Bu kədəri qoruyaq, yaxud qan içində...
63 çiçək
Qarabağın tarixində ağrılı-acılı hadisələr, faciələr çoxdur. Vaxtilə Yusif Vəzir Çəmənzəminlinin qələmə aldığı "Qan içində" romanı da sanki əvvəli və sonu bilinməyən bu faciələr silsiləsinə güzgü tutmaq, onun artan dəhşətlərindən və miqyasından xəbər vermək idi. Ancaq nə Yusif Vəzirdən əvvəl, nə ondan sonra heç kimin ağlına da gəlməzdi ki, insanları milli, dini fərqinə görə amansızlıqla qətlə yetirmək və bu zaman qadına, qocaya, uşağa fərq qoymamaq olar...
1987-ci ildə başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ən müdhiş, faciəli hadisələrdən biri Qarabağda - Xocalıda baş verən soyqırımıdır. Miqyasına və amansızlığına görə Xocalı faciəsi ancaq XX əsrin dəhşətləri ilə - Xatın, Xirosima, Srebrinitsa qırğınları ilə müqayisə oluna bilər. Vaxtilə Xankəndidən 14 km məsafədə yerləşən, ermənilərin "xidmət"i sayəsində uzun illər o qədər də inkişaf etməyən, tanınmayan bu şəhər 1992-ci ilin o qanlı fevral gecəsindən sonra həmin ermənilərin növbəti "xidməti, fədakarlığı" hesabına dünyada tanındı.
Faciəyə qədər Xocalıda 7 min insan yaşayırdı. Ermənistandan, Xankəndidən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də bu şəhərdə məskunlaşmışdı.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açaraq şəhəri tamamilə xarabazara çevirdilər. Qalanlar qaldı, şəhəri tərk etmək məcburiyyətində qalanları isə qarşıda daha ağır faciələr gözləyirdi. Hər tərəfdə silahlılar dinc əhalini güllələyir, onlara amansız divan tuturdular. Meşələrə, dağlara qaçanların da çoxu soyuqdan, şaxtadan məhv oldu...
56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilərək diri-diri yandırıldı, başları kəsildi, dərisi soyuldu. Uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı...E
Beləliklə, bir gecədə 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalıb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. 8 ailə bütövlükdə məhv edilib, 245 uşaq hər iki valideynini, 224 uşaq isə valideynlərindən birini itirib.
Xocalının işğalı zamanı bir gecədə qətlə yetirilən 613 dinc sakindən 63-ü məhz uşaqlardır. Onların başları kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb. 76 uşaq isə əlil olub - mənəvi və fiziki əlil.
Şahidlərin bildirdiyinə görə, şəhərin yaxınlığındakı Qaraqaya deyilən yerdə eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti görüblər. Onların arasında uşaqlar da vardı: "Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar".
Ermənilər Xocalıda uşaqlara qarşı etdikləri vəhşilikləri özləri də etiraf ediblər: "...Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə mismarlamışdılar. Onun çox səs-küy etməməsi üçün anasının kəsilmiş döşünü ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı. Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren mənə dedi: "Biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq". Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq" (Zori Balayan "Ruhumuzun dirilməsi").
Ermənistanın Azərbaycana qarşı apardığı hərbi əməliyyatlar zamanı işğal edilən ərazilərdə girov götürülən uşaqlardan 168-i (onların 65-i azyaşlı qızdır) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib. Bu uşaqlar arasında Xocalıdan olanlar da çoxdur. Amma uşaq ikən girov götürülən xeyli uşağın taleyi hələ də qaranlıq olaraq qalır.
Bəzi məlumatlara görə, uşaq ikən əsir götürülən uşaqlarımız hələ də girovluq həyatı yaşamaqda, Vətənə qayıdacağı günü gözləməkdədir. O uşaqların hansı müsibətləri yaşadığını təsəvvür etmək üçün azad edilmişlərin taleyinə nəzər salmaq kifayətdir - bəzilərinin bədən orqanları çıxarılaraq şikəst edilib, bəziləri, ümumiyyətlə, öldürülərək məhv edilib . Onlardan biri - 3 yaşlı Şövqi Əliyevin bazu sümüyü Xankəndidə ermənilər tərəfindən çıxarılıb, 15 yaşlı Nəzakət Məmmədovanın isə qulaqları kəsilib. Anası bunlara dözməyərək dəli olub.
Uşaq ikən girov götürülən uşaqlarımızın sayı isə onlarladır. Hazırda o uşaqlardan hansı sağdır, hansı dünyasını dəyişib?.. Bunu bircə Allah bilir...
Hazırda Xocalıdan, Ağdamdan, Şuşadan, Laçından, Kəlbəcərdən... uzaqda qarabağlı uşaqlar böyüyür. Onların bir çoxu işğaldan sonra doğulub. Amma heç vaxt görmədikləri, yalnız ata-analarının söhbətlərindən tanıdıqları, ekranda gördükləri torpaqların övladları olduqlarını unutmurlar. Çünki yaxşı bilirlər - getməsələr də, görməsələr də, o kənd, o şəhər onlarındır.
Xocalı sakini Əntiqə Qəhrəmanova hər dəfə o dəhşət dolu günləri yada salanda 8 yaşlı nəvəsinin dedikləri gözünün qarşısına gəlir: "Nəvəm ermənilərin ayağını qucaqladı ki, "ay erməni, qadan alım, atama dəymə, bəs bizi kim saxlayacaq?" Erməni də dedi ki, "atana deynən torpaq erməninindir, buraxım".
Əntiqə nənənin qızını, kürəkənini, nəvəsini gözünün qabağında öldürüblər. O, üç nəvəsi ilə birgə əsirlikdən azad olunandan sonra Bakıda yerləşib. O zaman böyük nəvəsinin 8 yaşı, lap kiçiyinin isə bir yaşı da yox imiş. Artıq o uşaqlar böyüyüblər. Uşaqların ürəyindəki həsrət, kədər, qisas hissi də onlarla bərabər böyüməkdədir...
Belə uşaqların sayı isə minlərlədir...
P.S. ABŞ-ın Konnektikut ştatının Nyutan şəhərinin məktəblərinin birində 20 azyaşlı uşağın və 8 qadının ölümü ilə nəticələnən qətl hadisəsi baş verəndə, yəqin ki, amerikalıları ən yaxşı başa düşən azərbaycanlılar oldu. Çünki o dəhşətləri hələ də görməkdə və yaşamaqdadırlar. Bəs Amerika, Avropa, dünya nə vaxtsa bizim dərdlərimizi, uşaqlarımızı özlərininki kimi görüb anlayacaqlarmı?
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 26 fevral.- S.7.