ATƏT Parlament
Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndələri
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı çıxış
etmişlər
Xəbər
verdiyimiz kimi, fevralın 21-22-də Vyanada ATƏT-in Parlament
Assambleyasının (ATƏT PA) 12-ci qış sessiyası
keçirilmişdir.
Sessiyada
ölkəmizi Milli Məclis Sədrinin müavini Bahar
Muradovanın rəhbərliyi ilə Azərbaycan parlament
nümayəndə heyəti təmsil etmişdir.
Fevralın
22-də ATƏT PA-nın daimi komissiyasının iclası
keçirilmişdir. İclasda ATƏT PA və ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Ofisi (ATƏT
DTİHO) arasında əməkdaşlığı tənzimləyən,
xüsusilə seçkilərdə müşahidə
missiyalarının işini nizamlayan və ötən ilin
dekabr ayında ATƏT PA-nın prezidenti tərəfindən ləğv
olunmuş Kopenhagen Sazişi ilə bağlı gərgin
müzakirələr aparılmışdır.
Çıxış edən deputatlar seçki müşahidə
missiyaları çərçivəsində hər iki qurum
arasında baş verən fikir ayrılığının səbəbini
sazişin müddəalarında deyil, əməkdaşlıq
mühitində axtarmaq lazım olduğunu diqqətə
çatdırmış, qurumlar arasında əməkdaşlığı
gücləndirmək üçün birgə yollar
aranmasını təklif etmişlər. Sonda deputatlar
Belçika parlamentinin deputatı Fransua-Xavier de Donneaya ATƏT
PA və ATƏT DTİHO arasında danışıqları
aparmaq üçün mandat vermişlər.
Milli
Məclisin deputatı Azay Quliyev sessiyada çıxış
edərək Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ bölgəsində separatçı
rejim tərəfindən Xocalı aeroportunun istifadəyə
verilməsi niyyəti ilə bağlı narahatlıq ifadə
etmiş, bu addımın Beynəlxalq Mülki Aviasiya
haqqında Çikaqo Konvensiyasının müddəalarına
zidd olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Ermənistanın
Azərbaycanın işğal altında olan Xocalı
aeroportundan uçuşlar həyata keçirmək niyyəti
Azərbaycana qarşı ciddi təhlükə yaradır. Bu
hava məkanı Azərbaycana məxsusdur, Ermənistan tərəfindən
istifadəsi qeyri-leqaldır və buna görə də Azərbaycan
Çikaqo Konvensiyasının hüquqi müstəvidə tətbiqini
gücləndirəcəkdir.
ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin rəhbəri
Yaneş Lenarçiç, milli azlıqlar üzrə ali
komissar Knut Vollebek, ATƏT-in KİV azadlığı üzrə
nümayəndəsi Dunya Miyatoviç, ATƏT-in iqtisadiyyat və
ekologiya məsələləri üzrə əlaqələndiricisi
Halil Yigitgüden məruzələrlə
çıxış etmişlər.
Üç
komitənin birgə iclasında ATƏT PA-nın gender məsələləri
üzrə xüsusi nümayəndəsi Hedi Fray hesabatla
çıxış etmişdir. Eyni zamanda, "ATƏT
ölkələri Suriya, Sahel və Şimali Afrikadakı
böhranlara necə cavab verməlidir?" mövzusunda
xüsusi müzakirə keçirilmişdir. Müzakirə
zamanı ABŞ-dan olan konqresmen Elsi Hastinq Suriyadakı
mövcud vəziyyətlə bağlı məruzə ilə
çıxış etmiş, xüsusilə diqqəti
yaranmış humanitar böhrana, mülki əhalinin vəziyyətinə,
hər gün qətlə yetirilən, qaçqına
çevrilən uşaqların taleyinə yönəltmişdir.
Müzakirələrdə
Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar
Muradova da çıxış edərək Suriyadakı
uşaqların aqibəti ilə bu günlərdə növbəti
ildönümü qeyd olunacaq Xocalı soyqırımı
zamanı qətlə yetirilmiş uşaqlar arasında
müqayisə aparmışdır. Qeyd edilmişdir ki, bir gecə
içərisində erməni separatçıları tərəfindən
Azərbaycanın Xocalı şəhərində qətlə
yetirilmiş 613 sakindən 63 nəfəri uşaq olmuş,
onların əksəriyyətinin bədən üzvləri kəsilmişdir.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
başlamış münaqişə artıq 25 ildir davam etməkdədir
və təkcə region üçün deyil, eyni zamanda,
dünyada təhlükəsizlik üçün ciddi təhlükə
törətməkdədir.
