Bakıda «Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi»
mövzusunda konfrans keçirilmişdir
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında mədəni
irsin qorunması və səmərəli idarə edilməsi
ölkənin strateji inkişaf istiqamətlərindən biri
kimi göstərilməklə bu sahədə kompleks tədbirlərin
həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.
İnkişaf
Konsepsiyasında müəyyən edilən vəzifələrin
həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar
və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq
əlaqələrinin qurulmasını tələb edir.
Bununla
əlaqədar olaraq qarşıdakı dövr
üçün daşınmaz tarix və mədəniyyət
abidələrinin mühafizəsi, istifadəsi və təbliği
sahəsində mövcud problemlərin və perspektivlərin
müzakirəsi məqsədilə Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
fevralın 22-də "Four Seasonsl Baku" mehmanxanasında
"Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən
biri kimi" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, son illər ölkəmizdə mədəni irsin qorunması ilə bağlı yerli və beynəlxalq səviyyədə çox işlər görülmüşdür. Bu işlərin daha geniş coğrafiyada tanınmasına və təbliğinə Heydər Əliyev Fondunun verdiyi töhfələr əvəzsizdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqının yaratdığı mədəni nümunələr bəşəriyyət tərəfindən milli mənəvi dəyərlərimiz kimi qəbul olunur.
Prezident İlham Əliyevin təqdim etdiyi bu konsepsiya daxilində mədəni irslə bağlı xüsusi bəndin olması Azərbaycanın bu sahədə necə böyük sürətlə irəlilədiyini, özünün gələcək inkişaf yollarını müəyyənləşdirdiyini və bu tərəqqinin həm də keçmişə əsaslandığını bir daha sübut edir.
İşğal altında olan torpaqlarımızda mədəni irsin qorunması ilə bağlı problemlərin olduğunu vurğulayan nazir demişdir ki, bu istiqamətdə də işlər görüləcəkdir. Düşünməliyik ki, mədəni irsin qorunması tarixində vahid siyasət həyata keçirilməlidir. Azərbaycanda mədəni irsin qorunması ilə bağlı Dövlət Proqramı qəbul olunmalıdır.
Konfransın işinə uğurlar arzulayan Baş nazirin müavini Elçin Əfəndiyev tədbiri son dərəcə əhəmiyyətli və əlamətdar hadisə kimi dəyərləndirmişdir.
Bildirmişdir ki, mədəniyyət Azərbaycan dövlətçiliyinin ən prioritet sahələrindən biridir. Bunu hələ o vaxt - 1969-cu ildə ümummilli lider Heydər Əliyev elan etmişdir. Bu vəzifə yalnız söz olaraq qalmamış, əməldə də həyata keçirilmişdir. Ötən müddət ərzində ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi böyük uğurlar bunun bariz göstəricisidir.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində mədəniyyət kimi prioritet sahənin tərəqqisi ilə çox ciddi məşğul olduğunu söyləyən Baş nazirin müavini demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ənənəni daha da genişləndirmişdir.
Vurğulanmışdır ki, mədəniyyətin inkişafı yalnız yeni əsərlərin yazılmasından, musiqilərin bəstələnməsindən, tamaşaların səhnəyə qoyulmasından asılı deyildir. Bunlar, əlbəttə, vacibdir, bunlarsız inkişaf mümkün deyildir. Lakin bütün bunlar ayrı-ayrılıqda bütöv mədəniyyəti, mədəni irsi əhatə edə bilməz. Bunlar o zaman tam, bütöv ola bilər ki, xalq öz mədəniyyətinə, mədəni irsinə dünya miqyasında sahib çıxmağı bacarsın.
Baş nazirin müavini təəssüf hissi ilə qeyd etmişdir ki, dünyanın böyük muzeylərində Azərbaycan milli mədəni irsinin nümunələri başqa xalqların, ilk növbədə, ermənilərin adına yazılır, fars mədəniyyətinin nümunələri kimi təqdim edilir. Son vaxtlar bu sahədə çox böyük işlərin görülməsinin danılmaz fakt olduğunu deyən Elçin Əfəndiyev, Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, mən bu yaxınlarda söylədiklərimin əyani şəkildə şahidi oldum. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vatikanda Azərbaycan milli irs nümunələrinin sərgisi açılmışdır. Orada mədəni irsimizə olan böyük marağın şahidi olarkən bir daha düşündüm ki, bu istiqamətdə daha böyük layihələrə imza atmalıyıq. Çalışmalıyıq ki, mədəni irsimizə sahib olduğumuzu dünya miqyasında sübut edək.
