Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Keralini qəbul etmişdir.

Azərbaycanın ilk süni peykinin orbitə buraxılması münasibətilə dövlət başçısını təbrik edən Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Henri Kerali bunun ölkəmiz üçün çox böyük hadisə olduğunu vurğuladı. Henri Kerali ölkəmizdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlamasını da yüksək qiymətləndirdi. Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları və eləcə də vətəndaşlara nümunəvi sosial xidmət göstərilməsi sahələrində ölkəmizdə görülən işlərin ardıcıl olaraq həyata keçiriləcəyini bildirdi.

Görüşdə Dünya Bankı ilə ölkəmizdə, xüsusilə regionlarda həyata keçirilən birgə layihələrin önəmi vurğulandı, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 26 fevral.- S.2.