Yeniliklər göz oxşayır

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında mövcud regional layihələrin icra vəziyyətinə toxunan Prezident İlham Əliyev demişdir: "Bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır".

Azərbaycan dövlətinin yüksək diqqəti sayəsində bu gün inkişaf imkanlarını genişləndirən, gözəlləşən şəhərlər sırasında Qobustanın da adını çəkmək olar.

8322 sakinin yaşadığı Qobustan şəhəri 310 hektar ərazini əhatə edir. Burada 1738 ailə təsərrüfatı mövcuddur. Şəhərdə azərbaycanlılarla yanaşı ruslar və Məshəti türkləri də yaşayır, Qobustanın daha da inkişafı naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Ermənistan işğalçılarının torpaqlarımıza təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşmüş 160 məcburi köçkün yerli sakinlərlə qaynayıb-qarışsa da, doğma ocaqlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər.

Qobustan şəhərində tikinti-quruculuq işləri uğurla davam edir. Ötən il statistika və "Azərsukanaltəmirtikinti" idarələrinin yeni binaları istifadəyə verilib. Şəhidlər xiyabanındakı yenidənqurma işləri başa çatdırılıb.

Qobustan RİH başçısının Qobustan şəhəri üzrə nümayəndəsi Qoşqar Qarayev tikintisi davam edən sosial obyektlər barədə məlumat verərək bildirdi ki, yeni poçt şöbəsi, telekommunikasiya, gənclər mərkəzi binalarının və idman kompleksinin tikintisində işlər qaydasınca gedir. Eyni zamanda Bakı-Şamaxı-Gürcüstan sərhədi avtomobil magistralının Qobustan şəhəri ərazisindən keçən 89-90-cı kilometrliyində yol qırağına müasir üslubda hasar çəkilir. Şəhərin Heydər Əliyev prospektində 2300 metr uzunluqda səki inşa olunub. Prospekt boyunca yaşıllıq zolağı salınıb, qızılgül kolları, bəzək ağacları əkilib. Ümumilikdə isə şəhər ərazisində 7186 ədəd müxtəlif növ ağac, 5989 ədəd qızılgül və 1250 ədəd bəzək kolu əkilib.

Qobustan şəhərində son 20 il ərzində cəmi 8 km asfalt yol olduğu halda, təkcə ötən il 5 km-dən artıq şəhərdaxili yola asfalt döşənib. Şəhərdəki 3 uşaq bağçasında 125 uşağa xidmət göstərilir. 3 nömrəli uşaq bağçası müasir tələblərə uyğun şəkildə təmir edilib. Bağçada istilik sistemi quraşdırılıb. Digər bağçalarda da müvafiq işlər nəzərdə tutulub.

Qobustan şəhərində fəaliyyət göstərən 3 tam orta məktəbdə 1122 şagird təhsil alır. Ötən təhsil ilində 23 məzun ölkənin ali məktəblərinə, 8 məzun isə orta ixtisas təhsili məktəblərinə qəbul olunub.

Qeyd etmək lazımdır ki, 3 tam orta məktəbdən yalnız 2 nömrəli orta məktəbdə normal şərait mövcuddur. A.O.Çernyayevski adına şəhər 1 nömrəli və A.Qayıblı adına şəhər 3 nömrəli orta məktəblərin binaları bir neçə dəfə təmir olunsa da, acınacaqlı vəziyyətdədir. 100 illik tarixi ənənəsi olan A.Qayıblı adına 3 nömrəli məktəbdə vəziyyət daha dözülməzdir. RİH-dən aldığımız məlumata görə, əvvəllər bir binadan ibarət olmuş məktəb üçün 1964-cü ildə yerli kolxoz tərəfindən əlavə 3 korpus tikilib. Hazırda bütün korpusların tamamilə yararsız vəziyyətə düşməsi məktəbin kollektivini və şəhər əhalisini çox narahat edir. Ancaq inanırlar ki, qarşıdan gələn tədris ilində yeni bina tikiləcək və məktəb 100 illik yubileyini müasir və gözəl şəraitdə qeyd edəcək.

Şəhərdəki Heydər Əliyev parkı və Heydər Əliyev Mərkəzi yenidən qurulur. Ancaq rəsmi və mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün normal bir mədəniyyət evi yoxdur. Uşaq kitabxanası da uyğunlaşdırılmış binada yerləşir. Şəhərdə müasir tipli xəstəxanaya da ciddi ehtiyac vardır. Mövcud xəstəxana müasir tələblərə cavab vermədiyinə görə sakinlər qonşu rayonlara, həmçinin Bakıya üz tuturlar. Ancaq şəhər sakinləri əmindirlər ki, tezliklə bütün çətinliklər və problemlər aradan qaldırılacaq. Çünki dövlət bu işlərin öhdəsindən gəlmək iqtidarındadır. Məhz dövlət qayğısının nəticəsidir ki, 2012-ci ildə Qobustan şəhərini və 7 kəndi içməli su ilə təmin edəcək su xəttinin Qobustan şəhərinədək olan hissəsi istifadəyə verilib, ilkin olaraq sutkada rayona əlavə 300 ton su verilir. Qobustan şəhərində 40-dan yuxarı ailə üçün içməli su çəkilib. Şəhərin "Yeni massiv" adlanan ərazisində 70-ə yaxın ailəyə təbii qaz verilib, "Mağarüstü" adlanan sahəyə yeni transformator qoyulub, artıq 60 ailə  elektrik enerjisi ilə təmin edilib. Şəhid Beydulla Qəribovun adını daşıyan küçədə 35 ədəd yeni işıqlandırma dirəyi quraşdırılıb.

Şəhərdə kanalizasiya sistemləri qurğusunun və su şəbəkəsinin tikintisi, daxili yolların tam asfaltlaşdırılması və digər yenidənqurma işlərinin görülməsi qarşıda duran vəzifələr sırasındadır. Dövlətin yüksək qayğısı və iqtisadi qüdrəti nəzərdə tutulan tədbirlərin tezliklə gerçəkləşəcəyinə inamı artırır. Qobustanlılar isə yaxşı bilirlər ki, göstərilən diqqət və qayğıya yüksək işgüzarlıqla cavab verməlidirlər.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 24 fevral.- S.6.