Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatası Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunmasına dair qətnamə qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursunun əməli nəticəsi olaraq, Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının (yuxarı palata) məhz 21 il öncə qanlı Xocalı soyqırımının baş verdiyi gün - 2013-cü il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunmuşdur.

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, bu qətnamə Bosniya və Herseqovina parlamentinin tarixində bu qəbildən qəbul olunan ilk sənəddir.

Bosniya və Herseqovinada mövcud mürəkkəb siyasi mühitə, qarşıya çıxan bütün çətinliklərə, təzyiq və maneələrə baxmayaraq, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının tərkib hissəsi olaraq, Azərbaycan dövləti tərəfindən qarşıya qoyulmuş milli və dövlət maraqlarımıza xidmət edən vacib, strateji məsələnin - Xocalı soyqırımının tanınması yalnız xidmətləri olan vətənpərvər şəxslərin, peşəkar diplomatların deyil, hər bir azərbaycanlının uğuru, xüsusilə, ölkəmizin həyata keçirdiyi xarici siyasətin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konkret əməli fəaliyyətinin, uzaqgörən və humanist siyasətinin məntiqi nəticəsidir.

 

 Qətnamədə deyilir:

 

"BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq hüququn norma və prinsiplərini əldə rəhbər tutaraq, Xalqlar Palatasının deputatları:

- Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını təsdiqləyirlər və dəstəklərini ifadə edirlər.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün tövsiyə, qətnamə və bəyannamələrin, xüsusilə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) yerinə yetirilməsinə, eləcə də bütün erməni silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırırlar.

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, xüsusilə, Xocalı şəhərində dinc əhalinin millietnik zəmində kütləvi qırğınını bəşəriyyət əleyhinə cinayət və xalqların dinc birgə yaşamasına təhlükə olaraq pisləyirlər və münaqişənin qurbanları, onların ailələrinin kədərinə tam şərik çıxırlar.

- Azərbaycan Respublikasının regional və beynəlxalq təhlükəsizliyinə yönəlmiş təhdidlərin aradan qaldırılmasına zəmin yaradılması məqsədilə bütövlükdə öz ərazisi üzərində suverenliyinin bərpa olunması istiqamətində səylərini alqışlayırlar.

- Regionda möhkəm sülhünsabitliyin bərqərar olması məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinin sürətləndirilməsinin vacibliyini xatırladırlar.

- Hökumət və qeyri-hökumət qurumlarının iştirakı ilə yuxarıda göstərilən münaqişənin sülh yolu ilə həllinə nail olunmasına töhfə verən beynəlxalq təşkilatların səylərini dəstəkləyirlər və qanunun aliliyi, demokratiya, insan haqları və təməl azadlıqların universal sisteminə tam dəstəklərini ifadə edirlər".

Qeyd edək ki, son dövrdə tarixi köklərə söykənən Azərbaycan ilə BosniyaHerseqovina arasındakı əlaqələr bütün istiqamətlər, o cümlədən siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə ciddi inkişaf etməkdədir.

İki ölkə arasında mədəni əlaqələr xüsusilə zəngin tarixə malikdir. Sarayevodakı Qazi Xosrov bəy kitabxanasında dahi Azərbaycan şairlərinin, o cümlədən Nizami Gəncəvi və Məhəmməd Füzulinin əsərlərinin əlyazmalarının aşkarlanması buna əyani sübutdur.

İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq, 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan dövlətinin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilmiş, 2011-ci il noyabrın 8-də həmin küçənin rəsmi açılış mərasimi keçirilmişdir.

2012-ci il fevralın 24-də Sarayevo şəhərində, Dobrinya çayı sahilində Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə yeni Azərbaycan-Bosniya və Herseqovina dostluq parkı salınmış, Bosniya və Herseqovinanın dövlət və hökumət qurumlarının rəsmi siyasi razılığını əldə etməklə burada Xocalı və Srebrenitsa soyqırımılarını özündə əks etdirən memorial kompleks yaradılmış, abidə üzərində "Xocalı soyqırımının qurbanlarının xatirəsinə (Azərbaycan, 25-26 fevral 1992-ci il)" sözləri həkk edilmişdir. Sarayevonun ən müasir istirahət guşəsi adını qazanmış park və abidə hazırda paytaxt sakinləri və şəhərin qonaqlarının ziyarət məkanına çevrilmişdir.

Azərbaycan ilə BosniyaHerseqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlərdən biri də hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı və Srebrenitsa faciələrini yaşamalarıdır. Bu baxımdan Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımına dair memorial kompleksin məhz Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində ucaldılması ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, BosniyaHerseqovina soyqırımı aktının baş verdiyi tarixdən keçən 21 il ərzində dünyada Xocalı soyqırımı qurbanlarının xatirəsini özündə əks etdirən bütöv memorial kompleksin yaradıldığı ilk ölkədir. 

Avropanın mərkəzində yerləşən, 1992-1995-ci illərdə qanlı müharibəyə səhnə olmuş, BMT və Haaqa tribunalı tərəfindən soyqırımı kimi rəsmən tanınan Srebrenitsa faciəsinin yaşandığı bir dövlət olaraq, üçmillətli (boşnak, serbxorvat) Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasında Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsi, heç şübhəsiz ki, öz növbəsində dünyadaAvropada ümumi ictimai rəyin formalaşmasında və digər ölkələrin parlamentləri tərəfindən bu qəbildən olan addımların atılması istiqamətində mühüm rol oynayacaqdır.

Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, Xocalı soyqırımının təbliği və tanınması istiqamətində işlərin aparılması bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.2.