İngiltərəli səyyah Pol Stil «The Huffington Post» qəzetində Azərbaycana səfərindən yazır

 

ABŞ-ın nüfuzlu "The Huffington Post" qəzetində ingiltərəli səyyah Pol Stilin ölkəmizə səfərindən bəhs edən "Azərbaycanın məqsədi gələcəyə istiqamətlənmişdir" sərlövhəli məqaləsi dərc olunmuşdur.

Bir neçə dəfə Azərbaycana səfər edən səyyahın ölkəmiz ilə bağlı xoş təəssüratlarının əksini tapdığı məqalədə P.Stil Bakıya "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsindəki səfəri zamanı buraya bir daha səyahət etmək arzusunda olduğunu bildirmişdir.

Müəllif məqaləsində Bakının mədəni və tarixi cəhətdən zəngin ətraf əraziləri ilə tanış olduğunu, hər yerdə səmimi şəraitin hökm sürdüyünü, Azərbaycanın getdikcə heyrətamiz bir məkana çevrildiyini və möhtəşəm layihələrin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Yazıda müəllif Azərbaycanın şimal bölgəsinə səfər etmək niyyətində olduğunu demişdir. P.Stil Azərbaycana səfəri çərçivəsində hökumət rəsmiləri ilə görüşərək ölkəmizin gələcəyi, burada keçirilən dünya miqyaslı tədbirlər barədə fikir mübadiləsi aparmışdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşdə Bakının hazırkı vəziyyəti və gələcək planları müzakirə edilmişdir.

Görüşdə nazir 2012-ci ilin Azərbaycanın səyahət və turizm sahəsində əhəmiyyətli hadisələrlə yadda qaldığını vurğulamışdır. O demişdir: "Bildiyiniz kimi, ötən il ölkəmiz iki əhəmiyyətli hadisəyə - "Eurovision-2012" və FİFA U-17 qadınlararası dünya çempionatına ev sahibliyi etmişdir. Hər iki tədbir yüksək səviyyədə təşkil olunmuşdur. Komanda üzvləri, məşqçilər, oyunçular, Avropadan və dünyadan olan jurnalistlər Bakının və ümumilikdə Azərbaycanın gözəlliyinə heyran qalmışlar. Bütün bunlar ölkəmizə turist axınına müsbət təsir göstərmişdir. Hazırda Azərbaycan Avropanın əsas turist bölgələrindən birinə çevrilməkdədir".

Nazir söhbətində xalqımızın çox qonaqpərvər olduğunu vurğulamış və xarici turistlərdən təkcə Bakını deyil, rayonlara da səfər etmələrini tövsiyə etmişdir.

P.Stil Azərbaycanın rayonlarının bütün mövsümlərdə çox gözəl olduğunu qeyd etmişdir. O demişdir: "Bakını gəzərkən ən çox təəccübləndiyim xüsusiyyətlərdən biri də dini tolerantlıqdır. Olduqca fərqli dinlər burada sülh şəraitində yaşayırlar". 

Məqalədə ingiltərəli səyyah Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə görüşünə istinad edərək yazır ki, cəmi 9 milyon əhalisi olan Azərbaycan kiçik ölkə olsa da, nadir mədəni və tarixi xüsusiyyətlərə malikdir. Ölkəmiz sivilizasiyaların - Şərq ilə Qərbin, xristianlıq ilə islamın qovuşduğu məkandır. Azərbaycan dünyanın nadir ölkələrindən biridir. Burada xristianlıq, islam və iudaizm sülh şəraitində birlikdə yaşayır. Son dövrlərə qədər dünya ictimaiyyətinin Azərbaycan haqqındakı məlumatı olduqca az idi. Amma indi hər kəs Azərbaycanı və onun paytaxtı Bakını yaxşı tanıyır. Bu, xüsusilə "Eurovision-2012" mahnı müsabiqəsindən sonra daha da artmışdır.

Sonda müəllif hər kəsi keçmişlə müasirliyin vəhdət təşkil etdiyi Azərbaycana dəvət edir. O bildirir ki, Azərbaycanın zəngin keçmişi, təbiəti, mətbəxi, incəsənəti və musiqisi hər bir turistin marağını təmin edə bilər.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 26 fevral.- S.11.