Xocalı faciəsi qurbanlarının xatirəsi ədliyyə orqanlarında anılmışdır

 

Xalqımızın qan yaddaşında əbədi həkk olunmuş Xocalı soyqırımından artıq 21 il ötür.  Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında bu faciə ilə bağlı anma mərasimləri keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə erməni qəsbkarları tərəfindən törədilmiş, bəşəriyyətə qarşı dəhşətli cinayət sayılan qanlı Xocalı hadisələrindən, yüzlərlə günahsız insanın vəhşicəsinə qətlə yetirilməsindən danışılmış, kütləvi qırğın nəticəsində erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərinin yerlə-yeksan edildiyi, çoxsaylı dinc sakinin ağır yaralandığı və ya işgəncələrə məruz qalaraq əsir götürüldüyü bildirilmişdir.

Vurğulanmışdır ki, Xocalı faciəsinə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verilmişdir. Prezident İlham Əliyev tərəfindən bu kütləvi qırğının acı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, dünya birliyi tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Artıq bir sıra xarici ölkələr, o cümlədən Pakistan, Meksika, Kolumbiya, Çexiya və Rumıniya, eləcə də ABŞ-ın altı ştatı Xocalı soyqırımını tanımışlar.

Ötən il Bakıda dövlət başçısının öndə olduğu, 85 mindən çox insanın iştirakı ilə ümumxalq yürüşünün keçirilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə, eləcə də son illər böyük vüsət alan "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində dünyanın əksər dövlətlərində çoxsaylı və mütəşəkkil aksiyaların təşkil olunması, xüsusi əyani vəsaitlərin hazırlanaraq mütəmadi yayılması bu məqsədlərə xidmət edir.

Ədliyyə işçiləri saat 17:00-da soyqırımı qurbanlarının əziz xatirəsini ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad etmişlər.

Nazirlikdə həmçinin Xocalı faciəsi barədə sənədlərdən, arxiv və foto materiallardan ibarət xüsusi stend hazırlanmış, kinozalda erməni vandallarının Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən sənədli filmlər, o cümlədən "Xoca" bədii filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 27 fevral.- S.3.