Misirin aparıcı «Əl-Əhram İnternational» qəzetində «Xocalı soyqırımı: beynəlxalq
ictimaiyyətin susqunluğu» adlı məqaləsi dərc
edilmişdir
Ərəb
dünyasının aparıcı qəzetlərindən olan
"Əl-Əhram İnternational" qəzetində
"Xocalı soyqırımı: beynəlxalq ictimaiyyətin
susqunluğu" adlı məqalə dərc edilmişdir. Məqalədə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
Silahlı Qüvvələrinin və 366-cı sovet
motoatıcı alayının Xocalı şəhərinə
hücumundan, 106-sı qadın, 63-ü uşaq, 70-i
yaşlı olmaqla, 613 nəfər azərbaycanlının vəhşicəsinə
qətlə yetirilməsindən, 1.275 nəfərin əsir
götürülməsindən, ermənilərin Azərbaycan
torpaqlarının 20 faizini işğal etdiklərindən,
minlərlə günahsız insanı öldürdüklərindən
danışılır.
Məqalənin
müəllifi Xocalıya hücumun dəqiqliklə
planlaşdırılmış hərbi əməliyyat
olduğunu vurğulamışdır. Məqalədə, həmçinin
faciə ilə əlaqədar Fransa, Almaniya, Rusiya, İngiltərə
və ABŞ jurnalistlərinin yazdıqlarından da sitatlar gətirilmiş
və ermənilərin özləri tərəfindən
Xocalı qırğınlarının etiraf olunduğunu
oxucuların diqqətinə çatdırmışdır.
Ermənistanın
təkziblərinə baxmayaraq, Xocalı soyqırımı
haqqında həqiqətlərin dünyaya
yayıldığını və bir sıra ölkələrin
qanunverici orqanları tərəfindən bu soyqırıma
hüquqi və siyasi qiymətin verildiyini yazan müəllif
İslam Əməkdaşlıq Təşkilatının cari
il fevralın 2-dən 7-dək Qahirədə
keçirilmiş zirvə toplantısında üzv ölkələrin
dövlət və hökumət
başçılarının Qahirə Yekun Kommunikesində
Xocalı soyqırımını insanlıq əleyhinə
cinayət adlandırdıqlarını, milli və beynəlxalq
səviyyədə onun soyqırımı kimi tanınması
üçün israrlı çağırış etdiklərini
vurğulamışdır.
Məqalədə
Xocalıda törədilmiş insanlıq əleyhinə cinayət
və soyqırımından sonra Ermənistanın tarixi
saxtalaşdıraraq, "erməni soyqırımı"
iddiasını irəli sürməsinin ikrah hissi
doğurduğunu bildirmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Qahirə
Azərbaycan.-2013.- 26 fevral.- S.9.