İordaniya mətbuatında Xocalı faciəsi ilə əlaqədar Azərbaycan diplomatının bəyanatı çap olunmuşdur

 

Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar, Azərbaycanın İordaniyadakı səfirliyi tərəfindən Xocalı həqiqətlərini, habelə səfir S.Ağabəyovun bəyanatını əks etdirən buklet çap edilmişdir.

AzərTAc xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən qısaca bəhs edən bukletdə ermənilərin keçən əsrin birinci yarısında - 1905, 1907, 1918, 1948 və 1953-cü illərdə azərbaycanlılara qarşı törətdikləri qətliam və etnik təmizləmə siyasəti barədə məlumatlar öz əksini tapır.

Sözügedən əyani vəsaitdə sovetlər birliyinin süqutundan sonra Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi və bununla da bir milyona qədər insanın yurdundan didərgin düşdüyü vurğulanır, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər xüsusi qeyd edilir.

Eyni zamanda, bukletdə keçən il yanvarda İƏT Parlamentlər İttifaqının İndoneziyada keçirilmiş 7-ci toplantısında Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanıyan qətnamənin əhəmiyyətindən bəhs edilir. Bununla yanaşı, 2012-ci ilin fevral ayında Pakistan İslam Respublikasında Senatın Xarici Əlaqələr Komitəsinin Xocalı qətliamını Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktı kimi tanıması yüksək qiymətləndirilərək digər müsəlman ölkələrinin də buna hüquqi qiymət verməsinin zəruriliyi vurğulanır.

Bukletin son abzasında isə səfirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində dəstəklədiyinə görə İordaniya rəhbərliyinə və hökumətinə ölkəmiz adından təşəkkürü yer almışdır.  Bukletdə Xocalı faciəsini əks etdirən 10-na qədər foto yerləşdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 26 fevral.- S.9.