Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

 

Monteneqro

 

Monteneqronun paytaxtı Podqoritsa şəhərində fəaliyyət göstərən və ölkənin müxtəlif bölgələrindən tələbələrin təhsil aldığı Mehmet Fateh ali təhsil müəssisəsində Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilmişdir.

Diplomatik nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin yerlə-yeksan edildiyi, dinc əhalinin - uşaqların, qadınların, qocaların kütləvi qətliama məruz qaldığı, xüsusi amansızlıqla və vəhşiliklə qətlə yetirildiyi haqqında ətraflı məlumat verilmişdir. Dünyanın gözü qarşısında baş vermiş bu soyqırımına - Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş cinayətə beynəlxalq təşkilatların və digər xalqların biganə qalmamasına çağırış edilmiş və erməni millətçilərinin vəhşilikləri və Ermənistanın təcavüzkar siyasəti birmənalı şəkildə pislənilmişdir.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən petisiya haqqında geniş məlumat verilmişdir.

Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilmişdir.

"İRS" jurnalının Xocalı soyqırımına həsr olunmuş xüsusi buraxılışının nüsxələri və Monteneqro dilinə tərcümə edilmiş "Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti" tədbir iştirakçılarına paylanmışdır.

Tədbir Monteneqronun "Atlas" televiziyasının xəbərlər proqramında və "Pobjeda" qəzetində işıqlandırılmışdır.

 

 Rumıniya

 

Fevralın 26-da Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyində anma mərasimi keçirilmişdir.

Mərasimdə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları Xocalıda qətlə yetirilmiş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, çıxış edənlər Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışmışlar. Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğu vurğulanmış, soyqırımı qurbanlarının xatirəsinin bir sıra dünya ölkələrində anıldığı bildirilmişdir.

Daha sonra tədbir iştirakçılarına İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında məlumat verilmişdir. Vurğulanmışdır ki, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvləri  bundan sonra da aktiv fəaliyyət göstərəcəklər.

Xocalı soyqırımının, eləcə də işğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş erməni vəhşiliklərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin davamı kimi bu il Rumıniya parlamentində Xocalının insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin vacib hadisə olduğu diqqətə çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, Rumıniya Avropa İttifaqı və NATO-nun üzvü olan ölkələri arasında Xocalı qırğınına qarşı parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olmuşdur. Belə ki, qanunvericilik orqanında etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanmış, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliliyinə birmənalı dəstək bildirilmişdir. Avropada erməni diasporunun köklü və mütəşəkkil şəkildə fəaliyyət göstərdiyi ikinci ölkə olan Rumıniyada parlamentin bu mövqeyi qanunvericilik orqanında, eləcə də hökumətdə təmsil olunan erməni bürokratlara ən böyük zərbə olmuşdur.

Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumat Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.

 

 Böyük Britaniya

 

Böyük Britaniyanın Şeffild şəhərində fəaliyyət göstərən Şeffild Azərbaycan Cəmiyyəti (SAS) Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmişdir.

Təşkilatdan AzərTAc-a bildirmişlər ki, qurumun rəhbəri Cavid Məmmədzadənin təşəbbüsü ilə üç gün ərzində aksiyalar şəklində təşkil edilmiş tədbirlərdə müxtəlif ölkələrdən olan tələbələr iştirak etmişlər.

Tədbirlər çərçivəsində ümumilikdə 500-dən çox insana Xocalı haqqında maarifləndirici səciyyə daşıyan müvafiq materiallar, vəsaitlər təqdim edilmiş, əcnəbi iştirakçıların hər birinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş şifahi məlumatlar verilmişdir. Mövcud təşəbbüs çərçivəsində eyni zamanda, SAS-in  Xocalı faciəsi ilə bağlı video-çarxı nümayiş etdirilmişdir. Həmin çarxda müxtəlif ölkələrdən olan tələbələr "Justice for Khojaly" (Xocalıya ədalət) şüarına dəstək olduqlarını göstərmişlər.

SAS Xocalı faciəsi ilə bağlı hazırladığı məqaləni Şeffild Universitetinin iki min nəfərdən çox oxucusu olan qəzetinə təqdim etmişdir.

Şeffild Azərbaycan Cəmiyyətinin uğurla həyata keçirdiyi missiya nəticəsində yüzlərlə xarici tələbə Xocalı faciəsi zamanı törədilən vəhşiliklərdən xəbərdar olmuşlar.

Qurum rəhbərliyi bu işdə göstərdiyi dəstəyə görə Böyük Britaniyadakı "Odlar yurdu" cəmiyyətinə və Avropa-Azərbaycan Cəmiyyətinə təşəkkürünü bildirmişdir.

 

 Serbiya

 

Azərbaycanın Serbiyadakı səfirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan tələbələrimiz, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Səfirliyin müşaviri Qabil Köçərli erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı ərazi iddiaları irəli sürərək həyata keçirdikləri cinayətlərindən danışmış, ermənilərin 1918-ci ildə Bakıda, Salyanda, Lənkəranda, Xaçmazda, Qubada, Şamaxıda və digər bölgələrdə törətdikləri qırğınlar, 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımızın zorla ata-baba yurdlarından didərgin salınması, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonumuzun işğalı, Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, bu cinayətlər, eləcə də xalqımıza qarşı etnik təmizləmə siyasəti artıq Ermənistanın dövlət siyasətinə çevrilmişdir. Xocalı faciəsi Azərbaycan tarixində ən qanlı hadisələrdən biridir. Erməni silahlı dəstələri tərəfindən dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilmiş və əsir götürülən insanlar isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmışlar.

