«Qarabağa doğru - Haqqın və haqqımızın
səsi ilə» layihəsi
çərçivəsində yürüş-mitinq
keçirilmişdir
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşəbbüsü, "Xocalıya ədalət!"
beynəlxalq təbliğat-təşviqat kampaniyasının
və "Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai
Birliyinin (İB) dəstəyi ilə "Qarabağa doğru
- Haqqın və haqqımızın səsi ilə" layihəsinin
icrasına başlanılmışdır.
AzərTAc
xəbər verir ki, bu məqsədlə Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi,
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İB-nin rəhbərliyi, ziyalılar,
ictimaiyyət nümayəndələri və din xadimlərinin
iştirakı ilə Ağdam rayonunun cəbhə xəttində
yerləşən Çəmənli kəndində
yürüş-mitinq keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə Ağdam rayonunun
girişində "Şəhidlər" abidə kompleksini
və Quzanlı qəsəbəsində ümummilli lider Heydər
Əliyevin abidəsini ziyarət etmiş, önünə
gül-çiçək düzmüşlər.
Çəmənli
kəndindəki "Cümşüd" məscidində
keçirilən mitinq-tədbirdə çıxış edən
DQİDK-nın sədri Elşad İskəndərov bildirmişdir
ki, Azərbaycanın ən böyük problemi Qarabağın
işğal altında olmasıdır. 1993-cü ilə qədər
Ağdam cümə məscidindən azan səslənirdi. O
azanın sədaları altında qəhrəman Azərbaycan
oğulları Vətənimizin müdafiəsinə gedirdilər
və şəhid olurdular. O azan bizim
ağrı-acılarımızın, həmçinin qəhrəmanlıqlarımızın
şahididir. Bu gün işğal altında olan
torpaqlarımızda ulularımızın məzarları,
tarixi abidələrimiz və dini abidələrimiz də təcavüzə
məruz qalmışdır. İllərdir ki, Qarabağ kimi
müqəddəs bir diyardan azan səsi eşidilmir.
Bugünkü təşəbbüsün də məqsədi
odur ki, Ağdam cümə məscidində səsləndirilmiş
o azanı cəbhə xəttində işğal altında
olan torpaqlarımıza doğru səsləndirək. Bu azan
Qarabağ işğaldan azad olunana qədər hər həftənin
cümə günü ölkəmizin bütün məscidlərində
səsləndiriləcəkdir.
"Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin sədri Bayram Səfərov,
qarabağlı Seyid Camal, ilahiyyatçı alim Elşad
Mahmudov və başqaları tədbirdə
çıxış edərək "Qarabağa doğru -
Haqqın və haqqımızın səsi ilə" layihəsini yüksək qiymətləndirmiş,
işğal altında olan mənəvi dəyərlərimizin
qorunması və tanıdılması istiqamətində
atılan müsbət addım kimi dəyərləndirmişlər.
Sonra
"Cümşüd" məscidinin minarəsindən vaxtilə
Ağdam məscidindən verilən azan səsləndirilmiş,
cümə namazı qılınmışdır.
Həmin
gün Quzanlı qəsəbəsindəki mədəniyyət
evində "Qazi azan - Haqqın və haqqımızın səsi"
mövzusunda konfrans keçirilmişdir.
DQİDK-nın
sədri Elşad İskəndərov, Ağdam, Ağcabədi
və Xocavənd rayon icra hakimiyyətlərinin
başçıları Nizami Sadıqov, Şahin Məmmədov,
Eyvaz Hüseynov, "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"
İctimai Birliyinin Əlaqələndirmə
Şurasının sədri Orxan Əkbərov konfransda
çıxış edərək Ermənistanın
respublikamıza qarşı həyata keçirdiyi qəsbkarlıq
müharibəsindən, Qarabağda törədilən faciələrdən,
münaqişənin mahiyyətinin, Ermənistan silahlı
qüvvələri tərəfindən həyata keçirilən
soyqırımlarının dünya ictimaiyyətinə
çatdırılması istiqamətində Azərbaycan
dövləti tərəfindən həyata keçirilən tədbirlərdən
danışmışlar.
Çıxışlarda
əminliklə vurğulanmışdır ki, Haqqın və
haqqımızın səsi olan, vaxtilə Ağdam məscidindən
səsləndirilən azan yenidən işğaldan azad
edilmiş doğma Qarabağımızda səslənəcəkdir.
Konfransda
Qarabağ müharibəsindən bəhs edən "Dolu"
filmi göstərilmişdir.
Azərbaycan.-2013.- 23 fevral.- S.3.