Vyanada Xocalı faciəsinin ildönümü münasibətilə kütləvi aksiya

 

Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 23-də Vyananın mərkəzində yerləşən Ştefan meydanında Azərbaycan xalqının ən faciəvi günlərindən biri - Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar kütləvi aksiya keçirmişdir.

Meydanda qurulmuş çadırda Xocalı soyqırımına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilmişdir.

Tələbələr üzərində "Xocalıya ədalət!" yazılmış böyük ölçülü plakatlarla meydandan keçən insanların diqqətini keçirilən aksiyaya cəlb etmiş, onlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, onun nəticəsində baş vermiş ən dəhşətli faciə olan Xocalı soyqırımı barədə ətraflı məlumat vermişlər.

Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar nümayiş etdirilmiş, aksiyaya maraq göstərənlərə üzərində "Mən Qarabağı, Azərbaycanı sevirəm!" yazılmış köynəklər hədiyyə olunmuşdur.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2013.- 24 fevral.- S.4.