Xalq sənəti:
boyaqçılıq
Göy qurşağının rəngləri
xalçaçılıqda
Qədim xalq sənətlərindən biri xalçaçılıqdır ki, bu günədək məişətdə özünəməxsus yeri var. Xalça insan həyatında yalnız qiymətli əşya deyil, həm də sənət əsəri, gözəllik, hədiyyə, müalicə vasitəsi də sayılır. Xalçalar haqqında müxtəlif əfsanələr, atalar sözləri, tapmacalar və digər hikmətli kəlamlar söylənib. Müdrik və nəsihətamiz, həcmcə kiçik, mənaca hikmətli atalar sözləri arasında xalça haqqında söylənmiş fikirlər də az deyil: "Xalına bax, xalı toxu", "Xalını xovuna sığallarlar", "Xalça salan özü oturar".
Xalçaların toxunmasında müxtəlif təbii və süni iplik materiallarından, eləcə də onların qarışığından istifadə edilir. İplik materialları seçilərkən onların kimyəvi və mexaniki cəhətdən xeyli davamlılığı, zahiri görünüşünün gözəl olması, həmçinin istehsalının sadəliyi və dəyəri nəzərə alınır.
Müasir xalçaları toxumaq üçün yun qırxımından başlayaraq iplərin hazırlanmasınadək bütün proseslər müxtəlif vasitələrlə, bir sözlə, sənaye üsulu ilə yerinə yetirilir. Həmçinin bu gün xalçalar əllə yanaşı, Cakkard tipli maşınlar vasitəsilə də toxunur.
Azərbaycan xalçaları yununun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə həmişə bir-birindən fərqlənib. Odur ki, Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həllinə, həm də texniki xüsusiyyətlərinə görə bir neçə məktəbə bölünür. Əvvəllər xalçaçılıq məktəbi dörd qrupa ayrılsa da, sonrakı dövrlərdə şərti olaraq 7 xalçaçılıq məktəbi fəaliyyət göstərirdi.
Xalçanın əsas xammalından biri iplikdir. İpliklər belə alınır: qoyun qırxılır, yun yuyulub təmizlənir,
xüsusu daraqlarda daranır, əyrilir, kələflənib
yumaqlanır
ki, toxunma prosesinə hazır olsun.
Əyrilmiş iplik nisbətən yoğun və tiftikli olan dükcə
şəklinə salınır. Dükçələrdəki
ipliyi kırtız adlanan
xüsusi alətlə
cilalayırlar (kırtızlayırlar).
Bu metal çubuğun köməyi
ilə sapın həddən artıq xovluluğu və müxtəlif növ bərkimələr aradan qaldırılır ki, iplik eyni qalınlıqda
və hamar olsun. Bu iş üçün bəzən
cağ və yaxud mildən istifadə edilir. "Kırtızlanıb" hazırlanmış
dükçələrdəki ip ikiqat olmaqla yumaqlanır.
Xalçanı toxumaq üçün istifadə ediləcək ipliklər yumaqlandıqdan
sonra yaxşı boyanması üçün
kələflənməlidir. Bunun üçün
qadın (ip kələfləyən) əsasən
bardaş quraraq əyləşir. İp yumaqları
soldan-sağa və yaxud əksinə olmaqla, dizlərin ətrafına dolanaraq kələflənir. Bu zaman iki (sadə
və mürəkkəb)
üsuldan istifadə edilir. Sadə üsul - ipliklər
dizlərin ətrafına
dairəvi sarınmaqla,
mürəkkəb isə
- dizlərin ətrafına
səkkizvari şəkildə
sarınır.
Xalça toxunması üçün
ipliklərin boyanması
əsas işlərdən
biri hesab olunur. Qədim zamanlardan
başlamış XX əsrin
əvvəllərinə qədər
toxucu müxtəlif bitkilərin
yarpaq, çiçək, tumurcuq,
meyvə, toxum, qabıq, oduncaq, kök və digər hissələrindən
sənətkarlıqla boyaq
məhsulları hazırlayıb pambıq ipliklərin boyanmasında
istifadə etmişlər.
Hələ qədim zamanlardan ipboyama boyaqçılıq üsullarının kustar üsuluna əsaslanıb.
Buna baxmayaraq, boyanmış iplər öz rənglərinin möhkəmliyi,
şuxluğu, dolğunluğu
ilə seçilib.
İpliklərin boyanma
prosesi üç əsas mərhələyə
ayrılır: boyanmaya
hazırlıq, boyanma,
boyanmış ipliklərdə
boyağın möhkəmləndirilməsi.
Azərbaycan ərazisində hələ
qədim dövrlərdən
boyamanın sirlərinə
bələd olunması
haqqında Herodot (e.ə. V əsr) məlumat veirirdi: "O yerlərdəki meşələrdə
ağaclar elə yarpaqlarla örtülüb,
həmin yerlərin adamları bu yarpaqları yuyub və su ilə
qarışdırdıqdan sonra əmələ gələn məhlulla öz geyimləri
üzərində naxışlar
çəkirdilər. Bu naxışlar yuyulsa da, silinmirdi və material da, əsasən yun parçalarda elə bil əvvəlcədən
toxunurdu".
Duzlu bataqlıqdan çox qeyri-adi həşərat olan qırmızı böcək əldə edib, ondan çox
qiymətli tünd rəng alırdılar. Sarı rəngi almaq üçün
yazın erkən
çağlarında çiçəklərin
və otun köklərini, payızda
isə tut ağacının
saralmış yarpaqlarını
yığardılar. Sarı
rəngi həmçinin almanın
qabığından, sarı-yaşıl
rəngi isə kəndəlaş meyvələrindən
alardılar. Yun ipliyi boyamaq üçün soğanın
qabığından, üzüm
tənəyinin, yovşan və zirinc ağacının qısa budaqlarından, narın qurudulmuş qabığı və təzə yetişən qozun yaşıl qabığından
istifadə edirdilər.
