«Xarici ölkələrin
jurnalistikası tarixi» dərsliyinin təqdimatı olmuşdur
Fevralın
22-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Bakı
Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin
kafedra müdiri, professor Həmid Vəliyevin "Xarici ölkələrin
jurnalistikası tarixi" kitabının təqdimatı
olmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə idarə heyətinin
üzvləri, KİV rəhbərləri, ictimaiyyət
nümayəndələri, BDU-nun müəllimləri və tələbələr
iştirak etmişlər.
Mərasimdə
Mətbuat Şurasının sədri Əflatun Amaşov
ömrünün yarıdan çoxunu jurnalistika sahəsində
elmi axtarışlara, tədqiqatlara həsr etmiş Həmid Vəliyevin
yeni dərs vəsaiti barədə ətraflı məlumat
vermişdir. Bildirmişdir ki, xarici ölkələrin
jurnalistikası tarixi müasir jurnalistikanın ən
mühüm və maraqlı sahələrindən biridir. Sahəyə
dünyanın bütün inkişaf etmiş ölkələrində
xüsusi önəm verilir, tədqiqatların nəticəsi
olaraq elmi nəşrlər, tədris vəsaitləri
hazırlanır.
Qeyd
edilmişdir ki, Azərbaycanda xarici ölkələrin
jurnalistikası tarixi fənni ölkəmizdə jurnalistikanın
tədris olunduğu ilk illərdən proqrama daxil
edilmişdir. Lakin buna baxmayaraq, ali məktəblərimizin
müvafiq fakültələrində bu fənnə aid ana
dilimizdə tədris vəsaitlərinin
çatışmazlığı xarici dillərdə olan mənbələrə
üz tutmaq zərurəti yaratmışdır. Bu mənada
müəllifin Azərbaycan dilində yazılmış dərsliyi
jurnalistika elmimizə yüksək xidmət nümunəsi
hesab edilməlidir. Belə dərsliklərin
yazılmasının o qədər də asan
olmadığını vurğulayan Ə.Amaşov Təhsil
Nazirliyinin müvafiq əmri ilə fənn proqramı kimi
çap olunmuş vəsaitin "Xarici ölkələrin
jurnalistikası tarixi" kursunun proqramları əsasında
yazılmış ilk dərslik olduğunu söyləmişdir.
Sonra
Həmid Vəliyevə Mətbuat Şurasının diplomu təqdim
edilmişdir.
Tədbirdə
MŞ idarə heyətinin üzvlərindən "İki
sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas,
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar
İttifaqının sədri Müşfiq Ələsgərli, Bakı Dövlət Universitetinin
Beynəlxalq jurnalistika kafedrasının müəllimi, tarix
elmləri namizədi İlham Mazanlı, BDU-nun mətbuat və
informasiya şöbəsinin müdiri Pərvanə
İbrahimova və digərləri vəsaitin elmi məziyyətlərindən
söz açmışlar.
Bildirilmişdir
ki, yeni dərslik, ilk növbədə, ali məktəblərin
jurnalistika və filologiya fakültələrinin tələbələri
üçün nəzərdə tutulmuşdur. Vəsaitdən
magistr, dissertant və doktorantlar, xarici ölkələrin
jurnalistika tarixini tədris edən müəllimlər faydalana
bilərlər. Elmi redaktorları filologiya elmləri doktoru,
professor Nəsir Əhmədli və filologiya elmləri namizədi,
dosent Vüqar Əliyev olan dərslikdə qədim dövrdən
XX əsrin sonlarınadək keçən müddətdə
dünya jurnalistikası tarixindən xronoloji
ardıcıllıqla bəhs edilmiş, kütləvi
informasiya vasitələrinin (KİV) tipoloji inkişafı
prosesi nəzərdən keçirilmiş, müxtəlif
ölkələrin və xalqların sosial,
qarşılıqlı mədəni fəaliyyətinin
xüsusiyyətləri, ümumi inkişaf meyilləri göstərilmişdir.
Çıxışçılar
çoxillik axtarışlarının bəhrəsi olan nəşrin
müəllifinə elmi axtarışlarında uğurlar
arzulamışlar.
Sonda
Həmid Vəliyev çıxış edərək tədbirin
təşkilatçılarına və
iştirakçılara minnətdarlığını
bildirmişdir.
Azərbaycan.-2013.- 23 fevral.- S.8.