Şahidlərin şahidliyi

 

"Xocalı faciəsinin genosidi xatırlamasına heç bir şübhə yeri yoxdur", - bu sözləri Azərbaycan xalqının qatı düşməni, Qarabağ-Xocalı fəlakətlərinin əsas müəlliflərindən biri olan M.Şahnazarov deyib. Şahnazarovun özü hələ 20 il bundan əvvəl Xocalı faciəsini əsl genosid adlandırmışdı. Həmin qanlı olayların ilhamçısı Zori Balayan da bu fikirdədir. O, "Ruhumuzun dirilməsi" adlı "əsərində" yazıb: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkə onların atalarının bizim uşaqlara elədiklərini etdim. Onun başından, sinəsindən və qarnından dərisini soydum... Xaçatur təzəcə ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklərlə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına elədik... Ertəsi gün bir kilsəyə gedərək 1915-ci ildə ölənlərimiz və ruhumuzun dünən gördüyümüz çirkabdan təmizlənməsi üçün dua etdik. Ancaq biz Xocalını vətənimizin bir parçasını işğal edən 30 min nəfərlik çirkabdan təmizləməyi bacardıq".

Namərdlər həyasızcasına hər şeyi bax bu cür açıq-aydın ifadə edirdilər! Bu, şəksiz-şübhəsiz həqiqətin dünya miqyasında heç olmasa qismən tanınması üçün azı 20 il lazım gəldi. Bu qanlı faciə Meksikada, Pakistanda, Kolumbiyada, ABŞ-ın bir neçə  ştatında  tanınıb. Qahirə şəhərində İslam  Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin 39-cu zirvə toplantısında ilk dəfə olaraq Xocalı soyqırımı kimi qeyd olunub. Amerikada 100 mindən artıq imzanın toplanması daha böyük ədalətin yaxınlaşmasından xəbər verir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin sistemli surətdə yeritdiyi müdrik xarici siyasətin nəticəsidir.

Xocalı soyqırımının hələ neçə-neçə açılmamış səhifəsi var. Məhəmməd Şükürov Xocalı soyqırımının canlı şahidi olub. Taleyi minlərlə xocalılının taleyinə bənzəyirdi. Faciə zamanı anası Əntiqə Şükürovanı, əmisi Rəşid Kərimovu itirib. Qardaşları AkifVaqif də şəhid olublar. Qanlı günlərin hər biri onun gözü önündən, qəlbindən keçib. Məcburi köçkün həyatı yaşayır, Xocalı təhsil şöbəsində işləyirdi. Ötən günlər həmişə qəlbini dağlayır, üzə vurmasa da, için-için ağlayırdı. Xocalı soyqırımının iyirminci ildönümü ərəfəsində "Xocalı: Daş yaddaşım, qan yaddaşım"  adlı sənədlər toplusunu hazırlayaraq nəşr etdirmişdi.

Bu günlərdə yenə onunla görüşmək istədim. Eşitdiyim acı xəbər məni sarsıtdı. Dedilər, qəfil qəzada dünyasını dəyişib. Ürəyi həsrətli, qəlbi nisgilli getdi. Onun yana-yana söylədiyi söhbətləri xatırlayıram. O illərin canlı şahidi deyirdi ki, bu qanlı facıə olmaya da bilərdi. Biz mərdi-mərdanə dayanmışdıq. Xocalı o zamankı ölkə rəhbərliyinin biganəliyinə, vaxtında qətiyyətli tədbir görmədiyinə görə əldən  getdi. Ermənilərin bu yerlərə ilk irimiqyaslı hücumu 1988-ci il sentyabrın 18-də olub. Həmin gün Xankəndidəki nümayişdən çıxan beş minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalıya hücum etdi. Şəhərə azca qalmış hücumdan xəbər tutan xocalılılar onların qarşısını aldılar və ermənilərə layiqli cavab verdilər.

