Türkiyə Azərbaycanın haqq işində hər zaman ölkəmizin yanında olmuşdur

 

Fevralın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Türkiyənin "TRT", "FOX TV", "Kanaltürk" televiziya kanallarının, "Bu gün", "Todays zaman", "Samanyoluxəbər", "Zaman" qəzetlərinin və "Media PR" agentliyinin əməkdaşları ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonaqlar əvvəlcə ölkəmizdə qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlərə dair fotolardan ibarət stend, maket və 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritə ilə tanış olmuşlar.

Görüşdə Ə.Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, 1992-ci il fevralın 26-da Xocalıda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat vermiş, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulamışdır. Ermənilərin bütün dünya üçün bir təhlükə olduğunu deyən Əli Həsənov Ermənistan prezidenti Serj Sarkisyanın "Biz yaşlı nəsil Dağlıq Qarabağı işğal etdik, siz gənclər isə Ağrı dağı işğal etməlisiniz" sözlərini diqqətə çatdırmışdır.

Nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti yeritməkdə davam etdiyini diqqətə çatdıran Ə.Həsənov bu problemin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulamışdır.

Baş nazirin müavini qonaqlara qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, ölkəmizdə son 20 ildə dövlət başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun üç milyard dolları büdcə, 1,5 milyard dolları Dövlət Neft Fondunun payına düşür. Bundan əlavə, indiyədək ölkəmizdə Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün 77 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir.

Türkiyənin bir sıra xeyriyyə təşkilatlarının ölkəmizdə gördüyü işləri yüksək qiymətləndirən Əli Həsənov bu tədbirlərin ölkələrin arasında qardaşlıq münasibətlərinin təzahürü olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, diasporlarımız da ölkələrimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlər keçirir. Türkiyə Azərbaycanın haqq işində - bu ədalətsiz münaqişənin ağır nəticələrinin aradan qaldırılmasında hər zaman ölkəmizin yanında olmuşdur.

Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini Prezident İlham Əliyevin bu istiqamətdə uğurlu məqsədyönlü siyasəti nəticəsində  dünya ölkələri ilə mehriban, dostluq münasibətlərinin yarandığını, ölkəmizin beynəlxalq nüfuzunun artdığını qeyd etmişdir.

Əli Həsənov jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.

Sonra qonaqlara yeni çapdan çıxmış "Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyondan artıq qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)" kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.2.