«Azərbaycanda Olimpiya
Hərəkatı: daim yüksəlişdə»
ikicildliyinin təqdimatı keçirilmişdir
Fevralın
23-də "Gülüstan" sarayında "Azərbaycanda
Olimpiya Hərəkatı: daim yüksəlişdə"
adlı ikicildlik kitabın təqdimatı
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, "Azərbaycan" qəzetinin
redaksiyası tərəfindən hazırlanmış bu kitab
müasir Azərbaycan dövlətinin banisi, ulu öndər
Heydər Əliyevin əbədiyaşar xatirəsinə və
Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycan
Olimpiya Hərəkatının inkişaf mərhələsinə
qədəm qoymasının 15-ci ildönümünə ithaf
edilmişdir.
Bu
sanballı nəşrin ideya rəhbəri və "Ön
söz"ün müəllifi Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, nəşrin
redaktoru Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli
Həsənovdur. Kitabın buraxılışına məsul
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
və Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və
"Azərbaycan" qəzeti redaksiyasının kollektividir.
Tədbiri
giriş sözü ilə açan "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
Sadıqov ölkəmizdə idmana dövlət tərəfindən
böyük diqqət və qayğı göstərildiyindən
danışmış və müstəqillik dövründə
bu sahədə əldə olunan uğurların kitabda öz əksini
tapdığını qeyd etmişdir.
Natiq
bildirmişdir ki, ötən illər ərzində ulu öndər
Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən idmana həsr olunmuş çoxsaylı
görüşlər keçirilmiş, mühüm sənədlər
imzalanmış, müxtəlif layihələr reallaşdırılmışdır.
Görülmüş işlərin həcmcə
böyüklüyü bizi kitabı iki cilddə
hazırlamağa sövq etmişdir. Əgər kitabın
birinci cildi Olimpiya oyunları, idmanın inkişafı ilə
bağlı sırf faktoloji materiallar, ayrı-ayrı
oçerklərdən ibarətdirsə, ikinci cild Prezident İlham
Əliyevin idmanla bağlı fəaliyyətini əks etdirən
və bu sahənin inkişafını əhatə edən fərman
və sərəncamları və digər sənədləri
özündə ehtiva edir. Dövlət əhəmiyyətli
sənədlər ikinci cilddə birinci cilddən çoxdur.
Bu da onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev
Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi on beş il ərzində
bu sahəni daim diqqətdə saxlamışdır.
Azərbaycanda
Olimpiya Hərəkatının tarixini, əldə edilmiş
uğurları, Prezident İlham Əliyevin beynəlxalq tədbir
və görüşlərdəki iştirak və çıxışlarını
toplum halında oxucuya çatdıran, qazanılmış
uğurları fotoşəkillərin "dili" ilə
geniş auditoriya ilə bölüşən bu kitabı tam məsuliyyətlə
idman tariximizin əvəzsiz salnaməsi adlandırmaq olar.
Kitabda
müstəqillik dövründə Azərbaycan
idmanının inkişafı, ölkəmizdə Olimpiya
oyunlarına hazırlığın təhlili, bu sahədə
görülən işlər və son beş Olimpiya
oyunlarında iştirakımızla bağlı bütün məsələlər
geniş şərh olunmuşdur.
Baş
redaktor demişdir ki, biz artıq Azərbaycanın
bütün sahələr üzrə inkişafının
faizlərlə deyil, dəfələrlə artmasına
şahidik. Əgər Atlanta Yay Olimpiya Oyunlarında bir medal
qazanmışdıqsa, London Yay Olimpiya Oyunlarında 10,
Paralimpiya oyunlarında isə daha çox medal əldə
etdik. Bu, idman sahəsində də artımın dəfələrlə
olduğunun bariz göstəricisidir.
