Səbail paytaxtın dinamik inkişafda olan ünvanlarından biridir

 

Azərbaycanın dinamik tərəqqisi, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə çevrilməsi, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olması ölkəmizin qısa müddətdə möhtəşəm inkişaf yolu keçdiyini qətiyyətlə söyləməyə əsas verir. Təbii ki, bu uğurların kökündə dayanan əsas səbəb ulu öndər Heydər Əliyevin siyasi kursunun, müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun məzmun və keyfiyyətcə yeniləndirilməsidir.

2012-ci ilin yekunlarına nəzər saldıqda inamla deyə bilərik ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sürətli inkişaf, nəhəng quruculuq işləri Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir, ölkəmizin iqtisadi qüdrəti, siyasi çəkisi və beynəlxalq nüfuzu günbəgün artır, hüquqi, demokratik proseslər daha da inkişaf edir. Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri  rayonların, şəhər və kəndlərin inkişaf yoluna  çıxmasıdır. Azərbaycanın coşqun inkişafının, sürətli yüksəlişinin, günü-gündən dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də hər zaman öz yüksək tərəqqi tempi ilə seçilən Səbail rayonudur. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Səbail rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda da uğurla davam etdirilir. Bu gün rayonda hansı ünvana baş çəksən, dinamik inkişafın şahidi olarsan. Səbail rayonunun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2012-ci ildə də saxlanılıb, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılıb. Statistik rəqəmlər də 2012-ci ildə  Səbail rayonunda müsbət dəyişikliklər baş verdiyini təsdiqləyir.

 

 10 il əvvəllə müqayisədə Səbail çox dəyişib

 

Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycan eyni zamanda böyük tikinti meydanını xatırladır. Prezident İlham Əliyev xüsusən inzibati mərkəz statusu daşıyan Bakının Şərq və Qərb arxitekturasının uğurlu sintezi əsasında yenidən qurularaq modern Avropa şəhərinə çevrilməsi üçün müəyyənləşdirdiyi kompleks tədbirlərin icrasını gündəlik nəzarətdə saxlayır.

Azərbaycanda geniş vüsət alan quruculuq və abadlıq işləri Səbail rayonunda yüksələn templə davam edir. Rayonun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Ölkə başçısının birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Səbail rayonunda bir çox mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, tarixi memarlıq abidələri, dini-mənəvi dəyərləri yaşadan obyektlərin bərpası ilə bağlı önəmli işlər görülüb. Ölkə başçısı rayonda aparılan işlərə xüsusi əhəmiyyət verib, mütəmadi olaraq burada aparılan işlərin gedişatı ilə maraqlanıb, açılış mərasimlərində şəxsən iştirak edib.

Məhz dövlət başçısının təşəbbüsü ilə Heydər Əliyev Fondu, unikal mədəniyyət mərkəzi olan "Üns" teatrı, dünya mədəniyyət inciləri sırasına salınan Beynəlxalq Muğam Mərkəzi üçün inzibati binalar və bir çox yeni obyektlər inşa olunub, rayonda yerləşən demək olar ki, bütün elm, təhsil, mədəniyyət mərkəzləri, istirahət yerləri əsaslı təmir olunaraq abadlaşdırılıb. Yalnız son illər ərzində Şahmat məktəbi, Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası, Milli Məclisin yeni korpusu, Hesablama Palatasının yeni binası, Bakı Biznes Mərkəzi, "Park Bulvar" ticarət və istirahət mərkəzi, "Dalğa Plaza" iş mərkəzi, yeraltı piyada keçidləri, "Qərb" Universitetinin biznes mərkəzinin yeni korpusu, "Hilton Baku", "Crown Hotel", "Park INN" və "Ramada" mehmanxana kompleksləri, "Teleqüllə" kompleksi inşa olunub, İstiqlal abidəsi qoyulub. Səbail rayonu ərazisində həyata keçirilən əzəmətli və irimiqyaslı layihələrdən biri hər birimizin fəxr etdiyi möhtəşəm Dövlət Bayrağı meydanıdır.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən Dövlət Filarmoniyası, Şirvanşahlar sarayı, Dövlət Kukla, Dövlət Gənc Tamaşaçılar, Rus Dram  teatrları, Muzey Mərkəzi,  Azərbaycan Tarixi, Dövlət İncəsənət, Azərbaycan Ədəbiyyatı muzeyləri, "Yaşıl teatr" Konsert Kompleksi, MTN Mədəniyyət Mərkəzinin binası, metronun "İçərişəhər" stansiyasının binası, şəhər sakinləri və paytaxtımızın çoxsaylı qonaqlarının əsas gəzinti və istirahət yerləri, o cümlədən Dənizkənarı Milli park, Yazıçılar Birliyi, Rəssamlar və Bəstəkarlar ittifaqlarının binaları, Respublika Klinik Uroloji Xəstəxanası, "Respublika" mehmanxanası, 132-134 saylı Təhsil Kompleksi, Mərkəzi Poçtun binası, Şəhidlər xiyabanı, Fəxri xiyaban, "Bəhram Gur" abidəsi, Milli Kitabxana, Hökumət evi və bir çox digər obyektlər tamamilə yenidən qurulub.