Vəziyyətin getdikcə gərginləşdiyini görən xocalılılar könüllü müdafiə dəstələri yaradırdılar. O zaman Xocalının müdafiə qüvvələrinin ixtiyarında çox az sayda avtomat, bir ədəd top, iki ədəd "Alazan" tipli raket qurğusu var idi. Kəşfiyyatçı xəbər gətirdi ki, həmin dövrdə Xocalının ətrafında, ermənilər yaşayan kəndlərdə - Daşbulaq, Mehdikənd, Ballıca, Pirəməki, Noraguğ və Mirzəcanda onların 515 nəfər canlı qüvvəsi, 3 "Alazan" raketi, 10 zirehli transportyoru, 3 PDM-ibir neçə tankı var idi. Bu az imiş kimi, 1992-ci ilin yanvar ayında Paris yaxınlığında məxfi təlim düşərgəsi yaratmış ASALA erməni terrorçu təşkilatının 26 üzvü mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə gəldi. Digər ölkələrdən də terrorçuların quldur dəstələri cəlb olunurdu.

M.Şükürov deyirdi ki, fevral ayının 12-si və 13-də Xocalı qonşu erməni kəndləri tərəfindən atəşə tutulduçox keçməmiş eşitdik ki, erməni hərbi qüvvələri Xankəndidən Xocalıya tərəf irəliləyirlər.  

Fəlakət göz qabağında idi. Heç olmasa dinc əhalini qorumaq lazım idi. Belə gərgin bir vaxtda, fevralın 13-də Xocalı İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədovun səyi ilə sonuncu vertolyotlar gəldi. Onların köməyi ilə 300 nəfər qoca, qadın, uşaq mühasirədən çıxarıldı. Vertolyotlar bir çox səbəbdən istənilən vaxtda uça bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya gələn yeddi sərnişin vertolyotunu gülləyə tutmuşdular. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər dinc azərbaycanlının olduğu mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də, demək olar, tamamilə kəsildi.

1991-ci il noyabrın 1-dən şəhər artıq mühasirə vəziyyətində idi. 1992-ci il yanvarın 2-dən elektrik enerjisinin verilməsi dayandırıldı. Fevral ayının 19-da Xocalı axşamüstü hər tərəfdən PDM, iriçaplı pulemyotavtomatlardan bir neçə saat aramsız şəkildə atəşə tutuldu.

Bəlli olduğu kimi, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı baş verdi. Həmin gecə ermənilər üç istiqamətdən Xocalıya hücum etdilər. Genişmiqyaslı hücumda Ermənistan Respublikası silahlı qüvvələrinin tabeliyində olan qruplar, muzdlu əsgərlər, özünü "Arsax" xalq azadlıq ordusu adlandıran Dağlıq Qarabağın erməni bölmələri və 366-cı rus hərbi alayı iştirak etmişdi.

Bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilməklə öldürülmüş, 76-sı uşaq olmaqla 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin - uşaqlar, qadınlar və qocalar girov götürülərək ağılasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Onlardan 150 nəfəri itkin düşmüşdür. Sonradan əsir götürülənlərdən yalnız 1165 nəfəri geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini itirmişdir. Bundan başqa, 230 ailə öz başçısnı itirib. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuşdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Məhəmməd Şükürov Xocalı hadisələrinin gedişi barədə rusların yazdıqları çox ciddi bir sənədi - "Məxfi arayış"ı üzə çıxarıb. Müəllifi Vladimir Savelyevdir. Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin polkovniki. O zaman Dağlıq Qarabağın hərbi hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Qanlı qırğının canlı şahidi olmuş polkovnikin dedikləri: "Hər şey gözlərimin önündə baş verib. İnsanların, uşaq və qadınların, hamilə gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələr zamanı əlimdən heç nə gəlmədi. Yalnız insanlara əsl həqiqəti söyləyə bilərəm. On doqquz səhifəlik məxfi arayışı həm BMT-yə, Avropa Şurasına, həm də Kremlə, Müdafiə Nazirliyinə, Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. "Oxuyun", - dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi... Bu oyunlara rusları qoşmaqla onları alçaltdılar və zabit şərəfimizə lənət damğası vurdular". V.Savelyev daha sonra yazır: "Mən on addımlıqda güllə yarasından can verən səkkiz-doqquz yaşlı qızcığaza heç cür kömək əlimi uzada bilmədim, sözün tam mənasında, sarsılmışdım... Onları yarım metr qazılmış çalalara atıb üstünü torpaqlayırdılar. Axşamlar çalaların ətrafında itlərin və çaqqalların səs-küyündən, dartışmalarından qulaq tutulurdu, adam vahimələnirdi. Hər yerdən laxtalanmış qan və cəsəd iyi gəlirdi... Mən Bakı hadisələrini də izləyirdim. Hiss olunurdu ki, prezident Ayaz Mütəllibovu aldadıb tora salıblar. O, kələfin ucunu itirmiş, hər şeyi nəzarətdən çıxarmış, qarşıdurmanın mərkəzində dayanmış, nüfuzunu itirmiş Ali Baş Komandandır...  Prezident Xocalıda nəyin baş verməsini əsla dərk eləmirdi".

Rus zabitlərinin "Məxfi arayış"dakı məlumatında deyilir ki, birinci batalyonun qərargah rəisi mayor A.Çitçiyan 14 nəfərlik Babayevlər ailəsini "güllədən keçirib". Bu "şücaətə görə" ona 1993-cü ildə Fransa erməni diasporu tərəfindən 150 min dollar və ən böyük "kilsə mükafatı" verilib.

Ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində, ASALA terror təşkilatının Xankəndidə yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allahverdiyan 24 nəfər rus zabit və əsgərinə çoxlu pul paylamışdı. Məsələn, rus zabiti Yevgeni Qolubevə üstündə ASALA yazılmış 25 qramlıq qızıldan tökülmüş ordenbeş min ABŞ dolları məbləğində mükafat təntənəli surətdə təqdim edilmişdi. Həmin gün insan qatillərindən biri Anastas İvanova 10 min dollarla yanaşı, İrəvanda onu gözləyən "Hunday" markalı avtomobilin sənədləri verilmişdi.

366-cı motoatıcı alayının komandiri Yevgeni Zadviqarova amansız soyqırımı ərəfəsində ilk tanışlıq üçün 36 min ABŞ dolları "hədiyyə" edilmiş  Xocalı soyqırımından bir gün əvvəl general rütbəsi verilmişdi.

Fevral ayının 24-də general rütbəsi almış Y.Zadviqarov zabitlər önündə çıxış edib demişdir ki, regiondakı müharibə torpaq müharibəsi yox, islamın xristianlığa qarşı müharibəsidi. "...Dünyanın islam ölkələrinin nümayəndələri, hərbi müşavirlər Bakıya yığışıblar ki, bizim xaçı necə sındırıb, əzsinlər... Xristianlığa qarşı yürüş var. Bu yürüşdə ya dinimizi, şərəfimizi qorumalıyıq, ya da şərəfsizliyi qəbul edib tabe olmalıyıq".

Məmməd Ağalaroğlu Nəbiyev ali təhsilli həkimdir. Xankəndidə İşləyirdi. 1988-ci ildə azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılanda Xankəndini tərk etməyə məcbur olub, Cəmilli kəndində fəaliyyətini davam etdirib.

1991-ci il avqust ayının 23-də Şuşadan Cəmilliyə gedəndə ermənilər onun tibb maşınını güllələyirlər. Həmin hadisə zamanı 3 nəfər şəhid olur, 18 nəfər ağır yaralanır. Təsadüf nəticəsində salamat qalan həkim yaralılara yardım göstərir və onları Şuşa xəstəxanasına yola salır.

