Avropanın nüfuzlu
«New Europe» qəzetində
«Azərbaycan «Cənub qaz dəhlizi» layihəsini dəstəkləyir»
sərlövhəli məqalə dərc olunmuşdur
Avropanın
nüfuzlu "New Europe" qəzetində Azərbaycan
Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı
direktoru Şahmar Mövsümovun "Azərbaycan "Cənub
qaz dəhlizi" layihəsini dəstəkləyir" sərlövhəli
məqaləsi verilmişdir.
Məqalədə
deyilir: "Azərbaycan Respublikası Dövlət Neft Fondu
Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) Azərbaycan
hissəsini maliyyələşdirməyə
başlayacaqdır. Azərbaycan, eyni zamanda, TANAP-a birləşəcək
və Azərbaycan qazını Avropaya ötürəcək
"Nabukko Qərb" və ya Transadriatik boru kəməri
layihələrini (TAP) də maliyyələşdirməyə
qadirdir".
Yazıda
bildirilmişdir: "Biz TANAP layihəsinin Azərbaycana
düşən hissəsini maliyyələşdirməyə
hazırlaşırıq. İndi prosesin ilkin mərhələsi
gedir. Lakin hələ layihədəki payımızı,
ümumi xərci və digər detalları müəyyənləşdirməmişik".
Məqalədə
qeyd edilmişdir ki, TAP və "Nabukko Qərb" layihələrinin
50 faizi Azərbaycanın əsas neft şirkəti olan
ARDNŞ və Avropanın mühüm enerji şirkətlərindən
ibarət "Şahdəniz" konsorsiumuna təklif edilə
bilər. ARDNF-in TAP və ya "Nabukko Qərb" layihələrinin
maliyyələşdirilməsinə cəlb olunma ehtimalı
barədə sualı ARDNF-in icraçı direktoru belə
cavablandırmışdır: "Buna bizim imkanımız
vardır. Amma hələ danışıqlar mərhələsindəyik.
Tam dəqiqləşdirilmiş bir şey yoxdur. Hazırda biz
inkişafa əsaslı təsir edəcək layihələr
axtarırıq. TANAP buna misal ola bilər. Biz TANAP-la
bağlı məsələlər üzərində sürətlə
çalışırıq. ARDNŞ TANAP layihəsi ilə məşğul
olan çoxlu sayda insanı işə cəlb etmişdir. Amma
məlumdur ki, TANAP yolun sonu deyildir. Biz onu hazırda müzakirə
olunan TAP və ya "Nabukko Qərb" layihələri ilə
davam etdirəcəyik. Əvvəlcə, TAP, yaxud "Nabukko Qərb"
layihələrindən hansını seçəcəyimizi
müəyyənləşdirməliyik".
Yazıda
Rusiyanın "Cənub axını" layihəsinin Avropa
İttifaqının dəstəklədiyi "Cənub qaz dəhlizi"nə
rəqib olub-olmaması ilə bağlı sualı
Ş.Mövsümov belə cavablandırmışdır:
"Avropa həm Rusiyadan, həm də bizim regionumuzun
ehtiyatlarını alacaq qədər böyük bir
bazardır. Burada hər hansı bir rəqabət
mümkün deyildir".
Ş.Mövsümov
qeyd etmişdir ki, təbii qaz digər enerji mənbələri
ilə müqayisədə və nüvə enerjisinin təhlükəsizliyi
məsələləri baxımından ekoloji cəhətdən
ən təhlükəsiz vasitədir. Hər iki layihə təbii
qaz ehtiyacının ödənilməsinə yönələcəkdir.
Xəzərin qaz potensialı böyükdür. Amma bu
potensialdan istifadə etmək üçün onu üzə
çıxarmaq lazımdır.
Buna
görə də ARDNF bu il yeni layihəyə
başlayacaqdır. Biz yeni qazma qurğusunun tikintisini maliyyələşdirmək
istəyirik. Bununla bağlı beynəlxalq şirkətlərlə
razılığa gəlmişik.
AzərTAc
Azərbaycan.-2013.- 26 fevral.- S.11.