B.Sadıqov
vurğulamışdır ki, əsas məqsədlərimizdən
biri müstəqillik dövründən bəhs edən Azərbaycanın
idman tarixini dolğun və geniş şəkildə yazmaqdan
ibarət olmuşdur. Biz bununla,
ölkəmizdə idmanın inkişafı ilə
bağlı görülən işləri geniş auditoriyaya
təqdim etməyə çalışmışıq.
İnanırıq ki, çəkdiyimiz zəhmət idman
mütəxəssislərinin, idmançıların,
xüsusilə də, jurnalistlərin hər zaman köməyinə
çatacaq, onlar üçün ən yaxşı istinad mənbəyi
olacaqdır.
Tədbirdə
çıxış edən gənclər və idman naziri Azad
Rəhimov bildirmişdir ki, Azərbaycanda bədən tərbiyəsi
və idmanın inkişafı xalqımızın
ümummilli lideri Heydər Əliyev şəxsiyyəti, onun əvəzedilməz
quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Ulu
öndərin yorulmaz fəaliyyətinin, xalqın fiziki
sağlamlığına yetirdiyi diqqətin nəticəsidir
ki, bu gün Azərbaycanda idmana maraq və həvəs
kütləvi hal almışdır.
Nazir
xüsusilə qeyd etmişdir ki, respublikamızda Olimpiya Hərəkatının
inkişafı Prezident İlham Əliyevin adı ilə
bağlıdır. Son illərdə ölkəmizdə 40-dək
yeni Olimpiya idman kompleksinin, bir sıra müxtəlif idman
növləri üçün xüsusi idman mərkəzlərinin
istifadəyə verildiyini söyləyən A.Rəhimov
hazırda bu istiqamətdə işlərin davam etdirildiyini
bildirmişdir. Diqqətə
çatdırılmışdır ki, bütün bunlar bizə
bundan sonra da mühüm beynəlxalq
idman tədbirlərini Azərbaycanda keçirməyə
imkan verəcəkdir.
Qarşıdakı
illərdə ölkəmizin bir sıra mötəbər
yarışlara ev sahibliyi edəcəyini söyləyən
nazir xüsusi vurğulamışdır ki, 2015-ci ildə
Dünya kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası
Bakıda keçiriləcəkdir. Ölkəmiz gələn
il Dünya İdman Mətbuatı Assosiasiyası olan
AİPS-in növbəti konqresinə də ev sahibliyi edəcəkdir.
Hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam
Həmrəyliyi Oyunlarını keçirmək
üçün namizədliyi irəli
sürülmüşdür. Bununla bağlı müvafiq
texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman
Federasiyasına təqdim olunmuşdur. Ən əsası isə
Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı
ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil
etmək hüququ Bakıya verilmişdir.
İlk
dəfə reallaşacaq bu
mötəbər idman
bayramının ölkəmizdə keçirilməsi ilə
bağlı qərarın verilməsi də bir daha sübut
edir ki, bu gün Azərbaycan, həqiqətən, Avropanın
və dünyanın idman mərkəzlərindən biridir.
Bildirilmişdir
ki, Azərbaycanda idmanın, Olimpiya Hərəkatının
daim yüksələn uğurları istər elektron, istərsə
də yazılı mətbuatda dərc olunaraq oxuculara, idman həvəskarlarına
çatdırılır. Lakin bu möhtəşəm
uğurların salnamə şəklində tariximizə həkk
olunması üçün kitabların böyük əhəmiyyəti
vardır. Qazanılan uğurların nəticəsidir ki, son
illərdə ölkəmizdə bədən tərbiyəsi
və idman sahəsindəki uğurları əks etdirən
20-dən çox kitab nəşr olunmuşdur.
Azad
Rəhimov demidir: "Bu gün təqdimatına
toplaşdığımız "Azərbaycanda Olimpiya Hərəkatı:
daim yüksəlişdə" kitabının mühüm əhəmiyyəti
vardır. Kitabda yer alan bölmələrə diqqət yetirəndə
hiss olunur ki, müəlliflər ölkəmizdə Olimpiya Hərəkatının
ən incə detallarına belə diqqət yetirmiş və
heç bir faktı nəzərdən
qaçırmamışlar. Bu kitabı ölkəmizdə
idman və bədən tərbiyəsinin, xüsusən də
Olimpiya sahəsinin mükəmməl salnaməsi hesab etmək
olar".
