Xaçmaz, Zaqatala, Göygöl
Xalq
Yaradıcılığı Paytaxtları
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün "Xalq Yaradıcılığı Paytaxtları" proqramına əsasən, hər il bölgələrimizdə bu qürurlu adı daşıyan şəhərlər müəyyən edilir. 2013-cü ildə Xaçmaz şəhəri "Azərbaycanın Əfsanələr Paytaxtı", "Zaqatala Folklor Paytaxtı", Göygöl şəhəri isə "Sənətkarlıq Paytaxtı" seçilib. Artıq ənənəvi hal alan bu seçimin böyük əhəmiyyəti var. Həm fərqlənən şəhərlərin tanıdılması baxımından, həm də Azərbaycanda turizmin inkişafına yeni töhfələr verilir. Müxtəlif beynəlxalq tədbirlərin, proqram və layihələrin həmin şəhərlərdə baş tutması da turizm axınını bölgələrə sürətlə istiqamətləndirir.
Bu günlərdə Muzey Mərkəzində 2013-cü il üçün hazırlanmış "Xalq Yaradıcılığı Paytaxtları"nın yeni layihəsinin təqdimat mərasimi keçirildi. Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu layihənin əhəmiyyətindən danışdı. Nazir mədəniyyətimizin sərhədlər aşaraq bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsini şərtləndirən uğurlara toxunaraq dedi: "Nazirliyin fəaliyyətində bu istiqamət olduqca mühüm yer tutur. Biz xalq yaradıcılığının inkişafına xüsusi önəm veririk, bu, təbiidir. Çünki bizim mədəniyyət sahəsində əldə etdiyimiz uğurlar, sözsüz ki, öz kökləri ilə xalq yaradıcılığına söykənir. Yalnız bu ənənələrə, bu imkanlara istinad edərək yeni formalaşmış mədəniyyət haqqında danışa və onu təbliğ edə bilərik".
Həqiqətən də son illər ölkəmizdə təşkil olunan bir sıra tədbirlər - Dünya Mədəniyyətlərarası Dialoq Forumu, mədəni irslə bağlı konfranslar, Azərbaycanda və xaricdə keçirilən təqdimatlar, mədəniyyət günləri, beynəlxalq musiqi festivalları, müsabiqələr bir daha təsdiqləyir ki, xalqlar arasında ünsiyyətin birinci mərhələsi mədəniyyətlərin təmasından keçir. Azərbaycan xalqının qədim tarixi irsini, zəngin adət-ən-ənələrini, mədəni dəyərləri qoruyub saxlamaq, onu gələcək nəsillərə çatdırmaq çox vacib məsələdir. Bu sahədə ölkə Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bir sıra tədbirlər xüsusi əhəmiyyət daşıyır. Bu ardıcıl fəaliyyətin nəticəsində də Azərbaycan xalq yaradıcılığının nümunəsi olan aşıq sənəti (2009), Azərbaycan xalçaçılıq sənəti (2010), tar ifaçılıq sənəti (2012) UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edildi. UNESCO-nun xətti ilə Novruz bayramı beynəlxalq səviyyədə qeyd edilməsi üçün 21 mart - Beynəlxalq Novruz Günü adlandırıldı. Bu gün Azərbaycan mədəniyyət inciləri bəşəriyyət xəzinəsində öz layiqli yerini tapıb. Buna görə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyri-maddi irsin qorunması və təbliğinin daim diqqət mərkəzində olmasını xüsusi vurğulayaraq dedi: "Bakı şəhərinin Qobustan, Maştağa, Əmircan və Yeni Suraxanı qəsəbələrində Azərbaycan xalq dekorativ-tətbiqi və təsviri sənət ənənələrinin dirçəldilməsi" və "Bərdə şəhərində dekorativ sənət ənənələrinin təbliği və xalçaçılığın inkişafı" pilot layihələri həyata keçirilib. Bu sahədə aparılan islahatların davamı olaraq milli mənəviyyat və mədəniyyətin inkişaf özəyini təşkil edən diyarşünaslıq, folklor və sənətkarlıq üzrə qeyri-maddi mədəni irs abidələrinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması məqsədilə "Azərbaycanın qeyri-maddi mədəni irs abidələrinin Dövlət Reyestri" tərtib edilib. Fərəhli haldır ki, Azərbaycan MDB ölkələri arasında ilk respublikadır ki, belə bir reyestr hazırlayıb.
Əbülfəs Qarayevin geniş nitqindən o da məlum oldu ki, xalqımızın qeyri-maddi mədəni irsinin sistemli şəkildə inkişafı və təbliğini təşkil etmək məqsədilə "Azərbaycanın qeyri-maddi mədəni irs sübyektlərinin portfolio bankı" hazırlanır. Burada xalq kollektivləri, ifaçılar, xalq dekorativ-tətbiqi və təsviri sənəti ilə məşğul olan sənətkarlar barədə məlumatlar əksini tapacaq.
Həqiqətən də 2010-2014-cü illər üçün "Xalq Yaradıcılığı Paytaxtları" proqramının gerçəkləşdirilməsi bölgələrdə turizmin inkişafına bir töhfədir. Bu layihələr turistləri çox cəlb edir. Nazirin verdiyi məlumata görə, ötən il ölkəmizə turistlərin sayında 11-12 faiz artım müşahidə olunub. Maraqlı məqamlardan biri də budur ki, Azərbaycana gələn turistlər maddi-mədəni abidələrə, təbiətə, adət-ənənələrə çox önəm verirlər. Bu il üçün paytaxt şəhərləri seçilən Xaçmaz, Zaqatala və Göygöldə müxtəlif nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli konfransların, "dəyirmi masa"ların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə il öncə başlanan bu layihə uğurla icra olunur və yeni təşəbbüslərə zəmin yaradır. Nazirlik bu uğurlara əsaslanaraq regionlarda xalq yaradıcılığına köklənən əfsanələrə, folklora, el sənətkarlığına diqqəti gücləndirir və onun daha da inkişafına müasir cizgilər naxışlayır.
Ötən illərin təcrübəsi göstərir ki, bu layihələrin gerçəkləşdirilməsi həqiqətən də həmin paytaxt şəhərlərin hüsnünə yeni gözəllik gətirdi. "Paytaxt" sözünün kəsb etdiyi mənanın anlamına diqqətlə yanaşdıqda, təbii ki, onu doğrultmaq üçün çox mühüm işlər görülür, səliqə-sahmandan, abadlıqdan, yenidənqurmadan başlayaraq maddi-mənəvi sərvətlərin təqdimatına qədər. Bizim üçün də xoşdur ki, bölgələrimizə təşrif buyuran hər bir xarici vətəndaş, turist, qonaq Azərbaycan xalqının mədəniyyəti, təbiəti, qonaqpərvərliyi, sənət qabiliyyəti və tolerantlığı ilə yaxından tanış olur, bizdən xoş təəssüratlarla ayrılırlar. Ötən illərdə olduğu kimi, bu il də "Xalq Yaradıcılığı Paytaxtları"na layiq görülən şəhərlərin bu adı doğruldacağına və mədəniyyətin yeni üfüqlərini fəth edəcəklərinə inanırıq!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 23 fevral.- S.7.