Ankarada Xocalı soyqırımının ildönümü ilə bağlı konfrans keçirilmişdir

 

Ankaradakı Türk Hava Kurumu Universitetində bu ali təhsil ocağının ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə təşkil etdiyi Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı geniş konfransda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Heydər Əliyev Fondunun hazırladığı sənədli film nümayiş olunmuşdur.

Türk Hava Kurumu Universitetinin rektoru professor Ünsal Ban konfransı açaraq Azərbaycan və Türkiyənin, eyni zamanda, bütün türk dünyasının və bəşəriyyətin faciəsi olan Xocalı soyqırımının tanıdılması işinə töhfə verdiyi üçün universitet kollektivinin qürur duyduğunu söyləmişdir.  

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər və millət vəkillərinin konfransa göndərdikləri teleqramların mətni oxunmuşdur.

Konfransda çıxış edən Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov respublikamızın hökuməti adından Xocalı soyqırımına verdikləri önəmə görə Türkiyə rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Xocalı soyqırımı haqqında məlumat verən Əli Həsənov demişdir ki, Dağlıq Qarabağ bölgəsinin üçüncü ən böyük şəhəri və mühüm strateji əhəmiyyətə malik məkanı olan Xocalıda törədilmiş qətliam aylar öncə hazırlanmışdı. Belə ki, iki ay əvvəl şəhərə gedən bütün yollar bağlanmış, dinc insanların buranı tərk etməsinə əngəllər törədilmişdi. Sovet ordusunun nizami qoşun dəstəsinin və erməni quldurlarının basqını zamanı Xocalıda 2700 dinc insan var idi. Fevralın 25-dən 26-na keçən gecə törədilmiş qətliamda 613 dinc insan həlak oldu, 150 nəfərin aqibəti isə hələ də məlum deyildir. Beynəlxalq təşkilatların təzyiqlərindən qorxan ermənilər 1200 əsiri geri qaytardılar. Dünyanın bəlli yerlərində baş vermiş soyqırımları kimi, Xocalı da həqiqi soyqırımı aktıdır. Azərbaycan dövləti qardaş Türkiyə ilə birlikdə bütün dünyada həm bu soyqırımının tanıdılması, həm də ermənilərin saxta "soyqırımı" təbliğatını ifşa etmək üçün mühüm işlər görür. Artıq 4 ölkənin  - Kolumbiya, Meksika, Pakistan, Çexiya parlamentləri, habelə ABŞ-ın 6 ştatı Xocalı soyqırımını tanımış, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 55 ölkə də bu addımı atmışdır. Türkiyə parlamentində də iki dəfə Xocalı ilə bağlı xüsusi dinləmələr keçirilmiş və qardaş ölkənin qanunverici orqanının bu soyqırımı tanıması bir zaman məsələsidir. Ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün bizə vəsiyyət etdikləri kimi, qardaş ölkələrimizin bir-birinə dəstəyi davam edir. Bu gün Türkiyə Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Rəcəb Tayyib Ərdoğanın diqqət və qayğısı nəticəsində bu məsələdə mühüm uğurlar əldə olunmuşdur. 

Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Necdət Ünüvar, Milli Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin millət vəkili Tülay Selamoğlu Xocalı soyqırımının tanıdılması, Türkiyə və Azərbaycan dövlətlərinin, qeyri-hökumət təşkilatlarının bu sahədə apardığı işlərdən bəhs etmişlər. Vurğulanmışdır ki, bu gün Azərbaycan qüdrətli iqtisadiyyata və güclü orduya malik olan, beynəlxalq nüfuzu getdikcə artan bir ölkədir. BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlük də Azərbaycanın əldə etdiyi böyük diplomatik nailiyyətdir. Eyni zamanda, Xocalı soyqırımının tanıdılması, erməni yalanlarının ifşa olunması məsələsində hələ çox işlər görülməlidir.

  Açılış nitqlərindən sonra konfrans çərçivəsində bölmə iclası keçirilmişdir. İclasda çıxış edən professor Rəna Mirzəzadə, Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, Milli Məclisin deputatı Musa Qasımlı və digərləri əsrlər boyu ermənilərin Anadolu və Azərbaycan torpaqlarında törətdikləri qətliamlar, Xocalı soyqırımı və onun tanıdılması üçün görüləcək işlərdən ətraflı bəhs etmişlər.  

Konfransa yekun vuran Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, gənclər sosial şəbəkələr vasitəsilə, habelə qeyri-hökumət təşkilatları öz toplantılarında Xocalı soyqırımının tanıdılması və erməni yalanlarının ifşa olunması üçün daha çox səy göstərməlidirlər. Biz, güclünün haqlı olduğu deyil, haqqın güclü olduğu bir dünya qurmalıyıq.

Konfrans iştirakçıları Xocalı soyqırımını əks etdirən fotosərgi ilə də tanış olmuşlar.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2013.- 26 fevral.- S.4.