Macarıstanın Yobbik
Partiyası Xocalı soyqırımının 21-ci ildönümü ilə
bağlı bəyanat yaymışdır
Macarıstan
parlamentində 46, Avropa Parlamentində 3 deputat mandatına sahib
olan Yobbik - "Ən yaxşı Macarıstan uğrunda"
siyasi partiya erməni hərbi birləşmələri tərəfindən
1992-ci il fevralın 26-da dinc azərbaycanlı əhaliyə
qarşı Dağlıq Qarabağın Xocalı şəhərində
törədilən soyqırımının 21-ci
ildönümü ilə bağlı bəyanat
yaymışdır.
Sənəddə
Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edən
partiya Ermənistanın regionda yürütdüyü
işğalçılıq siyasətini qətiyyətlə
pisləyir, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq
qurumların münaqişənin ədalətli şəkildə
tənzimlənməsi, Azərbaycanın suverenliyinin və ərazi
bütünlüyünün bərpa olunması,
qaçqın və məcburi köçkünlərin
doğma yurdlarına qayıtması barəsindəki qətnamələrinin
təxirə salınmadan həyata keçirilməsini tələb
edir.
"Ən
yaxşı Macarıstan uğrunda" partiyası 2011-ci ilin
aprelində ölkə parlamentində ermənilərin
Dağlıq Qarabağın işğalını pisləyən
və Xocalı soyqırımının tanınmasını
tələb edən qətnamə layihəsi ilə
çıxış etmişdi.
Bəyanatın
mətni partiyanın rəsmi http. www.jobbik.hu və
http.www.alfahir.hu saytlarında yerləşdirilmiş, habelə
parlamentin deputatları və mətbuat nümayəndələri
arasında yayılmışdır.
AzərTAc
həmin bəyanatın mətnini təqdim edir:
Bəyanat
Yobbik Partiyası qardaş Azərbaycan
xalqı ilə həmrəydir!
"Ən yaxşı Macarıstan
uğrunda" partiyası erməni
işğalçılarının Xocalı şəhərində
dinc azərbaycanlı əhaliyə qarşı həyata
keçirdikləri soyqırımının 21-ci
ildönümü günündə kədərini və Azərbaycan
xalqı ilə həmrəyliyini ifadə edir.
1992-ci
il fevralın 26-da erməni və keçmiş sovet hərbi
birləşmələri Dağlıq Qarabağa nəzarət
uğrunda başlanmış işğalçı hərbi əməliyyatlar
zamanı Azərbaycanın Xocalı şəhərini ələ
keçirərək yerlə-yeksan etmişlər. Şəhərin
xilas olmaq istəyən sakinlərinə amansız divan
tutulmuşdur. Nəticədə aralarında 106 qadın və
63 uşaq olan 613 dinc sakin öldürülmüşdür.
150 nəfərdən çox insanın taleyi indi də
qaranlıq qalır.
1992-ci
ildə başlanan erməni təcavüzü indiyə qədər
20 min azərbaycanlının həyatına son qoymuşdur.
Erməni hərbi birləşmələri əsrlər boyu
indiki Ermənistan ərazisində yaşayan 250 min nəfərdən
çox azərbaycanlını öz doğma yurdlarından
qovub çıxarmış, Dağlıq Qarabağda həyata
keçirilən amansız etnik təmizləmə zamanı
isə bu bölgənin özündən və ətraf
rayonlardan daha 660 min nəfər azərbaycanlı əhali didərgin
salınmışdır. Ermənistan bu gün də Azərbaycan
ərazisinin təxminən beşdə birini işğal
altında saxlayır. Dağlıq Qarabağ işğal
olunmuş ərazilərin kiçik hissəsidir. Ətrafdakı
işğala uğramış digər rayonlarda hər zaman Azərbaycan
əhalisi üstünlük təşkil etmişdir.
Münaqişəni
dinc yolla aradan qaldırmaq məqsədi ilə BMT, ATƏT,
Avropa Parlamenti və digər beynəlxalq qurumlar indiyə qədər
müxtəlif müraciət və qətnamələr qəbul
etmişdir. Lakin Ermənistanın müqaviməti nəticəsində
bu sənədlərdə irəli sürülən haqlı
tələblərin həyata keçirilməsi mümkün
olmamışdır. Azərbaycanın ərazi
bütünlüyünün təmin edilməsi, erməni
işğalının nəticələrinin aradan
qaldırılması, qaçqınların yurdlarına
qayıtması bu gün də beynəlxalq birlik
qarşısında dayanan ciddi vəzifələrdən biri
olaraq qalmaqdadır.
"Ən
yaxşı Macarıstan uğrunda" partiyası Turan
xalqlarının həmrəyliyi ruhunda çıxış
edərək qardaş Azərbaycanın möhkəm
sülhün təminatı kimi münaqişənin həlli,
ölkənin suverenliyinin və ərazi
bütövlüyünün təmin olunması yolundakı
bütün səylərini dəstəkləyir.
25 fevral 2013-cü il
Budapeşt
Pərvanə QARAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Budapeşt
Azərbaycan.-2013.- 27 fevral.- S.3.