Qayğı və diqqətin bəhrəsi

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin 2012-ci ilin yekunlarına dair yığıncağı keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı"nda və həmin proqrama sonradan edilmiş əlavələrdə Kəlbəcər rayonu ilə bağlı 33 məsələ nəzərdə tutulmuşdur. Dövlətin qayğısı və köməyi ilə həmin məsələlər sistemli surətdə həll olunur.

Proqramın ən ümdə məqsədi məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına nail olmaqdan ibarət idi. Bu mühüm vəzifənin icrası ilə əlaqədar son bir neçə il ərzində fin tipli evlərdə müvəqqəti məskunlaşmış 596 ailə yeni inşa edilən qəsəbəyə, Bərdə rayonu ərazisindəki çadır düşərgəsində yaşayan 149 ailə, Ağdamın "4 yol" və Aran qəsəbəsində məskunlaşmış 200-dən çox ailə Yevlaxda tikilən çoxmərtəbəli yaşayış evlərinə köçürüldü. Qəbələ rayonundakı turizm bazasında müvəqqəti yer alan 133 ailəyə Zarağan qəsəbəsində, Naftalan şəhərindəki sanatoriyalarda yaşayan 283 ailəyə isə Goranboy şəhərində yeni inşa edilmiş yaşayış evlərində hər şəraiti olan mənzillər verildi.

Ümumiyyətlə, son üç ildə dövlətin qayğısı və köməyi ilə iki mindən çox kəlbəcərli ailə yeni mənzillərlə təmin olunmuşdur. Quruculuq proqramı davam edir. Göygöl rayonu ərazisindəki məcburi köçkünlər üçün iki yerdə 500 ailəlik qəsəbə salınması məqsədilə 60 hektar torpaq sahəsi ayrılmışdır.

Bəlli olduğu kimi, kəlbəcərli məcburi köçkünlər respublikamızın 50-dən çox şəhər, qəsəbə və kəndlərinə pənah gətiriblər. Ötən müddət ərzində onların üz tutduqları yerlərin hər birində yaşayış şəraitinin yaxşılaşdırılması üçün xeyli görülüb. Göygöl rayonundakı "Murovdağ" köçkün qəsəbəsində, Gəncə şəhərindəki Gülüstan qəsəbəsində, Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasının ətrafında, Ağsu rayonundakı Hindar kəndində binaların təmiri, yolların abadlaşdırılması, su, işıq, qaz problemlərinin həlli üçün də müəyyən işlər görülmüşdür. Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşan 200 ailə Goranboyda yeni salınmış yaşayış qəsəbəsində mənzillə təmin olunub. Bərdə rayonunda yeni salınan qəsəbəyə 19, Binəqədi rayonundakı Mehdiabad qəsəbəsində 100-dən artıq ailə köçürülüb.

Toplantıda belə bir fakt da vurğulandıki Prezident İlham Əliyevin qayğısı və diqqəti sayəsində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 300 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün beşmərtəbəli 25 bina, Bərdədə 866 ailə üçün beşmərtəbəli 15 binadan ibarət, hər şəraiti olan yaşayış məhəllələri salınacaq və bununla da Kəlbəcərin 2 minə yaxın məcburi köçkünü yeni mənzillə təmin olunacaqdır.

Rayonda sosial-iqtisadi inkişafa da xüsusi diqqət yetirilir. İcra hakimiyyətinin gördüyü tədbirlər hesabına mal-qaranın sayı 915 baş, qoyunquzunun sayı 5 min baş, arı ailələrinin sayı 245 baş artmışdır. Keçən il rayonda  taxıl, ət, süd, yun istehsalı xeyli çoxalıb.

Cari ildə də çox görülməlidir. Gülüstan qəsəbəsindəki gülçülük təsərrüfatı ərazisində məskunlaşan 150 ailənin mənzilinə elektrik xətti çəkilməlidir. Göygöl rayonu ərazisində məcburi köçkünlər üçün 600 ailəlik qəsəbə salınması ilə bağlı layihələr hazırlanır. Üçtəpə kəndində 160 ailənin evinə qaz çəkilməsi üçün "Azəriqaz" İstehsalat Birliyi qarşısında məsələ qaldırılıb.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 23 fevral.- S.3.