Sabunçu rayonunda
aparılan quruculuq və yenidənqurma işləri sürətli
inkişafın göstəricisidir
Dünən
Sabunçu rayonunda 2012-ci ildə sosial iqtisadi
inkişafının yekunları və 2013-cü ildə
qarşıda duran vəzifələrlə bağlı
yığıncağ keçirilmişdir.
Yığıncaqda çıxış edən Sabunçu
Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev
tədbiri açaraq dedi ki, ulu öndər Heydər Əliyev
dühasından qaynaqlanan Prezident İlham Əliyevin elmi əsaslara
və liberal iqtisadiyyat prinsiplərinə söykənən,
insan amilini əsas götürən çevik siyasəti sayəsində
ölkəmiz keyfiyyətcə 2012-ci ildə yeni inkişaf mərhələsinə
gədəm qoydu, mürəkkəb beynəlxalq iqtisadi
mühitdə baş verən kataklizmlərə baxmayaraq, yeni
uğurlar əldə etdi. 2012-ci ildə sosial-iqtisadi vəzifələrin
icra edilməsi, nəzərdə tutulmuş plan və
proqramların reallaşdırılması, ictimai-siyasi
sabitliyin daha da möhkəmlənməsi Azərbaycan dövlətinin
beynəlxalq nüfuzunun daha da artmasına səbəb oldu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasındakı nitqində dövlət
başçısı ötən ildə ölkəmizin
sosial-iqtisadi inkişafı və eləcə də digər
sahələrdə görülmüş işləri
geniş təhlil edərək 2013-cü ildə
qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
Ölkə Prezidenti qeyd etmişdir ki, Azərbaycan
iqtisadiyyatı keçən il öz dinamik
inkişafını qoruya bilmişdir və bu il görüləcək
işlər ölkəmizi daha böyük nailiyyətlərə
çatdıracaqdır.
Ümumdünya
Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı rəqabətliliyinə görə dünyada
46-cı, MDB məkanında isə 1-ci yerdədir.
Adil Vəliyev çıxışında söylədi ki, əhalisinin sayına və həm də iqtisadi potensialına görə şəhərimizin ən böyük rayonlarından olan Sabunçuda da 2012-ci ildə həm dövlət proqramları çərçivəsində, həm də müxtəlif maliyyə mənbələri hesabına rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası, magistral və daxili yolların tikintisi, əhalinin elektrik enerjisi, qaz, su təchizatının yaxşılaşdırılması, yeni istehsal müəssisələrinin, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial əhəmiyyətli obyektlərin tikintisi, təmiri, müasir tələblərə uyğun yenidən qurulması, küçə və parkların, yaşayış massivlərinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür.
Rayonun sosial sahələrində işləyənlərin orta aylıq əməkhaqqı 2012-ci ildə 12,3 faiz artaraq 405 manata, sənaye sahələrində çalışanların əməkhaqqı isə 23,8 faiz artaraq 518 manata çatmışdır.
Hətta bir neçə müəssisədə orta aylıq əməkhaqqı daha çox - 600-900 manat səviyyəsindədir. Bunlarla yanaşı, bir sıra müəssisələrdə bu göstərici cəmi 120-200 manat təşkil etmişdir ki, bu da yolverilməz haldır.
Dövlət Proqramında elektrik enerjisi, qaz, su, istilik təchizatı və rabitə sahələri üzrə nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti başa çatdırılmışdır. Nəticədə bu sahələrdə mövcud olmuş əsas problemlər aradan qaldırılmışdır. Qaz və istilik təchizatındakı mövcud bir sıra çətinliklərin də aradan qaldırılması üzrə əlavə tədbirlər görülməkdədir. Eyni zamanda hazırda Balaxanı qəsəbəsi yaxınlığındakı "Yanar Dağ" adlanan yüksəklikdə ümumi tutumu 80 min m3 olan yeni su anbarlarının və həmin anbarlara gələn və paylayıcı xətlərin, qurğuların tikinti-quraşdırma işləri davam etdirilir ki, bunlar tam istifadəyə verildikdən sonra nəinki Sabunçu rayonunun, eləcə də qonşu rayonların bir sıra qəsəbələrini və yaşayış məntəqələrini fəsiləsiz içməli su ilə təmin etmək mümkün olacaq.
