Dünyanın ən dəhşətli faciəsi

 

Erməni qatillərinin xalqımıza qarşı törətdikləri, dünyanın ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımından 21 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən o qarlı-çovğunlu gecədə qədim tarixi olan Xocalı bir gecənin içində məhv edildi.

Erməni vandalizminin qəddarlığından dəhşətə gəlmiş fransalı müxbir Jan İv Yuner yazırdı: "Xocalı faciəsi məni dəhşətə gətirdi. Yüzlərlə cəsəd gördüm. Aralarında şəhərin müdafiəçiləri də var idi, günahsız qadınlar, qocalar, uşaqlar da. Mən alman faşistlərinin yırtıcı xisləti haqqında çoxlu kitablar oxumuşdum. Ancaq ermənilərin bu məzlum insanları və 5-6 yaşlı körpə uşaqları öldürərkən etdikləri vəhşiliklər faşistlərin törətdikləri cinayətkar aksiyaları belə kölgədə qoyurdu. Mən xəstəxanada, dağıdılmış uşaq bağçalarında, məktəblərdə və sinif otaqlarında güllələrdən bədənləri deşik-deşik olmuş çoxlu yaralı gördüm". Milliyyətcə erməni olan avropalı jurnalist belə öz soydaşlarının vəhşiliyindən qəzəblə söz açırdı: "Ermənilər Xoçalıda öldürdükləri 100 nəfərin cəsədini yan-yana düzərək körpü yaratdılar. Mən həmin qanlı cəsədlər üzərindən keçib, ayağımı körpə bir uşağın sinəsi üzərinə basarkən bədənimdə dəli bir titrəyiş hiss etdim. Fotoaparatım, bloknotum və qələmim yerə düşərək qana bulaşdı. Erməni qatillərinin  bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim. Beynimdə dəhşətli bir ağrı başladı. Belə daşürəkli, qəddar bir millətin nümayəndəsi olduğum üçün özümə nifrət etdim". 

Mayor Leonid Kravets "İzvestiya" qəzetində dərc olunmuş məqaləsində yazırdı: "Mən Xocalıda təpənin üstündə eybəcər hala salınmış yüzə yaxın meyiti öz gözlərimlə gördüm. Bir oğlanın başı yox idı. Balaca bir qızın dırnaqları çıxarılmış, qulaqları kəsilmiş, qoca bir kişinin başının dərisi soyulmuşdu".

Xocalıda törədilmiş vəhşiliklər haqqında bu cür faktlar beş deyil, on deyil, yüzlərlədir. Müqəddəs torpaqlarımızın işğalı hesabına öz ərazilərini daha da genişləndirməyi qarşılarına məqsəd qoymuş erməni şovinistlərinin son iki əsrdə Azərbaycan xalqına qarşı yürütdüyü etnik təmizləmə siyasətinin tərkib hissəsi olan bu qəddar və amansız soyqırımı bəşər tarixinə ən dəhşətli terror aktlarından biri kimi daxil olmuşdur. Xocalı soyqırımından bir neçə ay əvvəl erməni qəsbkarları İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Axullu, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaydalı, Malıbəyli, Qaradağlı, Yuxarı və Aşağı Quşçular kəndlərini də yerlə yeksan etmiş, insanları amansızlıqla qətlə yetirmişdilər. Erməni mətbuatının yazdığına görə, guya qətliamdan əvvəl əhalinin Xocalıdan çıxması üçün Naxçivanik yaxınlığında "Xocalı-Ağdam təhlükəsizlik koridoru" təşkil edilmişdir. Həqiqətdə isə bu, yalan idi. Bu faktı Xocalı qətliamından bir neçə gün sonra hadisə zonasında olmuş "Frant Laun Nyus" televiziya şirkətinin əməkdaşı Rori Ratriksin hazırladığı sujetdəki  fikirlər də təsdiqləyir. O deyir: "Mən Naxçivanik kəndi yaxınlığında eybəcər hala salınmış onlarla meyit gördüm. Onlar Xocalının müdafiəçiləri yox, Xocalının dinc sakinləri - ermənilərin güclü güllə yağmuru altında canlarını götürüb Ağdama qaçarkən yolda gülləbaran edilən uşaqlar, qadınlar və qocalar idi".

Qəribədir ki, sivil dünya ölkələri və beynəlxalq təşkilatlar belə bu ağlasığmaz faciənin üstündən sükutla keçdilər. İkinci cahan hərbindən sonra, 1948-ci il dekabrın 9-da özünün 260 A saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyanın yaradıcısı olan BMT Baş Məclisindən belə o vaxt səs-səmir çıxmadı. Halbuki Xocalı soyqırımı öz xarakterinə görə beynəlxalq kateqoriyalı bir cinayət idi. BMT-nin soyqırımın tanınması haqqında Bəyannaməsinin  2-ci maddəsində aydın deyilir ki, "milli, etnik, irqidini bir qrupu qismən və ya tamam qətlə yetirmək soyqırımı adlanır". Əgər adlanırsa və BMT-nin üzvü olan dövlətlər bunu birmənalı olaraq qəbul edirlərsə, hətta dünyanın super dövləti olan ABŞ-da Xocalı şəhərinin ermənilər tərəfindən məhv edilməsi "ilin ən böyük faciəsi" kimi qiymətləndirilirsə, onda bəs niyə bu məsələ 21 ildən bəri öz həllini tapmır?

