Şəhidlərin qanı yerdə qalmayacaq!

 

Ali Baş Komandanın önündə getdiyi ümumxalq yürüşü dünyanın insanlıq əleyhinə törədilmiş soyqırıma diqqətini daha da artırdı

 

 Bu gün xalqımız Azərbaycanın müstəqillik tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 21-ci ildönümünün üzüntüsünü yaşayır. 21 il öncə qəddar, vəhşi ermənilərin törətdiyi bənzəri olmayan vandalizm siyasətinin nəticəsində qəlbimizə sağalmaz dağ çəkildi. 21 il öncə Azərbaycanın Xocalı adlı qədim, ulu insan məskəni yer üzündən silindi. Bir gecənin qurbanlarına çevrilmiş insanlar vəhşicəsinə qətlə yetirildi, diri-diri tonqallara atıldı, ana bətnindəki körpələr süngülərə keçirildi, əsir və girov aparılanlar və hətta meyitlər təhqir edildi.

Miqyasına və dəhşətlərinə görə Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının müddəaları təsdiq edir. Bir çox ölkələrin - Kolumbiya, Meksika, Pakistan, Çexiya, Rumıniya parlamentlərində və ABŞ-ın altı ştatında Xocalı soyqırımına siyasi qiymət verilmişdir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 56 ölkənin parlament nümayəndə heyəti ötən il yanvarın 31-də Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır. Son iki ildə isə dünyanın əksər ölkələrində Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər, yürüşlər, aksiyalar təşkil olunur. Artıq dünya dövlətləri bu faciənin əsl səbəbkarlarını yaxşı tanıyırlar. Bu kampaniya xüsusən də Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti və Bakıda dövlət başçısının iştirakı ilə keçirilən ümumxalq yürüşündən sonra daha da geniş vüsət aldı.

Bakıda keçirilən ümumxalq yürüşün önündə Ali Baş  Komandan İlham Əliyev gedirdi. Dövlət başçısının arxasınca gedən 85 min insan isə Xocalı qətliamının dünya tərəfindən tanınmasını tələb etmək üçün bir araya gəlmişdi. O gün də Bakı təlatümdə idi. Bakı xalqımızın və dövlətimizin birliyini nümyiş etdirdiyindən, düşmən üçün göz dağına çevrilmişdi. Azadlıq meydanı insan axınına darlıq edirdi. Belə möhtəşəm birlik qarşısında kimsə duruş gətirə bilməzdi və demək olar ki, Bakı heç zaman belə möhtəşəm yürüş görməmişdi. Faciənin 20-ci ildönümünün belə bir ümumxalq yürüşlə  keçirilməsi dünyaya mesaj oldu ki, Azərbaycan xalqı öz torpağını işğaldan azad etmək üçün birlikdədir, ümummilli məsələlərdə həmrəydir və Azərbaycan Prezidenti ətrafında sıx birləşib. Bu yürüş millətin monolitliyini, dövlətin qüdrətini və xalqla hakimiyyətin bütövlüyünü ifadə edən bir məqam idi.

Həqiqətən dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş bu yürüş nəticəsində dünya ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı yetərincə məlumat əldə etdi. ABŞ-ın "New York Times" və "Washington Post" qəzetlərinin 25 fevral tarixli nömrələrində bütöv bir səhifə Xocalı soyqırımına həsr olundu. Bu ölkənin ən çox izləyici auditoriyası olan CNN, CNBC telekanallarında da Xocalı soyqırımına həsr olunmuş reportajlar yayımlandı. "Sun Sentinel", "Boston Globe" və digər nüfuzlu qəzetləri, "Associated Press", "Reuters" agentlikləri ümumxalq yürüşü ilə bağlı məqalələr dərc etdi. Türkiyənin "Hürriyyət" qəzeti, "CNN türk" televiziya kanalı, Fransanın "France 24" telekanalı, Almaniyanın nüfuzlu "Die Welt" qəzeti, Rusiyanın "Arqumenti nedeli" qəzeti, Rusiyanın "Rossiya 24" telekanalı, "Exo Moskvı" radiostansiyası, Rusiyanın "Nezavisimaya qazeta" nəşri, Macarıstanın "Nepszava" qəzeti, Pakistanın geniş oxucu kütləsinə malik, urduingilis dillərində nəşr olunan "Daily İttehad" qəzeti Xocalı soyqırımına həsr olunmuş reportajlar yaydılar. Bütün bu materiallarda Xocalı faciəsi bəşər tarixinin ən dəhşətli soyqırımı adlandırıldı.

Onu deyə bilərik ki, bir il öncə məhz bu gün Bakıda baş tutan möhtəşəm ümumxalq yürüşü indiyədək görülən işlərin yekunu yox, yeni keyfiyyət mərhələsinə keçidin başlanğıcı sayılır. Çünki dövlət başçısı və Azərbaycan hökuməti, Heydər Əliyev FonduFondun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş "Xocalıya ədalət!" beynəlxalq kampaniyası, digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Faciənin 20-ci ildönümündə Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində bəyan etmişdir: "Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".

Xaricdə yaşayan soydaşlarımızın Xocalı soyqırımının tanınması ilə bağlı təbliğata cəlb olunması, erməni təcavüzü, onun işğalçı siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin  gün işığına çıxması və çıxmaqda davam etməsi təqdirəlayiqdir.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 26 fevral.- S.3.