Girovluqdan canını qurtardıqdan sonra Məmməd həkim Xocalıya qayıdıb polis şöbəsinin döyüşçüləri ilə birlikdə Abdal Gülablıda, Ağdamdabaşqa yerlərdə vuruşub. Əlif Hacıyev adına mükafata, əməkdar həkim fəxti adına layiq görülüb, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub. Hazırda rayon xəstəxanasında işləyir.

Döyüşçü həkim deyir ki, heç vaxt nə ölümdən, nə qan-qadadan qorxmamışam. Amma indi isə balaca bir yaranı görəndə, uşaq qışqırığını eşidəndə, sarsılıram.  Fevralın 26-na keçən gecə mən mühafizə postunda idim. Qəfildən hər yanı dəhşətli gurultu bürüdü. Özünümüdafiə batalyonunun döyüşçüləri avtomatla zirehli texnikanın qarşısını almağa çalışsalar da, təpədən-dırnağadək silahlanmış düşmənin güclü müqavimətini qıra bilmirdilər. Mühasirə halqası getdikcə daralır, nankorlar şəhərə doluşurdular. Erməni cəlladları dinc əhaliyə qarşı amansız divan tutur, işgəncələr verir, adamları kütləvi şəkildə qırırdılar. Güllələr hər tərəfə dolu kimi yağır, hamı birtəhər canını qurtarmağa çalışırdı. Məndən qabaqda anası ilə gedən 10-11 yaşlı uşağı yaraladılar. Onun vahiməli qışqırtısına ermənilər tökülüşüb gəldilər.

Bizim dəstədə olanların hamısını girov götürdülər. Yol gedə-gedə 14 nəfər ağır yaralının qanaxmasının qarşısını aldım. Yaralanan bir deyil, üç deyil, beş deyildi... Paltarlarımı cırıb sarğı kimi istifadə edirdim. Bizə olmazın əzab və işgəncələr verdilər.

Özümdə, sözümdə deyildim. Sonra bildim ki, namərdlər Matan nənənin üç oğlunu - Zakir, Əliyar və Elşadı seçib aparanda yalvarıb-yaxarır ki, heç olmasa Məmməd həkimə dəyməyin, onu mənə bağışlayın.

İşğalın ağır əzablı günləri bir-birini əvəz edirdi.

Həmin qanlı günlərdə o dövrün rəhbərləri - indi demokratiyadan, qeyrətdən, vətən məhəbbətindən dəm vuran müxalifət "başbilənləri" nəinki arxasız, dayaqsız insanların köməyinə gəldilər, hətta müdhiş faciə barədə xalqa vaxtında və düzgün məlumat da vermədilər. Yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı.

1994-cü il fevralın 24-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə Xocalı məsələsi müzakirə olundu. Ulu öndərin sərəncamı ilə "Xocalı faciəsi günü" elan edildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevlə olan bir görüşü  həmişə ehtiramla xatırlayıram. Bu, 1999-cu ilin fevralın 26-da olmuşdur. Prezident iqamətgahında Xocalının müdafiəsində şəhid olmuş milli qəhrəmanların, hünərvər döyüşçülərin valideynlərinə, ailə üzvlərinə "Qızıl ulduz" medalları və "Azərbaycan bayrağı" ordenləri təqdim edilirdi. Həmin görüşdə mənə də "Azərbaycan bayrağı" ordeni verildi. O vaxtdan bəri Azərbaycan hökuməti Xocalı soyqırımı haqqında həqiqətlərin olduğu kimi dünya dövlətlərinə, geniş ictimaiyyətə çatdırılması, bütün bunların əsl soyqırımı kimi tanınması istiqamətində çox görür.

