Türkiyənin şəhərlərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər davam edir

 

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Türkiyənin müxtəlif şəhərlərində Azərbaycanın qardaş ölkədəki diplomatik nümayəndəlikləri, yerli universitetlər və idarəetmə orqanlarının təşkilatçılığı ilə anma tədbirləri və konfranslar keçirilir.

Eskişehir Anadolu Universitetində keçirilən anma mərasimində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmış, ölkəmizin İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunmuş fotosərgi ilə tanışlıq olmuşdur.

Universitetdə keçirilən konfransda çıxış edən Osmanqazi Universitetinin professoru Nedim Ünal, Qazi Universitetinin professoru Cəmalləddin Taşkıran, Kırıkkale Universitetinin professoru Şenol Kantarcı ermənilərin Anadolu və Azərbaycan torpaqlarında törətdikləri qətliamlardan bəhs edən məruzələr təqdim etmişlər. Onlar vurğulamışlar ki, heç bir əsas və fakt olmadan dünyada qondarma "soyqırımı" təbliğatı aparan ermənilərin Xocalıda törətdikləri qətliamın bütün sənəd və sübutları mövcuddur. Saxta "erməni soyqırımının" 100-cü ildönümünə hazırlaşan erməni lobbisinə layiqli cavab vermək üçün bu sənədlər ən mühüm cavab olacaqdır.

Xocalı soyqırımının ildönümü ilə bağlı daha bir tədbir Sivas şəhərindəki Ticarət və Sənaye Palatasının konfrans salonunda keçirilmişdir. Sivas Ülkü Ocaqlarının təşkil etdiyi "Müstəqilliyini gözləyən türklər və Xocalı qətliamı" mövzusunda konfransda çıxış edən Türkiyə parlamentinin üzvü Sinan Oğan bildirmişdir ki, Anadolu və Azərbaycan türklərinin başına gətirilən müsibətlər iki qardaş ölkənin ictimaiyyəti və ziyalılarının səyləri nəticəsində bütün dünyada daha çox bilinir. Ərzurumdan İğdıra, Naxçıvandan Qarabağa qədər böyük ərazidə ermənilərin törətdikləri qətliamlar haqqında kitablar yazılır, sərgi və konfranslar təşkil olunur. Bu qətliamlardan ən dəhşətlisi olan Xocalı soyqırımına bütün dünyada hüquqi və siyasi qiymət verilməsi üçün "bir millət, iki dövlət" olan Türkiyə və Azərbaycan diasporlarının fəaliyyəti də xeyli güclənmişdir.               

Sivasdakı anma mərasiminin iştirakçıları Xocalı soyqırımından bəhs edən sənədli filmə tamaşa etmişlər.

Tokat şəhərindəki Atatürk Kültür Mərkəzində də millət vəkili Sinan Oğanın iştirakı ilə "Xocalı qətliamı" mövzusunda konfrans keçirilmişdir. Konfransda çıxış edən S.Oğan və Milliyyətçi Hərəkat Partiyasının Tokat şöbəsinin üzvləri Xocalı soyqırımının Türkiyənin də faciəsi olduğunu, Anadolu türklərinin qardaş Azərbaycanın haqlı olduğu Qarabağ savaşında hər zaman xalqımızın yanında olduğunu vurğulamışlar. Konfrans iştirakçıları Xocalı soyqırımından bəhs edən fotoşəkillər və sənədli filmə baxmışlar.

Xocalı soyqırımının ildönümü ilə bağlı daha bir konfrans Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə Yalova şəhərindəki Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyin Orhangazi Təmsilçiliyi tərəfindən təşkil olunmuşdur. "Qarabağın işğalı və Xocalı soyqırımı" mövzusunda keçirilmiş konfransda Xocalıda və digər yerlərdə ermənilərin törətdikləri qətliamlar haqqında ətraflı məlumat verilmiş, fotosərgi ilə tanışlıq olmuşdur.

"Turan" ocaqları İstanbul vilayət şöbəsində Türkiyə və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Sakarya Universitetində azərbaycanlı tələbələr və burada təhsil alan digər millətlərin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı konfranslar keçirilmişdir.

Türkiyədə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər davam edir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2013.- 24 fevral.- S.4.