqa
rakursdan yanaşmaq lazımdır. Türkiyə ilə Azərbaycanın
yüksək səviyyəli münasibətləri var. Ermənistanda
keçirilən prezident seçkiləri ilə bağlı
beynəlxalq təşkilatların susqunluğu diqqət
çəkir. Bu ölkədə 2 milyon əhali yoxdur,
qeydiyyatdan isə 2 milyon 500 min insan keçib. Ermənistanda
prezidentliyə namizəd seçkidən əvvəl vuruldu.
Martines deyir ki, bu dəfə Ermənistanda keçirilən
seçkilər ən yaxşı seçkilərdir. Ermənistanda
keçirilən seçkilərdən 7 gün keçməmiş
bu seçkilərə beynəlxalq təşkilatların belə
yüksək qiymət verməsi diqqət çəkməyə
bilməz. Ona görə də beynəlxalq təşkilatların
belə qərarları bizi bir qədər
ehtiyatlandırmalıdır. Daha diqqətli olmalıyıq.
Seçki ili olduğu üçün Azərbaycana
qarşı hər cür vasitələrdən istifadə
edirlər".
Spiker
Oqtay Əsədovun çıxışı ilə cari məsələlər
üçün ayrılan vaxt başa çatdı və
gündəliyin müzakirəsi başlanıldı. "Azərbaycan
Respublikası hökuməti və Birləşmiş Ərəb
Əmirlikləri hökuməti arasında diplomatik pasportlara
malik olan şəxslərin giriş vizasından azad edilməsi
haqqında" Anlaşma Memorandumunda dəyişiklik edilməsi
ilə əlaqədar notalar mübadiləsinin təsdiq edilməsi
barədə qanun layihəsi haqqında parlamentin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov məlumat verdi. Komitə sədri dedi ki, bu
sənədin təsdiq edilməsi ilə həm xidməti, həm
də diplomatik pasportlara malik şəxslərin BƏƏ-yə
asanlıqla gediş-gəlişi mümkün olacaq. Sənəd
səsə qoyularaq qəbul edildi.
"Azərbaycan
Respublikasından gələn təbii qazın Türkiyə
Respublikasının ərazisi vasitəsi ilə tranziti
haqqında və təbii qazın Türkiyə
Respublikasının ərazisindən nəql edilməsi
üçün müstəqil boru kəmərinin
inşasına dair Azərbaycan Respublikasının hökuməti
və Türkiyə Respublikasının hökuməti
arasında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
qanun layihəsi haqqında isə vitse-spiker Valeh Ələsgərov
məlumat verdi. Onun sözlərinə görə, memorandum
sazişlər paketində olan sənədlərdən biridir.
Bu istiqamətdə daha bir neçə sənəd qəbul
olunacaq. Deputatlar sənədə müsbət rəy bildirdilər.
İclasda
"Azərbaycan Respublikası və Argentina Respublikası
arasında vergi məlumatlarının mübadiləsi
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihəsi təsdiqləndi. "Azərbaycan
Respublikası və İspaniya Krallığı arasında mədəniyyət,
təhsil və elm sahələrində əməkdaşlıq
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihəsi barədə isə Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat
verərək bildirdi ki, bu sazişə əsasən hər
iki ölkənin elmi və mədəni sahədə əməkdaşlığı
daha da genişlənəcək. Eyni zamanda
qarşılıqlı olaraq elmi adların, elmi dərəcələrin
tanınması məsələsi də bu sənəddə
öz əksini tapıb. Sənəd səsə qoyularaq qəbul
edildi.
İnzibati
Xətalar Məcəlləsinə edilən dəyişikliklə
bağlı isə parlamentin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat
verdi. Onun sözlərinə görə, dəyişikliklər
lisenziyasız tibbi fəaliyyətlə bağlı cərimələrin
artırılmasını nəzərdə tutur. Əvvəllər
xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə
və əczaçılıqla məşğul olmağa
görə 300 manatdan 500 manata qədər cərimə tətbiq
edilirdisə, təklif edilən dəyişikliyə görə,
artıq bu cərimələr 2 min manatdan 3 min manata qədər,
vəzifəli şəxslər isə 5 min manatdan 10 min
manatadək, hüquqi şəxslər 20 min manatdan 30 min
manata qədər artacaq.
