Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında Xocalı
soyqırımı qurbanlarının xatirəsi
anılmışdır
Fevralın
25-də Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasında (AHİK) Xocalı
soyqırımının 21-ci ildönümü ilə
bağlı yığıncaq keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə faciə
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Xocalı
qətliamını bəşər tarixində qanlı hadisə
kimi qiymətləndirən AHİK-in sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev tədbir
iştirakçılarına soyqırımı haqqında ətraflı
məlumat vermişdir. Bildirilmişdir ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri
keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı
ilə birgə Xocalıda misli görünməmiş vəhşilik
törətmişlər. Xocalının işğalı
zamanı bir gecədə 613 nəfər, o cümlədən
63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla,
işgəncələrlə öldürülmüş,
yüzlərlə insan girov
götürülmüşdür. Böyük bir yaşayış məskəni
yerlə-yeksan edilmişdir. Ötən hər ilin bizi bu
qanlı faciədən uzaqlaşdırmasına baxmayaraq,
xalqımız soyqırımının acısını daim
hiss edir.
Xocalı
soyqırımına məhz ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə siyasi-hüquqi qiymət
verildiyini bildirən S.Mehbalıyev ayrı-ayrı ölkələrdə
bu faciəyə həsr edilmiş tədbirlərin
keçirilməsinin dünya ictimaiyyətinin qanlı cinayət
barədə daha çox məlumatlandırılması
baxımından əhəmiyyətini
vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli
lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin uğurlu
xarici siyasəti nəticəsində bu istiqamətdə artıq
mühüm addımlar atılır. Keçən il
Bakıda Xocalı soyqırımının 20-ci
ildönümü ilə əlaqədar ümumxalq
yürüşü keçirilmişdir. Eyni zamanda, Xocalı
soyqırımı ilə bağlı İstanbul şəhərində
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının rəhbərliyinin və Türkiyədə
fəaliyyət göstərən həmkarlar təşkilatlarının
üzvlərinin iştirak etdikləri yürüş
keçirilmişdir. Həmçinin bir neçə ölkədə
və ABŞ-ın bir neçə ştatında Xocalı
soyqırımı ilə əlaqədar parlament səviyyəsində
qətnamələr qəbul edilmişdir. Dünya dövlətlərinin
ermənilərin Azərbaycan xalqının başına gətirdikləri
müsibətlər haqqında məlumatlanması
üçün həmkarlar təşkilatları gələcəkdə
də bu istiqamətdə işləri davam etdirməlidir.
AHİK-in
sədri S.Mehbalıyev vurğulamışdır ki, xarici
ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri
ilə görüşlərdə, beynəlxalq tədbirlərdə
Xocalı faciəsi ilə bağlı həqiqətləri
onlara çatdırmağımız insanlığa
qarşı törədilmiş bu cür dəhşətli
cinayətlərin gələcəkdə təkrar
olunmaması üçün vacibdir.
Tarix
elmləri doktoru Vəkil Həsənovun Xocalı soyqırımı
ilə bağlı məruzəsində ermənilərin tarix
boyu Azərbaycan xalqına qarşı həyata keçirdikləri
terror hadisələri, o cümlədən Xocalıda törətdikləri
vəhşiliyin ağır nəticələrini konkret
faktlarla nəzərə çarpdırmışdır.
Bildirmişdir ki, bu qətliam bəşəriyyətə
qarşı törədilmiş ən dəhşətli
soyqırımı, qanlı cinayətdir.
Natiq
Xocalı soyqırımı haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə başladılmış "Xocalıya ədalət!"
kampaniyası çərçivəsində görülən
işləri və əldə edilmiş nailiyyətləri
xüsusi vurğulamışdır.
Azərbaycan.-2013.- 26 fevral.- S.4.