Mineral, həmçinin ağaclar (çinar, palıd, söyüd və başqaları) boyayıcı xüsusiyyətə
malikdirlər.
Adətən, ipliklər xalq üsulu - təbii yolla, əsasən də, bitki mənşəli boyaq tərkibləri ilə boyanır. Zahirən sadə görünən bu iş üsulu
boyaqçıdan böyük
məharət tələb
edir. Xalçalarda istifadə edilən qırmızı,
yaşıl, sarı,
göy, sürməyi,
qara, ağ kimi 7 növ əsas rəngin və onların çalarlarının alınması
üçün qoz qabığı və yarpağı, nar qərzəyi, tut, heyva ağaclarının, boyaqotu kolunun köklərindən və
müxtəlif vasitələrdən
istifadə edilir. Məsələn, sarı
və bu rəngin yarım tonlarını almaq üçün
soğanla alma qabığı,
sarıçöp və
payızda yığılmış
tut yarpaqlarından, qırmızı
və çəhrayı
rəngləri almaq üçün boyaqotundan,
sürməyi, mavi və yaşıl rənglərindən ötrü
isə indiqodan istifadə edilir.
Boyamaya hazırlıq
prosesi zamanı daha keyfiyyətli ip almaq əsas
şərtdir. Bunun üçün boyaq bitkilərini vaxtlı-vaxtında toplamaq,
məhlulu keyfiyyətli
hazırlamaq, iplikləri
aşqarlamaq (rəngablamaq)
lazımdır. Aşqarlamaq (rəngablamaq) üçün
boyaqçılar, adətən,
ip kələflərini
zəy və yaxud alça lavaşı qarışdırılmış
məhlula salınırdı.
Alça lavaşı olmadıqda
onu ərik və zoğal suyundan hazırlanmış
turş qatı məhluldan, eləcə də ayran, duz, zəy və
ya sirkə kimi bərkidici maddələrdən istifadə
etmək olar.
Bundan başqa,
hər bir meyvənin, ağacın, bitkinin toplanması və istifadə olunma vaxtını bilmək lazımdır. Çünki bundan rənglərin açıq və ya tünd alınacağı
asılıdır. Payız
fəslində qoz, kələndaş, yazda isə palıd, söyüd və alma ağacının dövrü idi. Zəfəran, alça və
heyvadan yalnız çiçək vaxtı
istifadə etmək olar. Lakin bəzi çiçəklər
isə əksinə, yalnız solduqdan sonra bu işə
yararlı hesab edilir. Onları yığıb qurudub
boyaq maddəsi kimi istifadə etmək üçün uzun müddət saxlayırdılar. Onları
əsasən də mis qazanda qaynatmaq lazım idi. Bütün bunların səbəbi var idi: oksidləşmə prosesləri ilə əlaqədar kimyəvi
reaksiyalar və mis qazanların yavaş-yavaş qızma-soyuma
xüsusiyyəti. Hər halda,
bir çox yüzilliklər ərzində
insanlar tərəfindən
yığılan qiymətli
təcrübə ipliyin
yüksək keyfiyyətli
boyanmasını və
xalçanın toxunmasını
təmin edirdilər.
Yun ipliyinin əyrilməsi heç də asan proses
deyildi. Bütün bunlar min illik
təcrübəyə, yazılmamış
tədqiqatların və
nəşr olunmamış
kitabların, müdafiə
olunmamış dissertasiyaların,
həmçinin bir çox nəsillər tərəfindən aparılan
diqqətli müşahidələrin
nəticələrinə əsaslanır.
1871-ci ildən etibarən
dövlət tərəfindən
alizarin boyaları satışa
buraxıldı. Artıq bir
ildən sonra boyaq sənayesində
anilin rənglərindən
kütləvi surətdə
istifadə edilməyə
başlandı. Süni
boyaqların - alizarin və anilin maddələrinin kəşfi
ilə əlaqədar,
boyaq bitkilərindən
istifadə demək olar ki, yaddan
çıxdı. Ancaq bu süni boyaqlar heç də təbiiləri əvəz
edə bilmədi.
Boyanmış kələflərin suyunun
sıxılması və
açıq hava şəraitində qurudulması
hər zaman nəzərə alınıb. Ona görə
də həmişə
hava şəraiti yaxşı olanda bu işlər yerinə yetirilir. İpliyə
boyaq maddəsinin tam hopması, rəngin bərkidilməsi prosesi xalçanın yüksək
bədii və texniki keyfiyyətinə zəmanət verən amillərdən biridir.
Boyanmış iplikdəki rənglər Azərbaycanın ayrı-ayrı
bölgələrinin əsrarəngiz
mənzərələrinin, güllü-çiçəkli bağçaların, yaşıl
meşə və çəmənliklərinin xalçalar
üzərində bədii
əksidir. Təbii üsulla alınan boyaq maddələri xalçaların kompozisiyasında
emosional təsir gücünü, parlaqlığını
artırır və ona ecazkar görkəm verir.
Xalçanı heç də əbəs yerə təbiətin bir parçası və milli
sərvət hesab etmirlər. Onun rənglərinin səmadan gəlməsi də bu inanca
söykənir. Deyirlər ki,
xalçadakı yeddi
rəng göy qurşağından alınmadır.
Axı, bütün rənglərin anasıdır yeddi
rəng...
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 24 fevral.- S.8.