Rayonda ən çox narahatlıq yaradan məsələlərdən biri Bakıxanov və qismən də Sabunçu, Zabrat qəsəbələrindən başqa digər qəsəbələrdə mərkəzi kanalizasiya sistemlərinin olmamasıdır ki, nəticədə həm çirkab və həm də qrunt sularının qalxması nəticəsində əsasən Maştağa, Zabrat, Ramana, Pirşağı və Nardaran qəsəbələrinin bir sıra yaşayış sahələrində evlərin və həyətyanı sahələrin ətrafında, yollarda çirkab sular yığılır. Düzdür, həmin yerlərdən çirkab suların kənarlaşdırılması üçün əlavə xətlər və nasoslar quraşdırılmışdır. Lakin bildiyiniz kimi, Dövlət Proqramında bu və digər qəsəbələrdə mərkəzi kanalizasiya sistemləri və təmizləyici qurğuların yaradılması da nəzərdə tutulmuşdur ki, həmin işlər yerinə yetirildikdən sonra bu çətinliklər də tam aradan qaldırılacaq.
Bakıxanov qəsəbəsindəki çoxmərtəbəli yaşayış binalarının aralarında vaxtılə plansız tikilmiş və quraşdırılmış qarajlar da hazırda həyata keçirilən tədbirlərin fonunda uyğunsuzluq yaradır ki, bununla bağlı da onların yerində xüsusi layihələr əsasında birinci mərtəbələrdən qaraj kimi istifadə etməklə ikimərtəbəli binaların tikintisi nəzərdə tutulur. Həmin binaların ikinci mərtəbələrindən isə sakinlər xeyir-şər evi kimi istifadə edə bilərlər.
Ötən il ərzində icra hakimiyyəti başçısının və rayon hüquq-mühafizə orqanlarının, eləcə də aidiyyətı xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun bütün qəsəbələrində sakinlərlə 29 səyyar görüş, cari ilin yanvar ayında isə sakinlərin iştirakı ilə qəsəbə nümayəndəliklərinin hesabat yığıncaqları keçirilmişdir.
Natiq qeyd etdi ki, bütün bu səyyar görüş və hesabat yığıncaqlarında sakinlər tərəfindən 327 məsələ qaldırılmışdır ki, onlardan 157-si qaz, elektrik enerjisi, su təchizatı və kanalizasiya sahələrinə aid olmuş, qalanı isə sosial məsələlərlə, evlərin təmiri və başqa məsələlərdə kömək göstərilməsi ilə bağlı olmuşdur. Həlli mümkün və zəruri müraciətlərin əksər hissəsi dərhal həll edilmiş, sakinlərə lazımi izahatlar verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı təəssüflə qeyd etmişdir ki, rayonun qəsəbələrində fəaliyyət göstərən bələdiyyələrin əksəriyyəti il ərzində müəyyən sahələrdə öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirə bilməmiş, nəzərəçarpacaq iş görməmişlər ki, bu da sakinlərin haqlı narazılıqlarına, şikayətlərin artmasına səbəb olur. Belə ki, qəsəbə bələdiyyələrindən 2012-ci ildə şikayətlərin artması Prezident Administrasiyasının mətbuatda dərc olunmuş hesabatında da qeyd edilmişdir. Ona görə də bələdiyyə sədrləri bu iradlara ciddi yanaşaraq fəaliyyətlərinə yenidən nəzər yetirməli, üzərlərinə düşən vəzifələri dərk etməli, sakinlərin etimadını doğrultmalıdırlar.