Milli mənəvi dəyərlərimizə böyük hörmət və ehtiramla yanaşan Prezident İlham Əliyevin təşəbbüsləri ilə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən tikilmiş  Bibiheybət məscidi genişləndirilərək möhtəşəm ziyarətgaha çevrilib, İçərişəhərdə "Cümə", "Gileyli" və "Həzrət Məhəmməd" məscidləri əsaslı təmir olunub. Hazırda dünya mədəniyyət incilərindən hesab edilən, XII əsr memarlıq abidəsi olan Qız qalasında bərpa-konservasiya işləri aparılır.

2012-ci ildə isə Səbail rayonunda "Eurovizion" mahnı müsabiqəsinin keçirildiyi "Baku Krystal Hall" kompleksi, beşulduzlu "JW Mariott Abşeron", "Four Seasons" mehmanxanaları, Badamdar qəsəbəsində Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalının binası, Dənizkənarı Milli parkın Dövlət Bayrağı meydanına qədər olan hissəsi, "Hilton-Baku" hotelinin qarşısındakı park, Azneft döngəsində, Mikayıl Useynov küçəsində inşa olunmuş yeraltı piyada keçidi, SSRİ xalq artisti Bülbülün və iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun abidələri, Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və yeni uşaq bağçasının binaları, əsaslı təmir-yenidənqurma işləri aparılmış Bakı Funikulyoru, "Səadət" sarayı, "Kiçik Venesiya şəhərciyi", 49 nömrəli "İntellekt" məktəb-liseyin binası və onun yeni tədris korpusu, Badamdar qəsəbəsində ümummilli lider Heydər Əliyevin əzəmətli büstünün qoyulduğu Heydər Əliyev parkı, "Bakıelektrikşəbəkə" ASC-nin  "İçərişəhər" yarımstansiyası istifadəyə verilib.

Göründüyü kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Bakının qədim tarixi ənənələrə, mədəni-mənəvi irsə malik rayonlarından olan, paytaxtın mərkəz hissəsi ilə yanaşı Badamdar və Bibiheybət qəsəbələrini, Bayıl və 20-ci Sahə adlanan yaşayış massivlərini əhatə edən Səbail rayonu son illərdə böyük inkişaf yolu keçib, simasını əsaslı şəkildə dəyişib, gözəlləşib. Ona görə cəmi 10 il əvvəllə müqayisədə Səbail rayonu tanınmaz dərəcədə müasirləşib desək, hansısa mübaliğəyə yol vermiş olmarıq. Görülmüş bütün işlər Səbail sakinlərində dövlətə inamı, Prezidentə etimadı daha da möhkəmləndirib, ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativsizliyini bir daha təsdiq edib.

Onu da xatırladaq ki, "Eurovision" mahnı müsabiqəsinin təşkili ilə bağlı məsələlərdə Səbail rayonu rəhbərliyinin də qarşısında mühüm vəzifələr qoyulmuşdu.  Həm "Baku Crystal Hall"ın qısa müddətdə inşası, həm də bütövlükdə mahnı müsabiqəsinin uğurlu təşkili göstərdi ki, bütün qurumlar, o cümlədən Səbail rayonunun aidiyyəti orqanları öz vəzifələrini uğurla yerinə yetiriblər.

 

 Dövlət proqramı Səbailin yüksəlişinə böyük təkan verdi

 

 Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı məsələləri daimi olaraq Prezident cənab İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bunun bariz nümunəsidir ki, paytaxtda və onun qəsəbələrində aparılan abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 2011-ci ilin mart ayında  Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş toplantıdan sonra Prezidentin may ayının 5-də imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam hamı tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. Bu proqramın imzalanması dövlət başçısının verdiyi hər bir vədə sadiqliyini nümayiş etdirir.

