TBMM-in sədri ilə görüş

 

Xocalı soyqırımının ildönümü ilə bağlı Ankarada səfərdə olan Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək ilə görüşmüşdür.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları Qənirə Paşayeva, Musa Qasımlı, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə, Türkiyənin millət vəkilləri Sinan Oğan, Əli Özgündüz, Necdət Ünüvar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarın iştirak etdikləri görüşdə Türkiyə parlamentinin sədri Xocalı soyqırımından bəhs etmişdir.

C.Çiçək demişdir ki, Xocalı qətliamı bir iftira, yaxud rəvayət deyildir. Bu, sənədlərlə, şahidlərlə sübut olunmuş XX əsrin ən böyük vəhşətidir. Biz, bu gün də azərbaycanlı qardaşlarımızın acısını ürəklərimizdə hiss edirik. Türkiyə parlamenti bu məsələdə son dərəcə həssasdır. Bugünkü toplantılarda siyasi partiyaların qrupları Xocalı qətliamı ilə bağlı millətimizin düşüncələrini ifadə etmişlər. Türkiyə parlamentinin sədri əlavə etmişdir ki, türk milləti Xocalıda bir qətliam və vəhşət yaşamışdır. Bu hadisəni gördükdən sonra düşünürsən ki, demək insan da ən vəhşi məxluq ola bilər.

Bu cinayətin günahkarlarının Ermənistan prezidenti və digərləri olduğunu vurğulayan C.Çiçək təəssüflə qeyd etmişdir ki. hələ də bu cür məsələlərdə dünyada ikili standartlar mövcuddur. Günahkarların cəzasız qalması digər suçlulara cəsarət verir.   

TBMM-in sədri demişdir ki, Ermənistanın işğalçı siyasətinin davam etməsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş 1 milyondan çox azərbaycanlı qardaşımız hələ də çətin şəraitdə yaşayır. Türkiyə rəhbərliyi müxtəlif platformalarda Azərbaycan Dağlıq Qarabağ problemini qaldırır. Çünki bu məsələ həm də bizim məsələmizdir. 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan hökuməti adından Türkiyə Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və Cəmil Çiçəyə, eyni zamanda, bütün qardaş Türkiyə xalqına Xocalı soyqırımı acısını paylaşdıqları üçün təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.2.