Azərbaycan Prezidenti İlham Əliyev İranın Milli
Təhlükəsizlik Şurasının
katibinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də
İran İslam Respublikasının Milli Təhlükəsizlik
Şurasının katibi Səid Cəlilinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Dövlət
başçısı ölkələrimiz və
xalqlarımız arasında mövcud olan tarixi, mədəni,
dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu
ifadə etdi. Əlaqələrimizin bütün istiqamətləri
əhatə etdiyini bildirən Prezident İlham Əliyev təhlükəsizlik
sahəsində də əməkdaşlığımızın
inkişafının xüsusi əhəmiyyət
daşıdığını dedi və bu sahədə
vaxtaşırı məsləhətləşmələr
aparmağın zəruriliyini vurğuladı. Ölkələrimiz
arasında əlaqələrin genişləndirilməsində
müxtəlif səviyyəli qarşılıqlı səfərlərin
önəmini qeyd edən dövlət başçısı
İİR Milli Təhlükəsizlik Şurasının
katibi Səid Cəlilinin Azərbaycana səfərinin ikitərəfli
münasibətlərimizin daha da möhkəmləndirilməsi
baxımından mühüm addım olacağına əminliyini
bildirdi.
Ölkəmizə
ilk səfərindən məmnunluğunu
ifadə edən cənab Səid Cəlili Azərbaycanın
onun üçün həmişə dost ölkə
olduğunu dedi. Xalqlarımız arasında tarixi dostluq əlaqələrinin
mövcud olduğunu vurğulayan Səid Cəlili münasibətlərimizin
inkişafında hər iki ölkənin rəsmilərinin həmişə
yüksək siyasi iradə nümayiş etdirdiklərini qeyd
etdi. İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiyini və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdar olduğunu bildirdi.
Görüşdə
Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında ikitərəfli münasibətlərin
müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik
sahəsində daha da inkişaf etdirilməsi ilə
bağlı məsələlərə dair fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 26 fevral.- S.2.