Gənclər Xocalı qurbanlarını ehtiramla yad etmişlər

 

Fevralın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin ofisində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anma tədbiri keçirilmişdir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbiri açaraq Xocalı soyqırımı haqqında məlumat vermişdir.

Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev həmin dövrün siyasi hadisələrini təhlil edərək bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri və Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişlər.

 Xocalının işğalı zamanı bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan girov götürülmüşdür.

XX əsrdə qəddarlığına görə Xocalıda ermənilərin törətdikləri qətliamın analoqu yoxdur.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda tutduğu prinsipial mövqeyə toxunaraq demişdir ki, məhz dövlət başçısının yürütdüyü siyasətin nəticəsidir ki, artıq Kolumbiya, Meksika, Pakistan, Çexiya parlamentləri bu hadisəni soyqırımı kimi, Amerikanın bir neçə ştatı isə faciə kimi tanımışlar.       

Çıxışlardan sonra Milli Məclisin deputatları gənclərin suallarını cavablandırmışlar.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 26 fevral.- S.4.