MDB Dövlət İnformasiya
Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının
iştirakçıları İçərişəhərlə
tanış olmuşlar
Bakıda
keçirilən Müstəqil Dövlətlər Birliyinin
üzvü olan ölkələrin Dövlət İnformasiya
Agentliklərinin Rəhbərləri Şurasının (MDB
İnformasiya Şurasının) XVI iclasının
iştirakçıları fevralın 25-də İçərişəhərlə
tanış olmuşlar.
AzərTAc
xəbər verir ki, tədbir
iştirakçılarının İçərişəhərdə
gəzintisi Qız qalası ilə tanışlıqdan
başlamışdır. Qonaqlara Qız qalası abidəsinin
qeyri-adi memarlıq özəllikləri barədə ətraflı
məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl
VII-VI əsrlərdə əsası qoyulmuş Qız
qalası XII əsrdə bərpa edilmişdir.
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə
silindr formalı əsl qaladan və cənub tərəfdən
ona bitişən iri dayaq tikilidən ibarətdir.
Yaxınlıqdakı
Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da qonaqlarda böyük
maraq doğurmuşdur.
Elektromobillə
gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi
Siyahısına daxil edilmiş "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir,
abadlaşdırma və bərpa işləri barədə ətraflı
məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər
ərazisində müxtəlif əsrlərə aid nadir tarixi
memarlıq abidələri vardır və bunlar qorunub
saxlanılır.
Kiçik
Qala küçəsi ilə davam edən gəzinti zamanı
iclas iştirakçıları təndir çörəyinə
qonaq edilmişdir. Gəzinti zamanı qonaqlar orta əsr Şərq
memarlığının şah əsəri, dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı
Kompleksi" ilə tanış olmuşlar. Məlumat
verilmişdir ki, XV əsrin əvvəllərində inşa
olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin ən hündür nöqtəsində
yerləşir. O, Xəzər dənizindən və şəhərin
ətrafındakı yüksəkliklərdən aydın
görünür. Kompleks bugünədək öz tarixi-memarlıq
üstünlüyünü saxlamaqdadır.
Sonda
qonaqlara hədiyyə verilmişdir.
Qədim
İçərişəhərlə tanışlıq
qonaqlarda zəngin təəssürat yaratmışdır.
Azərbaycan.-2013.- 26 fevral.- S.5.