Niyə Xocalı qətliamından sonra həmin faciənin törədiciləri olan əsgər və zabitlərdən bir nəfəri belə cinayət məsuliyyətinə cəlb olunmadı?

Bu cür dəhşətli cinayətlərin tərkibi İkinci Dünya müharibəsindən sonra yaradılmış NürnberqTokio hərbi tribunallarının, habelə YuqoslaviyaRuanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsinin  statusundakı 6-cı maddədə də öz əksini tapıb. Həmin nizamnamələrin və konvensiyaların əsas bəndlərinə uyğun olaraq, Xocalı soyqırımı ilə bağlı istintaq işinin yekunlaşmasına, həmin hadisənin soyqırımı kimi tanınmasına və onun törədicilərinin cinayətkar qismində beynəlxalq məhkəməyə verilməsinə böyük ehtiyac duyulsa da, bəzi ermənipərəst dövlətlərin ikili standartlar siyasəti üzündən bu məsələ indiyədək yubadılır. 

Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bütün respublika ərazisində "Sükut dəqiqəsi" elan edildi. O dahi şəxsiyyət özünün 26 fevral 1998-ci il tarixli fərmanında isə erməni faşizminin son iki əsrdə xalqımızın başına gətirdiyi ağlasığmaz müsibətlərə, soyqırımı və deportasiyalara tam siyasi qiymət vermiş, soydaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların-soyqırımılarının adlarını çəkmiş, etnik düşmənçilik siyasətinin köklərini açıqlamışdı. Məhz həmin fərmana əsasən, hər il mart ayının 31-nin erməni millətçilərinin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız soydaşlarımızın unudulmaz xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması qərara alınmışdır. Heydər Əliyev Xocalı faciəsinin 10-cu ildönümü ilə əlaqədar xalqımıza müraciətində deyirdi: "Bu qəddar və amansız soyqırımı aktı bəşər tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi daxil olmuşdur. Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütünlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyas və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur". Faciənin əsl beynəlxalq  hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildikdən sonra, o vaxt ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, sonralar AŞ PA sədrinin müavini və büro üzvü olmuş cənab İlham Əliyev ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğınlar və Xocalı soyqırımı haqqındakı həqiqətlərin Avropa parlamentlərinə çatdırılması sahəsində əsl fədakarlıq nümayiş etdirdi. Avropa ölkələrinin televiziya kanallarında erməni vandallarının cinayətkar aksiyaları üzündən öz doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün ağır, faciəli taleyindən, erməni qatillərinin Xocalıda törətdikləri cinayətkar aksiyalardan bəhs edən sənədli filmlər nümayiş etdirildi. MTN-in Xocalı ilə əlaqədar hazırladığı kompakt disklər dünyanın əksər ölkələrinə göndərildi, "məzlum və zavallı millət" imici arxasında gizlənmiş o canilərin çirkin mənəvi aləmi dünyaya tam çılpaqlığı ilə çatdırıldı. 2005-ci il yanvarın 25-də AŞ PA-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etməsi, deputatların 96 faizi tərəfindən Ermənistanın işğalçı dövlət, Dağlıq Qarabağdakı rejimin isə separatçı qurum kimi tanınması ölkəmizin Avropada kifayət qədər möhkəm dayaqlara malik olduğunun əyani nümayişinə çevrildi. Azərbaycan rəhbərliyinin, Milli Məclisin erməni millətçilərinin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımını tanımaq və bu terror aktına qarşı dünya boyu öz haqq səslərini ucaltmaq üçün beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə və hökümətlərinə ünvanladıqları müraciətlər də bu sahədə atılan uğurlu addım kimi dəyərləndirilməlidir. Son illərdə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün həm dövlət tərəfindən, həm də xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın bir sıra ölkələrinin  paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə əzəmətli abidə kompleksləri ucaldılmışdır. Bir neçə il bundan öncə Hollandiyada ucaldılmış nəhəng abidə kompleksi qürbətdə yaşasalar da, ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının  bariz nümunəsidir. Bu gün dünyanın 70 ölkəsində məskunlaşmış 50 milyon qan qardaşımız Xocalı şəhidlərinin anım gününü hər il ehtiramla qeyd edir, soyqırımı ilə əlaqədar topladıqları yeni-yeni məlumatların yaşadıqları ölkələrin hakimiyyət orqanları, beynəlxalq təşkilatlar və KİV-lər arasında yayılmasında əsl fədakarlıq göstərirlər. Bu bəşəri faciənin tezliklə beynəlxalq hüquqi-siyasi qiymətini alacağına, onun təşkilatçılarının tarixin ədalət məhkəməsindən heç cür yaxa qurtara bilməyəcəklərinə xalqımızda böyük əminlik var.

 

 

 Zeynal VƏFA

 

Azərbaycan.-2013.- 26 fevral.- S.7.