Məcburi köçkün
ailələrinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlərin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-cü bəndinə uyğun olaraq qərara alıram:
1. Bakı şəhərinin Binəqədi rayonunda müvəqqəti məskunlaşmış 700 nəfərdən ibarət 155 məcburi köçkün ailəsinin köçürülməsi üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 (on dörd) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 26
fevral 2013-cü il
Azərbaycan.-2013.- 27 fevral.- S.1.