Britaniyanın Exeter
Universitetində Xocalı soyqırımının 21-ci ildönümü ilə
bağlı tədbir keçirilmişdir
Britaniyanın
Exeter Universitetində Azərbaycan
cəmiyyətinin təşkilatçılığı və
Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi
ilə "Xocalıya ədalət" adlı tədbir
keçirilmişdir. Tədbirdə səfirliyin əməkdaşları,
universitetin Azərbaycan və türk cəmiyyətlərinin
təmsilçiləri, müxtəlif ölkələrdən
tələbələr iştirak etmişlər.
Əvvəlcə
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbiri
açan universitetin Azərbaycan Cəmiyyətinin sədri
Ülvi Qasımov Xocalı faciəsi haqqında
iştirakçılara məlumat vermiş, bu
soyqırımının dünya ictimaiyyətinə
çatdırılmasının əhəmiyyətini
vurğulamışdır.
Universitetin
türk cəmiyyətinin təmsilçisi Atakan Kərküklü
Xocalı qətliamının tarixindən
danışmış, hadisəni bütün türk
dünyasına qarşı ədalətsizlik
adlandırmış, pozulmuş hüququn beynəlxalq səviyyədə
hələ də bərpa olunmamasının böyük təəssüf
hissi doğurduğunu vurğulamışdır.
Daha
sonra CNN və Fransanın nüfuzlu "France-24" televiziya
kanallarında yayımlanmış Dağlıq Qarabağ
münaqişəsindən bəhs edən videomateriallar və
Heydər Əliyev Fondunun hazırladığı
"Xocalı soyqırımı" sənədli filmi təqdim
edilmişdir.
Universitetin
azərbaycanlı tələbələri Ağa Babayev və
Nazlı Quliyeva təqdimatla çıxış edərək
XX əsrin ən dəhşətli cinayətlərindən
biri olan Xocalı qətliamının tarixi haqqında
iştirakçılara məlumat vermiş, ermənilərin
bu vandallığının ifşa olunmasının humanizm və
ədalət prinsiplərinin bərqərar olunmasına və
gələcəkdə belə hadisələrin təkrarlanmamasına
xidmət edəcəyini vurğulamışlar. Xocalı
soyqırımının beynəlxalq cinayət
adlandırılması üçün kifayət qədər
hüquqi əsasın olduğunu diqqətə
çatdırmışlar.
Səfirliyin
əməkdaşı Ceyhun Novruzov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi və Xocalı
soyqırımı haqqında ətraflı məlumat
vermişdir. Diplomat Xocalıda törədilmiş
qırğının beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsasən məhz soyqırımı
olduğunu bildirmiş, bir çox ölkənin və beynəlxalq
təşkilatların Xocalı soyqırımını
tanıdıqlarını vurğulamışdır. Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı
olduğu "Xocalıya ədalət!" beynəlxalq
kampaniyası haqqında da məlumat verən C.Novruozov
xalqımıza qarşı törədilən cinayəti və
edilən ədalətsizliyi dünya ictimaiyyətinə
çatdırmağın kampaniyanın əsas məqsədlərindən
olduğunu diqqətə çəkmişdir. Kampaniya çərçivəsində
ötən il 25 ölkədə soyqırımı ilə
bağlı tədbirlərin keçirildiyini, bu il isə 40-a
yaxın ölkədə
planlaşdırıldığını qeyd etmişdir.
Sonda diplomat iştirakçıların
suallarını cavablandırmışdır.
Orxan İSMAYILOV,
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2013.- 23 fevral.- S.6.