Nüfuzlu «Pakistan Observer» qəzetində Xocalı
soyqırımına həsr
olunmuş geniş məqalə dərc edilmişdir
Pakistanın
nüfuzlu "Pakistan Observer"
qəzetinin 22 fevral tarixli nömrəsində
tanınmış jurnalist Liaqat Turun Xocalı
soyqırımına həsr olunmuş geniş məqaləsi
dərc edilmişdir.
Azərbaycanın
Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, məqalədə Qarabağın tarixi, ermənilərin
Azərbaycana köçürülməsi və
torpaqlarımızda Ermənistan dövlətinin
yaradılması haqqında ətraflı məlumat
verilmişdir. Yazıda XX əsrin axırlarından
başlayaraq ermənilərin Azərbaycana qarşı əsassız
torpaq iddialarından və apardıqları etnik təmizləmə
siyasəti nəticəsində iki yüz mindən çox azərbaycanlının
Ermənistandan qovulmasından söhbət
açılmışdır. Məqalədə XX əsrin
sonlarında öz havadarlarından dəstək alan ermənilərin
Azərbaycana qarşı ərazi iddiaları
qaldırdıqları bildirilmişdir.
Vurğulanmışdır ki, Ermənistanın təcavüzü
nəticəsində Azərbaycanın Dağlıq Qarabağ
bölgəsi və ona bitişik daha 7 rayonu zəbt
edilmiş, işğal nəticəsində bir milyondan
çox insan ata-baba yurdlarından didərgin
düşmüş, 20 min insan qətlə yetirilmişdir.
Liaqat
Tur işğalın daha da geniş miqyas almasının
qarşısının Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi
altında alındığını və 1994-cü ildə
atəşkəs sazişinin imzalandığını
bildirmişdir.
Məqalədə
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində
törədilmiş qırğının münaqişənin
ən qanlı və faciəli səhifəsi olduğu qeyd
edilmişdir. Bildirilmişdir ki, Xocalı şəhəri uzun
müddət mühasirədə saxlanılmış və
orada yalnız mülki əhali qalmışdı.
Jurnalist
Ermənistan silahlı qüvvələrinin keçmiş
SSRİ-nin Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayının hərbi texnikası və
şəxsi heyətinin iştirakı ilə Xocalıda
mülki əhaliyə qarşı törətdiyi
soyqırımının təfərrüatları, habelə
uşaqlara, qadınlara, ahıllara qarşı edilmiş vəhşiliklər
barədə məlumatlar vermişdir. O, bu
qırğının ermənilərin məqsədyönlü
şəkildə etdiklərini ön plana çəkmiş və
soyqırımının fəal
iştirakçısı olmuş Ermənistanın
hazırkı prezidenti Serj Sarksiyanın "Biz ermənilərin
mülki əhalini məhv etməyə qadir
olmadığı haqqında stereotipi qırdıq"
sözlərini buna sübut kimi diqqətə
çatdırmışdır. Məqalədə Xocalı
soyqırımının xarici mətbuatda geniş
işıqlandırıldığı bildirilərək Qərb
mətbuatında nəşr edilmiş çoxsaylı məqalələrdən
sitatlar gətirilmişdir.
Liaqat
Tur yazısında Xocalı qırğınının ermənilərin
azərbaycanlılara qarşı törətdikləri birinci
soyqırımı olmadığını qeyd etmiş,
1918-ci ildə erməni silahlı dəstələrinin
Bakıda, Şamaxıda, Qubada və digər şəhərlərdə
on minlərlə günahsız insanı qətlə
yetirdiyini vurğulamışdır. Özlərini məzlum və
təqiblərə məruz qalmış xalq kimi qələmə
verən və insan hüquqlarından dəm vuran ermənilərin
orta əsrlərə məxsus vandallıqla mütəmadi
olaraq dinc azərbaycanlılara qarşı qətliam törətdikləri
qeyd edilmişdir.
Müəllif
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinin və Xocalı
soyqırımının tanınmasının hüquqi məqamlarını
da açıqlamışdır. Yazıda BMT Təhlükəsizlik
Şurasının, Baş Məclisinin qətnamələri,
İslam Əməkdaşlıq Təşkilatının,
Qoşulmama Hərəkatının qərarları qeyd
olunmuş, işğalçı Ermənistanın bu mötəbər
beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə
məhəl qoymadığı xüsusi
vurğulanmışdır. Eyni zamanda, Lissabon sammitinin
Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair əsas prinsipləri də
açıqlanmışdır. Bununla yanaşı, müəllif
Xocalı soyqırımının Pakistan, Meksika, Kolumbiya,
Rumıniya, Çexiya, ABŞ-ın bir neçə
ştatı tərəfindən rəsmən
tanındığını, bir çox dövlətlərin
parlamentlərində müzakirə mövzusu olduğunu diqqətə
çatdırmışdır.
Liaqat
Tur bir neçə hüquqi aktı əsas gətirərək
bunların Xocalı soyqırımını beynəlxalq cinayət
adlandırmağa tam əsas verdiyini
vurğulamışdır.
Xocalı
soyqırımının dəhşətlərini əks
etdirən fotoların da yer aldığı məqalənin
tam mətnini aşağıdakı link vasitəsilə oxumaq
mümkündür: httr://erarer.rakobserver.net/201302/22/misc.rhr
Azərbaycan.-2013.- 23 fevral.- S.6.