Dövlət proqramında Səbail rayonuna geniş yer ayrılmış, 11 bənd üzrə 44 tədbirin həyata keçirilməsi planlaşdırılır ki, hesabat ili ərzində proqrama daxil edilmiş işlərin böyük hissəsi həyata keçirilib. Proqrama əsasən rayonda çoxlu sayda məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları təmir olunub, yeni korpuslar inşa edilib. Genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzində bir sıra yaşayış binalarının üzlənməsi həyata keçirilib. Mərkəzi küçələrdə yerləşən bir çox tarixi və memarlıq binalarının fasadları, eyvanları, dam örtükləri təmir olunub. "Abad həyət" layihəsi əsasında bir neçə ünvanda həyətlər tamamilə yenidən qurulub.

2012-ci il iyun ayının 20-də Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransdan dərhal sonra ölkə başçısı cənab İlham Əliyevin 22 iyun 2012-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunda təhsil sahəsi üzrə 6, əhalinin təhlükəsizliyi tədbirləri üzrə isə 5 əlavə bənd dövlət proqramına salınıb. Belə ki, təhsil sahəsi üzrə rayondakı 7, 163 saylı orta məktəblərin binalarının, 190 saylı orta məktəbin akt və idman zalının, 157 saylı uşaq bağçasının, "Turac" uşaq bağçasının binalarının əsaslı təmiri, 70 saylı uşaq bağçasının əsaslı təmiri, əlavə musiqi zalı və 3 otağın tikintisi, əhalinin təhlükəsizlik tədbirləri üzrə isə 2012-2013-cü illər ərzində Bibiheybət qəsəbəsində və Badamdar qəsəbəsində yanğından mühafizə bölməsinin tikintisi, həmçinin Badamdar qəsəbəsi 1-ci, 2-ci və 3-cü yaşayış massivlərində hər birinin həcmi 100 kubmetr olan 3 ədəd yanğına qarşı su hovuzlarının tikintisi proqrama salınıb. Artıq bu işlərin həyata keçirilməsinə başlanılıb və qrafikə uyğun uğurla davam edir.

 

 YAP Səbail rayon təşkilatı yüksəlişə öz töhfəsini verir

 

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının 1992-ci ildə cəmiyyətin sosial sifarişi olaraq meydana çıxması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Məqsədi, məramı  ölkəni düşdüyü böhranlı vəziyyətdən xilas etmək, Azərbaycan dövlətçiliyini yaşatmaq, beynəlxalq birlikdə yerini möhkəmləndirmək, milli maraqları qorumaq, xalqı işıqlı gələcəyə aparmaq olan YAP tezilklə qurtuluş və tərəqqinin simvoluna çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin partiyanın sədri seçilməsi Azərbaycanın siyasi səhnəsinə yeni nəfəs verdi.

 Son 20 ilə yaxın müddət ərzində əldə edilən uğurların şəriksiz müəllifi, mövcud iqtidarın siyasi istinadgahı və hakim komandanı bilavasitə təşkil edən özək olan YAP Azərbaycanın əsas aparıcı siyasi qüvvəsidir. Bu müddətdə YAP xalqımıza əvəzsiz xidmətlər göstərmiş, Azərbaycanı regionda bütün sahələr üzrə ən inkişaf etmiş ölkəyə çevirmişdir. Son illərin sosial-iqtisadi uğurları, Azərbaycanın beynəlxalq mövqelərinin və nüfuzunun yüksəlməsi bunun bariz göstəricisidir. YAP üzvləri ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında və sair sferalarında fəal iştirak edir, öz əməlləri ilə partiyanın güclənməsinə xidmət edirlər.

Hər zaman öz siyasi fəallığı ilə seçilən və bu günlərdə yaradılmasının 20 illiyini qeyd etdiyimiz YAP Səbail rayon təşkilatı da öz fəaliyyəti ilə Səbail rayonunun yüksəlişinə öz töhfələrini verir. Təşkilat 1993-cü ildə, Azərbaycan siyasi böhran keçirdiyi bir vaxtda yaradılmışdır. Ötən 20 ildə YAP Səbail rayon təşkilatı böyük inkişaf yolu keçmiş, öz sıralarını daim genişləndirmiş, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirmiş, öz işini və fəaliyyətini daim canlandırmışdır. Keçdiyi 20 illik şərəfli yol minlərlə insanı ətrafında birləşdirən bu təşkilatın fəaliyyətində əhəmiyyətli məqam olmaqla yanaşı, həmçinin Səbail rayonunun ictimai-siyasi həyatında mühüm hadisə kimi səciyyələnir.

