«EU Reporter» analitik resursu: Avropa İttifaqı Xocalı faciəsini pisləməlidir

 

Avropanın nüfuzlu "EU Reporter" analitik resursunda Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilmişdir.

Məqalədə deyilir ki, bu ay Çex Respublikası parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş 613 dinc azərbaycanlının qətli ilə nəticələnmiş Xocalı faciəsini pisləyən qətnamə qəbul etmişdir. Çex Respublikası Avropa İttifaqının belə qətnaməni qəbul edən ilk üzv dövlətidir.

Məqalədə diqqətə çatdırılır ki, bir çox beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul edilmiş sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktının öz əksini tapmasına baxmayaraq, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi ilə bağlı hələ mövqe nümayiş etdirməmişdir.

Məqalənin müəllifi Azərbaycanın Belçikadakı səfiri Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərova istinadla yazır: "Ümid edirik ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe nümayiş etdirəcəkdir qlobal oyunçu qismində problemin sülh yolu ilə həllinə kömək göstərəcəkdir". Səfir Xocalı soyqırımı ilə bağlı demişdir: "Ədalət nümayiş etdirmədən biz xalqlarımızın gələcəyi naminə bir addım belə ata bilmərik. Biz Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram gözləyirik. Bütün dünya dövlətlərindən bizim kədərimizi bölüşməsini arzu edirik".

F.İsgəndərov bildirmişdir ki, əgər biz insan hüquqlarının kobud şəkildə pozulmasından danışırıqsa, insanların yaşamaq hüququndan məhrum edilməsini ən qatı cinayət hesab etməli bunu birmənalı şəkildə pisləməliyik. Belə məsələlərdə ikili standartlara yol vermək olmaz. Diplomat həmçinin diqqətə çatdırmışdır ki, Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə bütün dünya dövlətlərində olduğu kimi, Brüsseldə tədbirlər keçiriləcəkdir. Məqalədə qeyd edilir ki, 1992-ci ildə Xocalıda baş vermiş dəhşətli hadisələr artıq dünyanın diqqətini daha çox cəlb edir. Bir çox ölkələr, o cümlədən ABŞ-ın Nyu-Meksika, Arkanzas, Texas, Nyu-Cersi, Corciya, Meyn ştatları Xocalı faciəsini pisləyən qətnamə qəbul etmişlər. Pakistan Senatı tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalını pisləyən qətnamə qəbul edilmişdir.

Yazıda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verilir. Bildirilir ki, dünya dövlətlərində bu kampaniyanı dəstəkləyənlərin sayı getdikcə artır. Müəllif xatırladır ki, İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Qahirədə keçirilmiş 12-ci zirvə görüşündə qəbul olunmuş yekun sənəddə Azərbaycanın Xocalı şəhərində Ermənistana məxsus silahlı dəstələrin törətdikləri qətliamın soyqırımı kimi tanınması haqqında beynəlxalq birliyə çağırış öz əksini tapmışdır.

Sonda müəllif səfir Fuad İsgəndərova istinadla yazır: "Bu yaxınlarda Avropa İttifaqı Nobel mükafatına layiq görülmüşdür. Avropa bu mükafatı almaq üçün çox uzun yol qət etmişdir. Biz eyni Avropa ailəsinə mənsubuq, ATƏT-in, Avropa Şurasının üzvüyük. Ümid edirik ki, Avropa bizim problemlərimizin həllində rol oynayacaqdır".

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.-2013.- 27 fevral.- S.5.