Kiçik rayonda böyük işlər görülür
Hacıqabul respublikamızın inzibati ərazisində müstəqil rayon kimi 1990-cı ildə yer almışdır. O vaxtadək uzun illər qəsəbə kimi indiki Şirvan şəhərinin tərkibində olmuşdur. Onun sürətli inkişafı isə 2004-cü ildən başlamışdır. Ötən bu illər ərzində ölkə başçısı İlham Əliyev bir neçə dəfə Hacıqabula səfər etmiş, əhali ilə görüşüb söhbət aparmış, yeni yaradılmış rayonun inkişafı üçün tövsiyə və göstərişlərini vermişdir.
Prezidentin "Mən çox istəyirəm ki, Hacıqabul daha da sürətlə inkişaf etsin" sözləri artıq reallığa çevrilir. Qədim Şirvan torpağının qoynunda yerləşən Hacıqabul aydan-aya, ildən-ilə inkişaf edir, abadlaşır. Tikilən binalar, salınan park və xiyabanlar, çəkilən yollar, yenidən qurulan infrastruktur hacıqabulluların ürəyindən xəbər verir. Azərbaycanda ilk qazlaşdırılan rayonlardan biri məhz Hacıqabuldur. Həyata keçirilən tədbirlər nəticəsində rayonda indi təbii qaz, elektrik enerjisi problemi yoxdur. Qazanılan bu uğurlar isə gərgin əmək, yüksək təşkilatçılıq nəticəsində mümkün olmuşdur.
Bir neçə il bundan əvvəl təbiət rayon əhalisini sınağa çəkdi. Rayonun ərazisinə düşən güclü leysan yağışlar şəhər təsərrüfatına, habelə Navahı zonasına ciddi ziyan vurdu. Şəhərin şimal-qərb hissəsindəki dağlardan gələn sel suları şəhərin evlərini, həyətlərini cənginə aldı. Navahı, Atbulaq, Rəncbər kəndlərində çoxlu sayda mal-qara, ev quşları tələf oldu, əkinlər su altında qaldı. Bundan bir müddət sonra isə Kür çayı daşdı. Nəticədə sahil boyu yerləşən kəndlərin əhalisinə xeyli ziyan dəydi. Evləri, həyətləri, yonca sahələrini su basdı.
Amma çox qısa müddətdə dövlətin yaxından köməyi ilə bütün bu çətinliklər aradan qaldırıldı. Evi uçanlar üçün ev tikildi, digər zərərçəkənlərə kompensasiya verildi. Bütün sahələrdə həyat öz məcrasına düşdü, ən ağır günlərdə belə rayon əhalisi ruhdan düşmədi, çalışaraq ölkəmizdəki ümumi quruculuqdan geridə qalmadı. Rəqəmlərə diqqət yetirək: 2004-cü ilə nisbətən 2012-ci ildə ümumi məhsul buraxılışı 8,1, sənaye məhsulu istehsalı 2,4, kənd təsərrüfatı məhsulları istehsalı 2,6, tikintinin həcmi 37,7, nəqliyyat xidməti 2,4, rabitə xidməti 2,6, ticarət 8,7, əsas kapitala investisiya qoyuluşu 36,8, əmtəə dövriyyəsi 7,4, əhalinin pul gəliri 6,9, orta aylıq əməkhaqqı 4,3, sahibkarlıq obyektlərinin sayı 3,2 dəfə artmışdır. Bu rəqəmlərin hər biri inkişafdan, insanların yüksələn həyat səviyyəsindən xəbər verir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələri uğurla həyata keçirən Hacıqabul əhalisi 2012-ci ili də nailiyyətlərlə yola salmışdır. Ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə rayon ictimaiyyəti qarşısında hesabat məruzəsi ilə çıxış edən RİH-in başçısı Əhməd Muxtarov qeyd etmişdir ki, keçən il məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 46 faiz çox olmuşdur. Hacıqabul əsasən kənd təsərrüfatı rayonudur. Elə buna görə də ümumi məhsulun 28,6 faizi bu sahənin payına düşür. 2012-ci ilin məhsulu üçün 11 min 650 hektarda taxıl əkini aparılmış və həmin sahələrdən 34 min 827 ton məhsul əldə edilmişdir. Bu da əvvəlki ildəkindən 679 ton çoxdur. Heyvandarlıqda da yaxşı nəticələr qazanılmışdır. Ət istehsalı 5 min 606, süd istehsalı 16 min 81, yun istehsalı 221 tona, yumurta istehsalı isə 168 milyona çatmışdır. Yeri gəlmişkən qeyd edək ki, respublikada istehsal olunan yumurtanın 30 faizə yaxını bu rayonun payına düşür. 2012-ci ildə mal-qaranın sayında da, meyvə, bostan-tərəvəz məhsullarının istehsalında da nəzərəçarpacaq artım olmuşdur.