Söhbətin bu yerində 4 nömrəli Xocalı məktəbində tarix fənni tədris edən əməkdar müəllim Xalidə Əmiraslanova da gəlib çıxdı. O da Xocalıda törədilən qanlı cinayətlər barədə xeyli fakt söylədi. Onun bir nəslin acınacaqlı taleyi haqqında dedikləri hamımızı sarsıtdı. Xalidə xanım dedi ki, Tofiq Hüseynovun yan-yörəsi adlı-sanlı nəsildən idi. Əvvəl özü öldürüldü, sonra qəfil tufan atası Mirseyibi, anası Minoş xanımı, həyat yoldaşı Məxməri, bacısı Məhbubə xanımı, nəvələri Gülnarəni, Çingizi məhv edib nəslin axırına çıxdılar.

Müəllimə ürəkağrısı ilə axırda dedi ki, bu yaxınlarda biz məktəbdə "Xocalı - ana yurdum" adlı inşa yazılarkən çoxlu acınacaqlı faktın şahidi olduq. İndi biz gərək hər kəsin ata yurdunu bütün incəliyi ilə ayıraq ki, sabah torpaqlar azad olunanda Xocalısız xocalılılar nəsli hər şeyi yerli-yerində öyrənsin, etnik tərkibindən tutmuş etnoqrafik tarixinə kimi.

...Aşağı Ağcakənddən qayıdarkən yolüstü Goranboy rayonda salınmış qaçqın qəsəbəsinə baş çəkdim. Çoxdan tanıdığım məcburi köçkün Rəhman İsmayılovla görüşüb hal-əhval tutanda bir dəstə gənc oğlan və qız əllərində gül-çiçək soyqırımı abidəsini ziyarətə gedirdi. Rəhman bizi orta yaşlı bir xanımla tanış etdi. Dedi ki, əri şəhid olandan bəri ailəni dolandırıb ərsəyə çatdırıb. Bu gün-sabah balaca qızının xeyir işidir. Məktəbdə əlaçı yetirmələri ilə fəxr edir, onların şərəfinə xüsusi lövhələr düzəldirlər. Yusif Yusifli Ankara Polis Akademiyasında, Ləman Rəhimova Diyarbəkir şəhərinin Dicli Universitetinin tibb fakültəsində təhsil alırlar. Aytən Yusifova Güzey Kıbrız Doğo-Akdeniz Universitetində oxuyur. Yaşa Məmmədovun da bir oğlu, bir qızı Türkiyədədir. Elnarə Yedditəpə Universitetində, Ramin isə Boğaz İç Universitetində oxuyurlar. Xocalılılar mərddirlər, mətindilər, çox təmkinlidirlər. Di gəl ki işğalçıların əməllərindən, soyqırımı faciəsindən söz düşəndə qəzəbləri yerə-göyə sığmır.

Qəsəbədə şəhid atası İsaq Ağalarovla da rastlaşdıq. Evlərinə dəvət edəndə tərəddüd etdiyimizi görüb dedi ki, Prezident İlham Əliyev də qəsəbənin açılışı günü bizim ailənin qonağı olub. Sizə dağ otlarından dəmlənmiş çay verməmiş buraxan deyiləm.

Çay süfrəsi arxasında ağrılı-acılı söhbət xeyli çəkdi. Yorulanda İsaq Ağalarov dərindən nəfəs alıb dedi:

- Bu yerlərdə kimi dindirsəniz, ölkə rəhbərinin bizlərə göstərdiyi tükənməz qayğıdan razılıq edər. Xocalı qırğınına gəldikdə, bu faciənin dünya miqyasında getdikcə daha çox tanıdılması ermənilərin iç üzünün faş olması hamımızda belə bir inam yaradıb ki, düşmən tapdağı altında  qalan torpaqlarımız tezliklə azad olunacaq və biz Yer üzərindən silinən Xocalının yerində əvvəlkindən qat-qat gözəl şəhər salacağıq. Çünki artıq bizim güclü iqtisadiyyatımız qüdrətli ordumuz, başlıcası isə müdrik Prezidentimiz var.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 26 fevral.- S.6.