Rayon icra hakimiyyəti aparatı rayonda fəaliyyət göstərən ictimai təşkilatlarla, o cümlədən şəhid ailələri, Böyük Vətən və Qarabağ müharibələri veteranları və əlilləri, Çernobıl qəzası əlilləri və iştirakçıları, 20 Yanvar faciəsi qurbanlarının ailələri, əlilləri ilə və həmçinin digər xalqların icma nümayəndələri ilə həmişə olduğu kimi ötən il ərzində də mütəmadi olaraq bir sıra ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Natiq demişdir ki, 2012-ci ildə rayonun abituriyentlərindən 43 nəfəri 600-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinin tələbəsi olmuş, 72 ¹-li məktəbin məzunu Əliyeva Xeyransa Rafiq qızı isə 700 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdür.
Hesabat dövründə icra hakimiyyəti aparatına vətəndaşlardan 4270 ərizə, 2678 məktub və xidməti sənədlər daxil olmuş, 383 nəfər vətəndaş icra hakimiyyəti başçısı tərəfindən fərdi qaydada qəbul edilmişdir. O da qeyd edilməlidir ki, əvvəlki ildəkinə nisbətən vətəndaşlardan daxil olmuş ərizələrin və icra hakimiyyətində qəbul olunanların sayı 13 faiz azalmışdır ki, buna da qeyd etdiyimiz kimi, yerlərdə keçirilən çoxsaylı səyyar görüş və qəbullar təsir etmişdir.
Vətəndaşların
rayon icra hakimiyyəti ilə birbaşa təmas
qurmalarını, sənədlərin qəbulu və göndərilməsinin
daha da sürətləndirilməsini təmin etmək məqsədilə
icra hakimiyyətində xüsusi internet saytı və elektron
poçtu fəaliyyət göstərmişdir.
Daxil olan ərizə, məktub və şikayətlərə qanunda nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq qərarlar qəbul edilərək cavablar verilmişdir. Sakinlərin şifahi sorğu və şikayətləri araşdırılaraq onlara izahatlar verilmiş, zəruri hallarda kömək göstərilmişdir. Müraciətlər əsasında icra hakimiyyəti, qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən birgə 2012-ci il ərzində vətəndaşlara 125 min manat məbləğində maddi yardım, yaşayış evlərinin təmirinə 78 min manat, aztəminatlı ailələrin müxtəlif tələbatlarının ödənilməsinə 62 min manat məbləğində pul vəsaiti verilmiş, müxtəlif tikinti və məişət əşyaları ilə köməklik göstərilmişdir. İnsanlara bu cür yanaşma olkə Prezidentinin tələbidir və eyni zamanda bu, hər birimizin vəzifə borcudur.
Fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda olkə Prezidenti İlham Əliyev öz yekun nitqində də məhz bu məsələlərə toxunaraq hər bir dövlət məmurundan öz vəzifə borcunu şərəflə yerinə yetirməyi, insanlarla daim təmasda olaraq onlara qayğı göstərmələrini və təvazökar olmalarını tələb etmişdir. Hər birimiz bu haqlı tələb və iradlardan ciddi nəticə çıxararaq gələcəkdə öz işlərimizdə əməli dönüş yaradaraq fəaliyyətimizi bu istiqamətdə daha da genişləndirəcəyik.
Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Oruc Əhmədov, "Neftqazmaş"ASC-nin sədri Vahid Hacıyev və başqaları 2012-ci ildə görülən işlərdən, nailiyyətlərdən və bir sıra mövcud neqativ hallardan, həlli vacib məsələlərdən söz açdılar.
Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qəzənfər Həsənovun oxuduğu "Sabunçu rayonunun 2012-ci ildə sosial iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında" qərar layihəsi iştirakçılar tərəfindən qəbul olundu.
Sonda
rayon icra hakimiyyəti başçısı aparatının Ərazi
idatəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Ədalət Teymurov rayon ictimaiyyəti
adından yığıncaq iştirakçılarının
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciətini oxudu.
Bəxtiyar ƏZİZLİ
Azərbaycan.-2013.- 23 fevral.- S.3.