Bildirilmişdir
ki, Suriya böhranı nəticəsində yüzlərlə
erməni əsilli suriyalı ailənin Azərbaycanın
işğal altında olan ərazilərində məskunlaşdırılması
haqqında məlumatlar ciddi narahatlıq doğurur. B.Muradova həmin
məlumatlardan biri kimi ATƏT PA-nın Beynəlxalq Katibliyi tərəfindən
hazırlanmış "Suriyada humanitar böhran" adlı
jurnalı misal gətirmişdir. Həmin jurnalda göstərilir
ki, Suriyadan olan 29 qaçqın ailə (təxminən 90 nəfər)
Azərbaycanın zəbt olunmuş Laçın rayonu ərazisində
məskunlaşdırılmışdır. Bununla Ermənistan
işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti
dəyişmək, özünə canlı sədd yaratmaqla
azərbaycanlı məcburi köçkünlərin öz
yurdlarına geri dönməsinin qarşısını almaq və
onların şəxsi əmlak hüquqlarından istifadəsindən
məhrum etmək məqsədini güdür. B.Muradova
vurğulamışdır ki, ATƏT PA və digər beynəlxalq
təşkilatları Ermənistanı suriyalı
qaçqınların faciəsindən öz məqsədləri
üçün sui-istifadə etməkdən çəkinməyə
çağırmalıdırlar. Çünki bu məqsədlər
öz ev-eşiklərindən məhrum olmuş həmin
insanların gələcək taleyi üçün
böyük təhlükə yaradır və daha
ağrılı məqam ondan ibarətdir ki, həmin
qaçqınlar öz ata-baba yurdlarına qayıdacaqları
günü gözləyən azərbaycanlı
qaçqınların evlərində yerləşdirilirlər.
Yekunda bir daha qeyd edilmişdir ki, Ermənistanın bu
addımları mövcud vəziyyəti gərginləşdirməklə
yanaşı, münaqişənin ədalətli və
davamlı həlli üçün göstərilən cəhdlərə
zərbə vuraraq onları zəiflədir.
Milli
Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanova Suriya böhranının hazırda dünya siyasətində
ən vacib mövzulardan birinə çevrildiyini qeyd
etmişdir. Bildirilmişdir ki, böhran nəticəsində hər
gün insan tələfatı, qaçqın axını və
iqtisadi-humanitar fəlakət daha da geniş vüsət
almaqdadır. Artıq Suriya böhranı regional dairədən
çıxaraq beynəlxalq münaqişəyə
çevrilmişdir. Suriyada baş verən insan faciəsini, 1
milyon 161 min qaçqın düşmüş insanın
acı taleyini çox yaxşı anladığını
bildirən R.Aslanova 20 ildən də artıq davam edən Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
Azərbaycanda da 1 milyon insanın qaçqın olduğunu,
Ermənistanın BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə məhəl
qoymadığını diqqətə
çatdırmışdır. Qeyd edilmişdir ki, buna rəğmən Azərbaycan tərəfi
münaqişənin həlli ilə bağlı pessimist deyil
və problemin sülh yolu ilə həlli istiqamətində səylər
göstərir. 1951-ci ildə dünyada 1 milyon insanın
qaçqın olduğunu qeyd edən azərbaycanlı deputat
2012-ci ildə bu rəqəmin 48 milyon nəfərə
çatdığını söyləmiş, dünya
ictimaiyyətinin bu problemin həlli üçün ciddi şəkildə
çalışmalı olduğunu ifadə etmişdir.
Sessiya
öz işini Suriya böhranı ilə bağlı
müzakirələrlə yekunlaşdırmışdır.
ATƏT
PA-nın yay sessiyasının iyunun 29-dan iyulun 3-dək
İstanbul şəhərində keçirilməsi qərara
alınmışdır.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.-2013.- 23 fevral.- S.1-2.