Azərbaycan Texniki
Universitetində Xocalı faciəsinin ildönümü
qeyd edilmişdir
Fevralın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə mərasim iştirakçıları universitetin həyətində ucaldılmış "Ana" abidəsinin önünə tər çiçək dəstələri düzmüşlər.
Xocalıda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AzTU-nun rektoru professor Havar Məmmədov XX əsrin bu dəhşətli faciəsi və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Xocalıda yüzlərlə əliyalın insan- qoca, cavan, uşaq, qadın görünməmiş amansızlıqla qətlə yetirilmiş, evlər yandırılmış, şəhər yerlə-yeksan edilmişdir. Təəssüflə bildirilmişdir ki, Azərbaycanın o vaxtkı hakimiyyəti silahlı hərbi birləşmələrlə, erməni millətçi separatçıları ilə qeyri-bərabər döyüşdə Xocalı əhalisinə nəinki heç bir kömək göstərməmiş, hətta bu cinayət barədə məlumat belə yaymamışdır. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayətə dövlət səviyyəsində qiymət verilmiş, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər aparılmışdır.
Artıq bir neçə ildir ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları Xocalı faciəsi barədə həqiqətləri tam aydınlığı ilə, mütəmadi dünya ictimaiyyətinin nəzərinə çatdırır. "Xocalıya ədalət!" kampaniyası xarici ölkələrdə xüsusilə geniş əks-səda doğurmuşdur. Hazırda dünyanın bir neçə ölkəsi Xocalı faciəsini soyqırımı kimi qəbul etmişdir. Söz yox ki, Xocalıda baş verən dəhşətlərin tanınmasının miqyası getdikcə artacaqdır.
Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev şahidi olduğu dəhşətli hadisələrdən söz açmışdır. Bildirmişdir ki, Azərbaycan dövlətinin yeritdiyi xarici siyasət nəticəsində erməni qəsbkarlarının Dağlıq Qarabağda, o cümlədən Xocalıda törətdikləri cinayətlər barədə həqiqətlərlə dünya ictimaiyyəti getdikcə daha yaxından tanış olacaq, Xocalı hadisələrini daha çox dövlət soyqırımı kimi qəbul edəcəkdir. X.Vəliyev vurğulamışdır ki, biz Vətən övladlarının qanı ilə suvarılmış doğma torpaqlarımıza, dədə-baba yurdumuza tezliklə qayıdacağıq.
Mərasimdə
Xocalı hadisələrindən bəhs edən film göstərilmiş,
tələbələr faciəyə həsr olunmuş ədəbi-bədii
kompozisiya nümayiş etdirmişlər.
Azərbaycan.-2013.- 26 fevral.- S.4.