Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkmənistanda anılmışdır

 

Fevralın 23-də Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.

Tədbirdə Türkmənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Vəhdət Sultanzadə erməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat vermişdir.

 Bildirilmişdir ki, azərbaycanlılara qarşı planlı şəkildə və davamlı olaraq soyqırımı həyata keçirən ermənilərin Xocalı şəhərində qətlə yetirdikləri, girov götürdükləri sakinlər arasında çoxlu sayda uşaqlar, qadınlar və qocalar olmuşdur.

Diplomat Xocalıda törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmiş, artıq bir neçə ölkənin və bəzi beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulamışdır.

Səfir Heydər Əliyev Fondunun Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilmiş petisiyanı dəstəkləyən hər bir şəxslə həmfikir olduğunu bəyan edərək vətəndaşlarımızın, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın və Azərbaycan həqiqətlərini dəstəkləyən hər kəsin bu səsvermədə fəal iştirak etməsindən danışmışdır. O,  Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində başlanılmış bu aksiya zamanı ABŞ administrasiyasının petisiyaya baxması üçün tələb olunan 100 min əvəzinə 126,014 imza toplandığını vurğulamışdır.

Vəhdət Sultanzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bunun beynəlxalq ictimaiyyət tərəfindən ermənilərin Xocalıda törətdikləri dəhşətli əməllərə bəşəriyyət əleyhinə cinayət kimi hüquqi-siyasi qiymət verilməsi məqsədilə atılmış mühüm addım olduğunu bildirmişdir.

Tədbirdə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciəti oxunmuşdur.

 Anma mərasimi ilə əlaqədar səfirliyin zalında Xocalı faciəsini əks etdirən kitab və şəkillərdən ibarət xüsusi guşə hazırlanmış, Xocalı soyqırımı və erməni terrorunu əks etdirən CD-lər, o cümlədən "Dua" və "Qaçqınlar" sənədli filmləri nümayiş etdirilmişdir.

Tədbirin iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən CD-lər, kitablar və broşürlər, habelə səfirlik tərəfindən Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş və türkmən dilində nəşr edilmiş "Bəşəriyyət əleyhinə cinayət" adlı kitab paylanılmışdır.

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən mətbuat məlumatı yayılmış və səfirliyin veb-səhifəsində yerləşdirilmişdir.

 

 

İlahə ƏHMƏDOVA,

AzərTAc-ın müxbiri

Aşqabad

 

Azərbaycan.-2013.- 24 fevral.- S.4.