Bu istiqamətdə 90-cı illərin əvvəllərində itkilərimizin olduğunu söyləyən Elçin Əfəndiyev bildirmişdir ki, həmin vaxt bir çox mədəni irs nümunələrimiz dağıdılaraq xarici ölkələrə aparılmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra başqa postsovet ölkələrindən fərqli olaraq, ərazilərimiz təcavüzə məruz qalmışdır. Bu təcavüzün nəticəsində 20 faiz torpaqlarımızı itirdik. Bu torpaqlarda mənfur qonşularımız tərəfindən çoxsaylı mədəni irs nümunələrimiz məhv edildi. Bütün bunların təkrarlanmaması, mədəni irsimizin qorunması və dünya miqyasında təbliği üçün, ilk növbədə, yüksək savada, biliyə, eləcə də müasir texnologiyadan istifadə etmək bacarığına malik olmalıyıq. İnanıram ki, bugünkü müzakirələrin yaxın gələcəkdə əməli nəticələrini görəcəyik.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə demişdir ki, biz mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu bir məkanda yaşayırıq. Xalqımız yüksək mədəniyyəti, əliaçıqlığı və qonaqpərvərliyi ilə daim seçilmişdir. Başımıza gələn bir çox bəlalar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi də məhz bu yüksək tolerantlığın, ürəkaçıqlığının nəticəsidir.
Fatma Abdullazadə demişdir ki, yeni konsepsiyanın yazılması dövlət qurumu olaraq təkcə Mədəniyyət və Turizm Nazirliyinin işi ola bilməz. Bu konsepsiyanın böyük bir elmi tutumu olmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən bütün ali məktəblər, elmi tədqiqatlarla məşğul olan müxtəlif qurumlar, dövlət və qeyri-dövlət təşkilatları hamılıqla bu konsepsiyanın hazırlanmasına qoşulmalıdırlar. Yeni konsepsiya çox konseptual sənəd olmalıdır.
Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, bu konsepsiya, ilk növbədə, gənc nəslə ünvanlanmalıdır. Çünki gənc nəslin nümayəndələri artıq postmodern dövrünün insanlarıdır. Bütün bu mədəni irs postmodern "dilində" təqdim edilməsə, o, heç vaxt təbliğ oluna bilməyəcəkdir. İnformasiya cəmiyyətinin xüsusiyyəti ondan ibarətdir ki, əgər bu irs virtual məkanda yaşamasa, onun insan kapitalının yenilənməsinə təsiri olmayacaqdır.
Fatma Abdullazadə demişdir ki, xalqımızın mədəni irsi ilə bağlı çox zəngin internet resursları yaratmalıyıq. Yeni texnologiyalardan istifadə etməklə elə muzeylər yarada bilərik ki, onlara nə bina, nə də qədimdən qalan artıq əşyalar lazım gəlməz. Həmin virtual muzeylər vasitəsilə çox şeyi təbliğ etmək olar. Belə virtual muzeylər olmadan, nə gənclərə, nə xarici ölkələrə mədəni irsimizin bütün zənginliyini, onun əhatə etdiyi sahələri çatdıra bilmərik. Bu iş çox böyük ustalıqla görülməlidir.
Bu gün özümüz də hiss etmədən bir çox mədəni irs nümunələrimizdən demək olar ki, imtina etdiyimizi, nəticədə onların öyrənilmədiyini, itib-batdığını deyən şöbə müdiri bunlara misal olaraq, Bakı və Gəncə şəhərlərinin folklorunu göstərmişdir. Demişdir ki, XX əsrdə hamı qədim nağılları, rəvayətləri, mifləri araşdırıb qələmə alırdı. Lakin bu böyük folklor nümunələri heç kim tərəfindən qələmə alınmamışdır. Bu gün tariximizlə bağlı bir çox eksponatlar dünya muzeylərində saxlanılır. Təəssüf ki, bu gün biz bütün bunların mövcudluğundan xəbərsizik. Eyni zamanda, qədim mədəni irsimizə dair bir çox əlyazmalarımız var ki, onlar bilavasitə tariximizlə, mədəniyyətimizlə bağlı olsalar da, harada saxlandıqlarını bilmirik.
Şöbə müdiri diqqətə çatdırmışdır ki, mədəni irsin təbliği bir çox vacib məsələləri gündəmə gətirir. Xalqımızın zəngin mədəni irs nümunələrini ölkəyə gələn hər bir turist üçün yüksək səviyyədə tərcümə etmək lazımdır. Burada söhbət dil tərcüməsindən getmir. Söhbət xalqımız üçün əziz, vacib olan hansısa mədəni abidənin Azərbaycana gələn insan üçün maraqlı təqdimatından gedir.