Azərbaycan
idman tarixinin öyrənilməsi baxımından kitabı həm
bugünkü, həm də gələcək nəsillər
üçün sanballı vəsait hesab edən gənclər
və idman naziri nəşrin
araya-ərsəyə gəlməsində əməyi olan hər
kəsə təşəkkür etmişdir.
Müstəqillik
illərində başqa sahələrlə yanaşı, idman
sahəsində də ciddi nailiyyətlərə imza
atıldığını söyləyən Yeni Azərbaycan
Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı
Mübariz Qurbanlı demişdir ki, Olimpiya Hərəkatında
əldə etdiyimiz uğurların tarixə çevrilməsi
baxımından bu gün təqdimatına
toplaşdığımız bu ikicildliyin çox
böyük siyasi-ideoloji əhəmiyyəti vardır. Bizim
qazandığımız hər bir uğur düşmən
üzərində mənəvi qələbə deməkdir.
İdman sahəsində də əldə etdiyimiz uğurlar
ciddi nailiyyətlərimizdən hesab edilməlidir. Kitabın əsas
məziyyəti ondan ibarətdir ki, ötən illər ərzində
Azərbaycanın Olimpiya Hərəkatının bütün
nailiyyətləri burada faktoloji materiallar əsasında,
sistemli şəkildə verilmişdir.
İdeya müəllifi Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan
bu kitab böyük əhəmiyyət kəsb edir.
Çünki kitabda Azərbaycanda idman və Olimpiya Hərəkatındakı
irəliləyişlər, qələbələr öz əksini
tapmışdır. Ulu öndər Heydər Əliyevin idmanın
inkişafı üçün verdiyi sərəncamlar, etdiyi çıxışlar burada
öz əksini tapmışdır. Bu kitablar gələcəkdə
idman tariximizi tədqiq etmək istəyənlər
üçün dəyərli mənbədir. Eini zamanda,
Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə
rəhbər gəlməsindən sonra ölkəmizdə
Olimpiya Hərəkatının genişlənməsi istiqamətində
görülən tədbirlər, o cümlədən dövlət
başçısının Olimpiya yarışlarında
şəxsən iştirakı və medal alan
idmançılarımızla keçirdiyi görüşlərdəki
nitqləri də burada cəmlənmişdir.
Azərbaycanda
idmanın inkişafının ölkə rəhbərliyinin
daim diqqət mərkəzində olduğunu söyləyən
M.Qurbanlı demişdir ki, bunun bariz göstəricisi son illər
bölgələrdə müasir tələblərə cavab
verən Olimpiya idman komplekslərinin istifadəyə verilməsidir.
İdmana diqqət siyasi əhəmiyyət kəsb edən bir
məsələdir. İdman və siyasət bu gün həddindən
artıq bir-birinə bağlıdır. Bu kitabda da bu məqamları
görürük.
"Azərbaycanda
Olimpiya Hərəkatı: daim yüksəlişdə"
adlı ikicildlikdə Azərbaycan idmanındakı irəliləyişi,
dinamikanı, uğurları görməmək
mümkünsüzdür. İnanıram ki, bu uğurlar gələcəkdə
daha da artacaqdır.
Azərbaycanda
Olimpiya Hərəkatının tarixindən danışan
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə
demişdir ki, Dünya Olimpiya Hərəkatının
başlamasından 100 il sonra Azərbaycan müstəqil
dövlət kimi bu hərəkata qoşulmuşdur.
