Strasburqda Xocalı faciəsinin 21-ci ildönümü ilə
bağlı mitinq keçirilmişdir
Strasburqda
fəaliyyət göstərən "Azərbaycan evi"nin
təşkilatçılığı, Azərbaycan Mədəni
Əlaqələr və Azərbaycan Kültür cəmiyyətlərinin,
Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının
dəstəyi ilə şəhərin Kleber meydanında
Xocalı faciəsinin 21-ci ildönümü ilə
bağlı mitinq keçirilmişdir. Türk Ailələri
Birliyi hər il olduğu kimi, yenə mitinqdə həmrəylik
nümayiş etdirmişlər.
Xocalı
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
anılmışdır.
Əllərində
Azərbaycan və Türkiyə bayraqlarını,
"Xocalıya ədalət", "Xocalı
uşaqlarına ədalət", "Sarkisyan canidir",
"Koçaryan Qarabağ canisidir", "Balayan
qatildir", "Ermənilər terrorçudurlar,
Qarabağı azad edin!" sözlərinin
yazıldığı transparantların nümayiş
etdirildiyi mitinqi açan "Azərbaycan evi"nin sədri
Mustafa Alınca fevralın 25-dən 26-na keçən gecə
sovet ordusunun 336-cı motoatıcı alayının köməyi
ilə Azərbaycanın kiçik şəhəri
Xocalıya soxulan erməni hərbi birləşmələrinin
günahsız və dinc əhaliyə qarşı törətdiyi
vəhşilikləri, hətta
qadınlara, uşaqlara və yaşlı insanlara belə aman
verməyərək qətlə yetirdiklərini
xatırlatmışdır.
Xocalı
faciəsi barədə Qərb
mətbuatında, o cümlədən Fransanın "Le
Monde", "Humanite" və digər mətbu
orqanlarında məlumat verildiyini diqqətə çəkən
M.Alınca bəşəriyyətə
və insanlığa qarşı törədilmiş bu cinayətə
dünya ictimaiyyətinin seyrçi münasibət bəsləməsindən
xalqımızın təəssüf
hissi keçirdiyini bildirmişdir. Əlləri minlərlə
günahsız insanın qanına bulaşan Serj Sarkisyan, Robert
Koçaryan, Zori Balayan və digər canilərin öz
tutduqları əməllərə görə beynəlxalq
cinayət məhkəməsi qarşısında cavab vermək
əvəzinə, bu gün azadlıqda gəzmələri
bağışlanılmaz haldır. Xaricdə yaşayan azərbaycanlılar
və onlara həmişə dəstək olan qardaş
türklər XX əsrin görünməmiş faciəsi
zamanı həlak olan xocalılıları heç vaxt
unutmayacaqlar.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 27 fevral.- S.4.