Müzakirələr
zamanı çıxış edən deputatlar Fazil Mustafa,
Etibar Hüseynov bunun müsbət təsirinin
olacağını bildirdilər. Eyni zamanda təklif də irəli
sürüldü. E.Hüseynov dedi ki, ölkədə qəzetlərin
fəaliyyətinə nəzarət edən Mətbuat
Şurası var. Yaxşı olardı ki, səhiyyə
şurası da yaradılsın. Müzakirələrdən
sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik
səsə qoyularaq qəbul edildi.
İclasda
"Reklam haqqında" qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi də müzakirəyə
çıxarıldı. Dəyişikliklə bağlı məlumat
verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri
Ziyad Səmədzadə bildirdi ki, dəyişiklik əhalinin
sağlamlığına zərər vuran əlamətlərin
aradan qaldırılmasına xidmət edir. Qanunun 3.1-ci maddəsinə
edilən dəyişiklikdə göstərilir: "Özəl
tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən
tibbi xidmətlərin reklamının yayımı müvafiq
icra hakimiyyəti orqanının rəyi əsasında
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir".
Müzakirələrdə
çıxış edən deputatlar Fazil Mustafa, İlham Məmmədov
və Rafael Cəbrayılov bunun müsbət təsirinin
olacağını vurğuladılar. Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərov isə dedi ki,
tütün məmulatlarının reklamı qadağan olunsa
da, son zamanlar Azərbaycan teleseriallarında tütünün
(siqaretin) əsl reklamı aparılır.
Deputat
Ceyhun Osmanlı isə KİV-də, xüsusən telekanallarda
sosial reklamların olmamasından şikayətləndi. Onun
sözlərinə görə, dövlət tərəfindən
həm cizgi, həm də bədii serialların, filmlərin
çəkilişi üçün vəsait ayrılsa da,
indiyədək çəkilən seriallarda milli qəhrəmanlarımız
haqqında süjet yoxdur: "Yenə də uşaqlar əcnəbi
cizgi filmlərində başqa qəhrəmanlara tamaşa edirlər.
Yerli serialların heç birində qəhrəmanlarımız
görünmür. Bu isə milli ideologiyamıza təsirsiz
ötüşmür".
Müzakirələrdən
sonra "Reklam haqqında" dəyişiklik səsə
qoyularaq qəbul edildi.
Sonra
İnzibati Xətalar Məcəlləsinə daha iki dəyişiklik
müzakirə edildi. Komitə sədri Əli Hüseynli dedi
ki, məcəlləyə edilən birinci dəyişiklik
"Sosial xidmət haqqında" qanunun tələblərinin
pozulmasına görə cərimələrin müəyyən
edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən,
dövlət tərəfindən göstərilən sosial
xidmətə olan tələbatın qiymətləndirilməsi,
müəyyən edilməsi və qərar qəbul edilməsi
üçün düzgün olmayan məlumatların verilməsinə
görə 50 manat miqdarında cərimə tətbiq ediləcək.
Eyni zamanda dövlət tərəfindən sosial xidmət
göstərilməsinin dayandırılmasına təsir
göstərən dəyişikliklər barədə sosial
xidmət göstərən subyektlərin məlumatlandırılmamasına
görə 50 manat cərimə müəyyən ediləcək.
Sosial xidmətin göstərilməsi və ya sosial xidmətin
göstərilməsindən imtina barədə qərar
haqqında qanunla müəyyən olunmuş müddətdə
müraciət edən şəxsə rəsmi məlumatın
verilməməsi və ya sosial xidmətdən imtina barədə
qərarda imtinanın səbəblərinin göstərilməməsinə
görə vəzifəli şəxslər 100 manat
miqdarında cərimə olunacaq. Sosial xidmət göstərilməsinin
keyfiyyətini, həcmini və şərtlərini müəyyən
edən tələblərin pozulmasına görə isə
fiziki şəxslər 50 manat, vəzifəli şəxslər
100 manat, hüquqi şəxslər isə 150 manat
miqdarında cərimə olunacaq.
Dəyişiklik müzakirə olunmadan qəbul edildi.