Ulu
öndər Heydər Əliyevin bu sahəyə diqqət və
qayğısını qeyd edən natiq
vurğulamışdır ki, ümummilli liderimizin
xeyir-duası, tapşırıq və tövsiyələri əsasında
yaradılan Gənclər və İdman Nazirliyi ölkəmizin
tanınması, yeni idmançılar nəslinin
formalaşması, gənclərin fiziki cəhətdən
sağlam böyüməsi naminə böyük işlər
görməkdədir.
Bildirilmişdir
ki, dövlət başçısı İlham Əliyevin
Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda
Olimpiya Hərəkatının yeni inkişaf dövrü
başlamışdır. İnkişaf təkcə Olimpiya
Oyunlarında hər dəfə medalların sayının
artması ilə deyil, həm də ölkəmizdə idman
infrastrukturunun yenilənməsi, olimpizmin inkişafı, o
cümlədən bu sahəyə aid nəşrlərin
çoxalması, gənclərin idmana həvəsinin əhatə
dairəsinin genişlənməsi ilə müqayisə
olunmalıdır.
Ç.Hüseynzadə
demişdir ki, bu gün dünyanın ən mötəbər
idman yarışları Bakıda keçirilir. Belə bir
yüksək inkişaf şəraitində məhz bu
kitabın ərsəyə gəlməsi deməyə əsas
verir ki, bizi qarşıda çox böyük uğurlar
gözləyir.
Kitabın
işıq üzü görməsində əməyi olanlara
təşəkkürünü bildirən Milli Olimpiya Komitəsinin
vitse-prezidenti bu istiqamətdə işlərin davamlı
olacağına əminliyini bildirmişdir.
Kitabı
məzmunca gənc tədqiqatçılar, eləcə də Azərbaycanın idman tarixini
araşdıranlar üçün dəyərli mənbə
adlandıran Yeni Azərbaycan Partiyası Gənclər
Birliyinin sədri Seymur Orucov ikicildliyin yaradıcı heyətini
belə bir nəşrin işıq üzü görməsi
münasibətilə təbrik etmişdir.
Bildirilmişdir
ki, ölkədə idman artıq özünün yüksəliş
mərhələsinə qədəm qoymuşdur. Əldə
olunan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə
göstərdiyi böyük diqqət və
qayğının göstəricisidir.
Kitabın
əhəmiyyətindən danışan Olimpiya çempionu Fərid
Mansurov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin dərin
və uzaqgörən siyasətində
Azərbaycanda idmanın və Olimpiya Hərəkatının
inkişaf etdirilməsi xüsusi yer tutmuşdur.
Olimpiya
çempionu bütün
idmançılara göstərdiyi böyük diqqət və
qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirmişdir.
Diqqətə
çatdırmışdır ki, bu böyük diqqət və
qayğının tarixin səhifələrinə çevrilməsi
üçün Azərbaycan Olimpiya Hərəkatına dair
bütün sənədlər, məlumatlar, faktlar
toplanmalıdır. Sənədlər, faktlar əsasında
yazılan kitablarda qazanılmış uğurlar hərtərəfli
ifadəsini tapır ki, nəticədə hər kəsin zəhməti
yaddaşlara həkk olur. Olimpiya Hərəkatımızın
tarixi yüksəlişinin qələmə alınması təqdirəlayiqdir.
Sonda
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin
deputatı Bəxtiyar Sadıqov demişdir ki, Azərbaycanın
idman sahəsində uğur qazanması təsadüfi deyildir.
Ölkəmizdə əlverişli idman mühiti
yaranmış, bu sahə dövlət siyasətinin tərkib
hissələrindən birinə çevrilmişdir.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmiz gələcəkdə
daha böyük uğurlara imza atacaqdır.
Mərasimin
iştirakçılarına minnətdarlığını
bildirən Bəxtiyar Sadıqov demişdir ki, kitab
qarşıdan gələn prezident seçkilərinə
növbəti töhfələrdən biridir.
AzərTAc
Azərbaycan.-2013.- 24 fevral.- S.1;3.