Xocalı faciəsi erməni millətçilərinin
Azərbaycan xalqına qarşı
apardığı oyqırımı siyasətinin qanlı səhifəsidir
Azərbaycan Prezidenti İlham Əliyev
faciə qurbanlarının xatirəsini anma mərasimində
iştirak etmişdir
1992-ci
il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları
Azərbaycanın Xocalı şəhərində bəşəriyyət
tarixində ən qanlı faciələrlə bir sırada
duran soyqırımı törətmişlər.
Azərbaycan
paytaxtının minlərlə sakini Xocalı
soyqırımının 21-ci ildönümü ilə əlaqədar
anma mərasimində iştirak etmək üçün
fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə
qurbanlarının xatirəsinə ucaldılmış abidənin
önünə toplaşmışdı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində
iştirak etmişdir.
Abidənin
yanında fəxri qarovul dəstəsi
düzülmüşdü.
Prezident
İlham Əliyev abidənin önünə əklil qoydu,
faciə qurbanlarının xatirəsinə ehtiramını
bildirdi.
Baş
nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
abidənin önünə gül dəstələri qoydular.
Mərasimdə
dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, nazirlər, komitə və
şirkət rəhbərləri, dini konfessiyaların
başçıları, habelə qırğından xilas ola
bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma
mərasiminin iştirakçıları abidənin
önünə tər qızılgüllər, qərənfillər
düzdülər.
Sonra
dövlət başçısına abidənin yerləşdiyi
parkda və onun ətrafında görülmüş
abadlıq və yenidənqurma işləri barədə məlumat
verildi.
* * *
Xocalı
soyqırımının 21-ci ildönümünün qeyd
olunması bir daha sübut edir ki, həmin qanlı gecədə
erməni təcavüzkarlarının törətdikləri vəhşilik
və cinayətin dəhşətləri yaddaşlardan
heç zaman silinməyəcəkdir. Çünki
Xocalıda baş verənlər təkcə Azərbaycan
xalqına qarşı soyqırımı deyil, bəşəriyyət,
insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.
"Böyük Ermənistan" dövləti yaratmaq kimi xəstə
xülyanın əsiri olmuş erməni millətçilərinin
xalqımıza qarşı törətdikləri bu növbəti
kütləvi qırğın 613 nəfərin, o cümlədən
106 qadının, 63 uşağın, 70 qocanın həyatına
son qoymuşdur. Bir gecədə 8 ailə tamamilə məhv
edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə
zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir
götürülmüş, 155 nəfər itkinin taleyi hələ
də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər
xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər
diri-diri yandırılmış, başlarının dərisi
soyulmuş, bədən əzaları və başları kəsilmiş,
gözləri çıxarılmış, hamilə
qadınların qarnı süngü ilə deşik-deşik
edilmişdi. Bu əməllərin qabaqcadan
düşünülmüş qaydada, milli əlamətinə
görə insanların tamamilə və ya qismən məhv
edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin
beynəlxalq hüquqa əsasən məhz soyqırımı
olduğunu təsdiq edir.
Dünyanın
sülhsevər insanları, sivil dövlətləri,
nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq
ictimaiyyət bu acı həqiqəti bilməli,
insanlığa qarşı törədilən bu cinayət
öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, o
zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə
siyasi qiymət verilməsi, qanlı qırğın barədə
obyektiv məlumatların dünya ictimaiyyətinə
çatdırılması üçün heç bir iş
görməmişdir.
Lakin
xalqımızın ümummilli lideri Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə
ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir.
1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı
soyqırımı günü kimi qəbul etmişdir.
Məhz
o dövrdən başlayaraq dünya azərbaycanlıları
və Azərbaycan hökuməti erməni millətçilərinin
xalqımıza qarşı törətdikləri cinayətlər,
o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması, onun
soyqırımı kimi tanınması üçün məqsədyönlü
və ardıcıl fəaliyyət göstərir. Bu,
Xocalı şəhidləri qarşısında bizim vətəndaşlıq
və insanlıq borcumuzdur.
Hər
il bu müdhiş faciənin ildönümü ölkəmizdə,
dünyanın müxtəlif dövlətlərində
yaşayan soydaşlarımız və dost xalqların
nümayəndələri tərəfindən ürək
ağrısı ilə qeyd olunur. Bu il dünyanın müxtəlif
ölkələrində Xocalı faciəsi
qurbanlarının əziz xatirəsi anılır, mitinqlər,
piketlər keçirilir, ermənilərin vəhşiliklərini
əks etdirən fotoşəkillər, filmlər
nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində
faciəyə həsr olunmuş məqalələr çap
olunur, televiziya və radio kanallarında verilişlər
hazırlanır.
Faciə
ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında Heydər Əliyev Fondunun da
xüsusi xidmətləri vardır. Xocalı faciəsinin 21-ci
ildönümü ilə bağlı Heydər Əliyev
Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi
çərçivəsində Azərbaycan həqiqətlərini,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin əsl mahiyyətini beynəlxalq
ictimaiyyətə çatdırmaq istiqamətində
mühüm işlər görülmüşdür.
Xocalı soyqırımının ildönümü ərəfəsində
dünyanın 25 ölkəsində keçiriləcək
aksiyalara dəstək məqsədi ilə xüsusi
hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər
göndərilmişdir. Azərbaycanın xaricdəki diplomatik
nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi
Afrika Respublikası, Koreya Respublikası, Belarus, Çexiya,
Fransa, Gürcüstan, İndoneziya, İsveç, İngiltərə,
İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan
və Yaponiyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə
yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri,
İtaliya, İran, İspaniya, Macarıstan, Səudiyyə Ərəbistanı,
Türkiyə və Türkmənistan ictimaiyyəti də
Xocalıda ermənilərin azərbaycanlılara qarşı
həyata keçirdiyi qanlı cinayət və vandalizm
aktları barədə geniş məlumat əldə
etmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi
"Qarabağ həqiqətləri" silsiləsi və
işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin
dağıdılması ilə bağlı ingilis dilində nəşr
olunan kitab və bukletlər də xaricdə
yayımlanmışdır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə fəaliyyət göstərən "Xocalıya ədalət"
beynəlxalq kampaniyası çərçivəsində
dünya ölkələrində mitinqlər,
yürüşlər və tədbirlər təşkil
olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının
insanlığa qarşı törədilmiş ən
böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən
tanınmasıdır.
Yalan
və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat
maşının iç üzü artıq ifşa olunur.
Artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini
qəbul etməyə başlayır. Xocalı faciəsinin
soyqırımı olması faktı dünyanın bir
çox ölkələrinin və beynəlxalq təşkilatların
qərarlarında, qətnamələrində əksini
tapır. Artıq Pakistan, Meksika, Kolumbiya, Çexiya və
Rumıniya parlamentləri, eləcə də ABŞ-ın
altı ştatı Xocalı soyqırımını
tanımışdır.
Xalqımız,
o cümlədən Azərbaycanın 48 rayonunda məskunlaşan
xocalılılar Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli, işğal olunmuş
torpaqlarımızın azad edilərək ölkəmizin ərazi
bütövlüyünün bərpası ümidi ilə
yaşayır və bu günün uzaqda olmadığına
inanırlar. Xalqımız inanır ki, Xocalı
soyqırımının günahkarları layiqli cəzalarını
alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız
qala bilməz.
AzərTAc
Azərbaycan.-2013.- 27 fevral.- S.1.