"Veteranlar
haqqında" qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi haqqında parlamentin Sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli məlumat verərək bildirid ki,
adıçəkilən sənədə "Sosial xidmət"
haqqında qanuna əsasən dəyişiklik olunur. Dəyişikliyə
əsasən, veteranlara "Sosial xidmət" haqqında
qanuna uyğun olaraq sosial xidmət göstərilir.
Onun fikrincə, hazırda ölkədə 90 min veteran
var. Qanuna edilən dəyişiklik onların həyat şəraitinin
yaxşılaşmasına səbəb olacaq. Deputatlar sənədə
müsbət rəy bildirdilər və eyni zamanda Azərbaycan
Respublikasının 2001-ci il 8 may tarixli 129-IIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Bələdiyyələrin
məhəllə komitələri haqqında Nümunəvi Əsasnamə"də
dəyişiklik, "Əmək pensiyaları haqqında"
qanuna dəyişikliklər təsdiqləndi. Parlament
həmçinin "Könüllü fəaliyyət
haqqında" qanunda dəyişiklik edilməsi barədə
layihəni səsə qoyaraq qəbul etdi. "Azərbaycan
Respublikasının 2006-ci il 8 dekabr tarixli 195-IIIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrinin aparılması və onlara şəhadətnamənin
verilməsi haqqında Əsasnamə"də dəyişikliklər
edilməsi barədə qanun layihəsi də səsə
qoyularaq qəbul edildi.
"Dini
etiqad azadlığı haqqında" qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi haqqında komitə sədri
Əli Hüseynli məlumat verdi. Dəyişikliyə görə, vətəndaşlar
və dini qurumlar qeyd olunan materialları müvafiq icra hakimiyyəti
orqanının verdiyi nəzarət markası ilə
markalanmış formada, istədikləri dildə əldə
edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və
fiziki şəxslər müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə həmin
materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət
markası ilə markalandıqdan sonra sərbəst yaya bilər.
Eyni zamanda nəzarət markası ilə
markalanmış materialların satışı yalnız
müvafiq icra hakimiyyəti orqanının
razılığı ilə yaradılmış
ixtisaslaşdırılmış satış məntəqələri
vasitəsilə həyata keçirilməlidir.
Müzakirələr zamanı çıxış edən
deputat Fazil Mustafanın fikrincə, qanuna dəyişiklikdən
sonra dini kitabların hədiyyə verilməsi çətinləşəcək. Deputat Qüdrət Həsənquliyev
isə həmkarına dedi ki, Azərbaycanda mollalar
çoxalıb. İndi gözləməliyik
ki, Azərbaycanda ekstremizm yayılsın, sonra ona qarşı
mübarizə aparılsın?! Deputat İlham Əliyev
də Qüdrət Həsənquliyevlə həmrəy
olduğunu bildirdi: "Bizim dinimiz var və biz bu dinə qulluq
edirik. Mən bu qanuna dəyişikliyi dəstəkləyirəm.
Çünki biz çalışmalıyıq
ki, qısaşalvarlıları və saqqalı sinəsinə
qədər düşənləri cəmiyyətimizdən təcrid
edək". Deputat Bəxtiyar Əliyev isə dedi ki,
qanun layihəsi insanların öz dini inanclarını kənar
müdaxilə olmadan, sərbəst həyata keçirməsinə
şərait yaradacaq.
Spiker
Oqtay Əsədov isə diqqətə çatdırdı ki,
Azərbaycan dövlətçiliyinə və islam
dininə qarşı olan qüvvələrin ölkəmizdə
fəallaşmasının qarşısının
alınması məqsədi ilə bu dəyişiklik edilir.
O, deputatları layihəyə səs verməyə
çağırdı və sənəd səsə qoyularaq
qəbul edildi.
Sonra iclasda "Dərman vasitələri haqqında"
qanunda dəyişikliklər edilməsi barədə və
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun
inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında qanun layihələri müzakirəyə
çıxarılaraq qəbul edildi. "Dərman vasitələri
haqqında" qanuna dəyişikliyə görə, dərman
vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti
orqanının verdiyi nəzarət markası
yapışdırılmalıdır. İkinci layihəyə
görə isə
Şahbuz şəhər inzibati ərazi dairəsi genişləndirilir.
Dəyişikliklər
təsdiq edildikdən sonra Milli Məclisin plenar iclası
başa çatdı.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 23 fevral.- S.1.