Azərbaycan BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində təmsil olunmuşdur

 

BMT İnsan Hüquqları Şurasının 22-ci sessiyasının Yüksək Səviyyəli Seqmentində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xələf Xələfov Azərbaycan ilə BMT İnsan Hüquqları Şurası arasında mövcud əməkdaşlıq əlaqələri haqqında danışmış və şuranın universal dövri icmal mexanizmi çərçivəsində Azərbaycan Respublikası hökumətinin ikinci dövri milli hesabatına aprelin 30-da baxılacağını bildirmişdir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal faktı və onun ağır nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən X.Xələfov qeyd etmişdir ki, bu günlərdə xalqımız Xocalı soyqırımının 21-ci ildönümünü qeyd edir.

Nazir müavini Xocalı soyqırımının mahiyyətindən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğının bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasından bəhs etmiş və beynəlxalq tanınmanın ədalətə xidmət edəcəyini vurğulamışdır. X.Xələfov İnsan Hüquqları Şurasını Xocalı soyqırımı ilə bağlı faktların baxılması və qiymətləndirilməsi məqsədilə xüsusi komissiya yaratmağa  çağırmışdır.

Səfər çərçivəsində Xələf Xələfov Vyetnamın xarici işlər naziri Fam Bin Min və Özbəkistan Respublikası Milli İnsan Hüquqları Mərkəzinin sədri Akmal Saidov ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın gələcək perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.2.