Fatma Abdullazadə çıxışının sonunda demişdir: "Bir sözlə, bu konsepsiya bütövlükdə gələcəyə ünvanlanmışdır. Arzu edərdim ki, ölkəmizin çox istedadlı və hərtərəfli inkişaf edən gəncliyi əsrlərin süzgəcindən süzülüb gələn bu mədəni irsin layiqli davamçısı, qoruyucusu olsun. Yalnız belə bir şəraitdə bu zəngin irs qoruna, inkişaf etdirilə, gələcək nəslə ərməğan ola bilər".
Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir ki, konsepsiyada mədəni irsin qorunub saxlanılması, səmərəli idarə olunması problemlərinin əsas prioritet kimi qəbul edilməsi Prezident İlham Əliyevin bu sahəyə mühüm əhəmiyyət verməsinin təsdiqidir. Bu baxımdan, konsepsiya çərçivəsində Azərbaycan xalqının zəngin adət və ənənələrinin təbliği, milli bayram və mərasimlərin qorunub saxlanılması, tarixi rəmz və abidələrin bərpası, milli musiqi və rəqslərin təşviqi, şifahi xalq yaradıcılığının qorunması, xalq oyun və tamaşalarının bərpası, dünyanın nüfuzlu muzeylərində saxlanılan incəsənət nümunələrimizin öyrənilməsi və digər zəruri işlərin kompleks şəkildə həll edilməsi məqsədilə bu sahə üzrə strategiya, dövlət proqramları və tədbirlərin hazırlanması nəzərdə tutulmuşdur.
Nazir müavini bildirmişdir ki, ümumiyyətlə, konsepsiyanın icrası sahələr üzrə strategiyalar, proqramlar, tədbirlər planları əsasında həyata keçiriləcəkdir. Prezidentin müvafiq fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinə konsepsiya ilə bağlı dövlət orqanlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun yaradılması barədə və konsepsiyanın həyata keçirilməsini təmin etmək üçün qəbul ediləcək dövlət proqramları, strategiyaları, digər sənəd və tədbirlərin siyahısına dair təkliflərin təqdim edilməsi tapşırılmışdır. Bununla əlaqədar aidiyyəti təşkilatlardan 300-dən çox strategiya, o cümlədən mədəni irsin qorunmasına dair proqramlar, tədbirlər planları və digər sənədlərin hazırlanması təklifləri daxil olmuşdur. Hazırda qəbul edilməsi tövsiyə olunan sənədlərin siyahısının dəqiqləşdirilməsi yekunlaşmaqdadır.
Dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutmuş qədim və zəngin irsimizlə fəxr etdiyini söyləyən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nailə Vəlixanlı bildirmişdir ki, bu sahədə alimlərin üzərinə daha böyük məsuliyyət düşür. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik. Bu müqəddəs vəzifəni yerinə yetirməsək, gələcək nəsillərin qınağına çevrilər, onlara xəyanət etmiş olarıq.
Akademik demişdir ki, konfransda səslənən fikirlər Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş İnkişaf Konsepsiyasında nəzərdə tutulan mühüm vəzifələrin həlli üçün prioritet istiqamətlərin müəyyənləşməsinə kömək edəcəkdir.
Mədəni irsi xalqın vətəndaşlıq, varlıq şəhadətnaməsi adlandıran N.Vəlixanlı bu irsin qorunmasının, təbliğinin ən başlıca vəzifələrdən biri olduğunu demişdir. Bildirmişdir ki, mədəni irsi lazımi səviyyədə qorumaq üçün təkcə şövq, həvəs və hətta milli qeyrət bəs etmir. Bunun üçün dövlət və xalqın biri digərini tamamlayan, biri digərinə dəstək olan həmrəyliyi vacibdir.
Tədbirdə "Əqli mülkiyyət kimi qorunan mədəni irs", "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, qoruqların fəaliyyətinin təkmilləşməsi sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr", "Azərbaycanın maddi mədəni abidələrinin dünyada tanıdılması və UNESCO-nun Ümumdünya İrs Siyahısının bu istiqamətdə rolu", "Mədəni irsin təbliği kontekstində Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və bərpasının əhəmiyyəti" və digər mövzularda məruzələr dinlənilmişdir.
Tədbirə yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söylənilən dəyərli fikirlərə görə çıxış edənlərə minnətdarlığını bildirmiş və demişdir ki, bütün bu və ya digər təkliflər yeni konsepsiyanın hazırlanmasına və mədəni irsimizin daha geniş formada təbliğinə öz müsbət təsirini göstərəcəkdir.
Konfransda
müzakirə olunan məsələ ilə bağlı qətnamə qəbul edilmişdir.
Azərbaycan.-2013.- 23 fevral.- S.7.