YAP Səbail rayon təşkilatı partiyanın ən böyük yerli strukturlarından biridir. Bakının mərkəzində yerləşməsi isə təşkilatın məsuliyyətini daha da artırır. Hazırda 119 ərazi ilk təşkilatını ətrafında birləşdirən rayon təşkilatının 23 mindən çox üzvü var. Onların böyük əksəriyyəti Səbail rayonunda müxtəlif vəzifələrdə çalışmaqla öz əməlləri ilə rayonun inkişafında yaxından iştirak edirlər.

İndiyədək ölkədə keçirilmiş bütün seçkilərdə və referendumlarda YAP Səbail rayon təşkilatı fəallıq göstərmiş, həm seçicilər arasında maarifləndirmə işinin, həm də partiya təbliğatının aparılmasında bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Təşkilat tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, xarici siyasətdə və digər sahələrdə qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilmişdir.

Ötən il YAP Səbail rayon təşkilatının İdarə Heyətinin 12 toplantısı keçirilmiş, 30-dan çox məsələ müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, ötən il ərzində partiyanın rayon təşkilatının tədbirlər planında nəzərdə tutulmuş bütün işlər uğurla həyata keçirilmişdir. Təşkilatın qərargahı maddi-texniki cəhətdən yüksək səviyyədə təmin olunub. Bu da təşkilatın aparatının daha da məhsuldar işləməsinə stimul verən əsas amillərdən biridir.

Azərbaycanda elə bir sahə qalmayıb ki, orada mütərəqqilik, müasirlik, demokratik prinsiplər öz təsdiqini tapmasın. Səbail rayonu da bu prosesdə fəal iştirak edir. Bakı Azərbaycanın paytaxtı olduğu kimi, Səbail də Bakının əsas mərkəzi rayonudur. Təkcə mərkəzdə yerləşdiyinə görə yox, əsas administrativ orqanların da Səbaildə  yerləşməsi YAP rayon təşkilatının işini daha da  məsuliyyətli edir.

Cari ildə ümumilikdə 10 fəaliyyət istiqaməti nəzərdə tutulmuşdur. Bunların içərisində ümummilli lider, YAP-ın yaradıcısı, müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 90 illik yubileyinin, o cümlədən ulu öndərin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışının 20 illiyinin qeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Bu il həm də prezident seçkiləri keçiriləcək. Təbii ki, YAP Səbail rayon təşkilatının fəaliyyət planında bu məsələ də xüsusilə diqqət mərkəzində olacaq. Artıq  hər kəs 2013-cü ilin prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmək barədə böyük iradəsini ortaya qoyub. Bu, əslində xalqın İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Bu inam da cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsinin başlıca mənbəyini təşkil edəcək. Səbail rayon ictimaiyyəti və partiyamızın üzvləri qarşıdakı prezident seçkilərində xalqın ən layiqli namizədi İlham Əliyevə səs verəcəklər.

2013-cü ildə görüləcək işlər çoxdur. Həm siyasi, həm sosial-iqtisadi baxımdan qarşıda böyük vəzifələr durur. Bir qədər əvvəldə qeyd etdiyimiz kimi, bu il prezident seçkiləri keçiriləcək. Qətiyyətlə və əminliklə deyə bilərik ki, ölkə ictimaiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, mövcud siyasi kursun davamını dəstəkləyəcək. Çünki ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu kursun alternativi yoxdur.

Bu il həm də "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası başa çatır. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını, verdiyi göstəriş və tapşırıqlarını öz fəaliyyətlərində rəhbər tutan Səbail rayonunun təşkilatları bu il ərzində də qarşıda dayanan bütün vəzifələri layiqincə və tam həcmdə yerinə yetirəcəklər. Qarşıdakı illərdə Bakı şəhəri daha da inkişaf edəcək, gözəlləşəcək. Bu inkişafdan böyük pay alacaq Səbail rayonu həm də ölkənin yüksəlişinə özünün dəyərli töhfələrini verəcək.

 

 

Arzuman MURADLI,

YAP Səbail rayon təşkilatının sədr müavini

 

Azərbaycan.-2013.- 24 fevral.- S.5.