Tədbirdə həmçinin 2013-cü il fevralın 25-də Serbiya Parlamentinin Konstitusiya və Hüquq Məsələləri üzrə Komitəsinin sədri, Azərbaycan ilə Parlament dostluq qrupunun rəhbəri Vladimir Tsvianın təklif etdiyi və bu ölkənin parlamentinin gündəliyinə daxil edilmiş "Beynəlxalq hüquqa riayət olunması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə" layihəsi barədə məlumat verilmiş, onun mətninin Serbiya parlamentinin saytında yerləşdirildiyi bildirilmişdir. Qeyd edilmişdir ki, bu təşəbbüs Azərbaycan və Serbiya arasında təşəkkül tapmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir.

Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Xocalı soyqırımı" sənədli filmi nümayiş etdirilmişdir.

Tədbir iştirakçıları Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Xocalı əhalisinin dünya xalqlarına, BMT, AŞ və ATƏT-ə müraciətinin mətni ilə tanış olmuşlar.

 

 İran

 

Azərbaycanın İrandakı səfirliyində "Xocalıya ədalət" kampaniyası çərçivəsində anma mərasimi keçirilmişdir. Bununla əlaqədar səfirliyin qarşısında fəxri qarovul dəstəsi düzülmüş, faciə qurbanlarının xatirəsinə ehtiram olaraq müəssisə və təşkilatlardan əklillər gətirilmişdir.

İran ictimaiyyətinin nümayəndələrinin, ölkə rəsmilərinin, Tehran Universitetində təhsil alan yerli və Türkiyə, İran, Yaponiya, Pakistan, Suriya, İndoneziya, Seneqal və s. yerlərdən olan tələbələrin, paytaxtdakı beynəlxalq təşkilatların təmsilçilərinin iştirak etdikləri mərasim faciə qurbanlarının ruhuna "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlanmışdır.

Xocalı soyqırımı ilə bağlı sənədli filim nümayiş etdiriləndən sonra çıxışlar olmuşdur.

Səfirliyin ikinci katibi Tariyel İsmayılov, Tehran Universitetində təhsil alan pakistanlı tələbə Nasir İjaz, İran Avrasiya İnstitutunun Yazıçılar Birliyinin şura üzvü İlyas Vahidi, paytaxt sakinləri  Əkbər Salehi və Həsən Rəşidi çıxışlarında Xocalı soyqırımının təkcə Azərbaycana deyil, bütün bəşəri dəyərlə və humanizm prinsiplərinə qarşı törədilmiş vandalizm aktı kimi qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, bu cinayətə bütün dövlətlər və beynəlxalq təşkilatlar siyasi-hüquqi qiymət verməli, qanlı qətliamı törədənlər məsuliyyətə cəlb olunmalıdırlar.

İştirakçılara və çıxış edənlərə minnətdarlığını bildirən səfir Cavanşir Axundov qeyd etmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı soyqırımının törədilməsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri iki yüz illik təcavüzkar əməllərin davamıdır. Bu soyqırımı  Ermənistan dövlətinin əsl simasını, onun terrorçu və təcavüzkar siyasətinin mahiyyətini ortaya qoymuşdur. Səfir əminliklə bildirmişdir ki, "Xocalıya ədalət" kampaniyası bu hərbi cinayətin beynəlxalq məhkəmələrdə öz həllini tapması ilə nəticələnəcəkdir.

İştirakçılara Xocalı soyqırımı, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanda törətdiyi ağır nəticələr, ölkəmizin tarixi və müasir inkişaf istiqamətləri barədə kitab, jurnal, DVD, CD və digər əyani vəsaitlər paylanmışdır.

 

 Liviya

 

Azərbaycanın Liviyadakı səfirliyinin göstərdiyi səylərin və apardığı danışıqların nəticəsi olaraq fevralın 25-də Liviya İnsan Hüquqları Fondu Xocalı qətliamı ilə bağlı bəyanat yaymışdır.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, bəyanatda deyilir: "Liviya İnsan Hüquqları Fondu bəyanat verərək bəşəriyyət tarixində ən dəhşətli hadisələrdən biri olan, 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlının qətlə yetirilməsi, 1275 nəfərin girov götürülməsi, 150 nəfərin taleyinin bu günə qədər bilinməməsi ilə nəticələnən 1992-ci ilin fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni qüvvələri tərəfindən insanlığa qarşı törədilmiş amansız, təcavüzkar, qeyri-əxlaqi cinayət əməlini qınayır və kəskin şəkildə pisləyir".

Bəyanatda həmçinin onun surətlərinin Liviya Ümummilli Konqresinə və Birləşmiş Millətlər Təşkilatına göndəriləcəyi qeyd olunmuşdur.

Qeyri-hökumət təşkilatı olan Liviya İnsan Hüquqları Fondu 2011-ci il  noyabrın 11-də Tripoli şəhərində təsis edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 27 fevral.- S.3.