Xocalı soyqırımı qurbanlarının xatirəsi Çində anılmışdır

 

Azərbaycanın Çin Xalq Respublikasındakı (ÇXR) səfirliyində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Yerli ictimaiyyətin nümayəndələrinin, bu ölkədə yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 1992-ci ilin soyuq fevral günlərində Xocalıda erməni millətçilərinin sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törətdikləri ağlasığmaz qəddarlıqdan danışan Azərbaycanın ÇXR-dəki səfiri Lətif Qəndilov bildirmişdir ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət idi. Qara dənizdən Xəzər dənizinədək olan ərazidə "Böyük Ermənistan" dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi.

Səfir L.Qəndilov demişdir ki, bu gün artıq Azərbaycan hökuməti erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu, Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunmuşdur.

Bundan başqa, səfirlikdə Heydər Əliyev Fondunun Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə təqdim etdiyi materiallardan, o cümlədən fotoşəkillər, CD-lər, "Qarabağ həqiqətləri" silsiləsindən kitab və bukletlər, habelə "Xocalı uşaqların gözü ilə" mövzusunda rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Pekin

 

Azərbaycan.-2013.- 24 fevral.- S.2.