Məruzəçi hesabatında regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası çərçivəsində
Hacıqabulda tikinti, quruculuq,
abadlıq, aran zonası üçün
vacib olan
yaşıllaşdırma işlərinin geniş
vüsət aldığını vurğulamışdır.
Keçən il rayonda 19 min 139 kvadratmetr yaşayış sahəsi istifadəyə
verilmiş, 6 milyon 118
min manatlıqdan artıq tikinti-quraşdırma
işləri görülmüşdür.
Şəhərin əksər küçələrinə,
habelə şəhər qəbiristanlığına gedən
yola qum-çınqıl
qatışığından əsas qoyulmuş,
505 ton hamarlayıcı qat verilmişdir. Bundan əlavə,
mərkəzdəki Heydər Əliyev Mərkəzi yenidən
qurulmuş, küçələrin
işıqlandırma sistemi təzələnmiş,
rayon mərkəzinin Bakı istiqamətindən
giriş hissəsində - dağüstü
massivdə Bayraq meydanı
salınmış, Dədə Qorqud
parkı abadlaşdırılmış, köhnə binalar əsaslı təmir edilmişdir.
Rayonda digər sahələrlə yanaşı,
su, yol və
kanalizasiya sisteminin tikintisi davam edir. Ən ucqar kəndlərdən olan
1-ci və 2-ci Udulu, eləcə də Şorbaçı inzibati
ərazi dairəsinə
daxil olan yaşayış məntəqələrinə
gedən avtomobil yolunun əsaslı təmir edilməsi məsələsi isə keçən il
öz həllini tapmışdır. 37 kilometrlik bu yolun əsaslı şəkildə yenidən
qurulması Prezidentin sərəncamı ilə
ayrılan 5 milyon manat vəsait hesabına mümkün olmuşdur.
Hazırda Hacıqabul şəhərində
kafel-metlax zavodu tikilir. Müəssisə işə düşdükdən
sonra burada 500 nəfər fəhlə və qulluqçu işlə təmin ediləcək. Həmçinin
Xilə, Şorbaçı,
Abdulabad, Qubalıbaloğlan
kənd məktəbləri
üçün yeni binalar inşa olunur, Navahı qəsəbə və şəhər 1 nömrəli
məktəblərində təmir
işləri görülür.
Tədbirdə qazanılan uğurlarla yanaşı, nöqsanlardan
da bəhs edilmişdir. Qeyd olunmuşdur ki,
rayonda növbəli əkin üçün mühüm şərtlərdən
biri olan pambıqçılığın inkişaf etdirilməsi sahəsində lazımi təşəbbüskarlıq göstərilmir.
Əkin suyundan səmərəli istifadə edilməsi, su pulunun ödənilməsi
vəziyyəti qənaətbəxş
deyil. Habelə yol kənarlarında, baytarlıq və sanitar qaydalarına cavab verməyən yerlərdə ət satışının davam
etməsi, səhiyyə
xidmətinin bəzən
günün tələblərinə
cavab verməməsi üzündən rayon əhalisinin
lazımi səviyyədə
müayinədən keçməsi,
ucqar kənd məktəblərində müəllim
çatışmazlığı, Kolanı, Abdulabad, Muğanlı, Şorbaçı,
Udulu, Tağılı
və Tava kənd məktəblərində
dərsə davamiyyətin
zəifliyi, yerlərdə
klub və kitabxanaların fəaliyyətinin
müasir tələblərlə
ayaqlaşmaması, istedadlı
gənclərin aşkar
edilib üzə çıxarılmasına lazımi
diqqət yetirilməməsi,
şəhərdə stadionun,
gənclər evinin olmaması da həllini gözləyən
problemlər sırasındadır.
Seyran CAVADOV
Azərbaycan.-2013.- 24 fevral.- S.6.